07:37 16 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0357
CƏMİYYƏT
Qısa URL
415 0 0

Ağstafa sakini Elnarə Əlizadə həm uşaqlarına analıq edir, həm də hamının "kişi işi" saydığı mühafizəçi vəzifəsində nöqsansız çalışır.

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 8 mart — Sputnik. Peşələr müxtəlif olduğu kimi insanların bu peşələrə münasibətləri də fərqlidir. Cəmiyyətdə "Kişi peşəsi, qadın peşəsi" deyə fikirlərə tez -tez rast gəlirik. Müsahibimiz isə bu fikrə deyil, qabiliyyətinə inananlardandır.

Xəstəxanada mühafizəçi kimi çalışan zərif cinsin nümayəndəsi Elnarə Əlizadə Ağstafa rayonunda yaşayır. O, bir müddət rayon xəstəxanasında xadimə kimi çalışıb. Xəstəxanada mühafizəçi ştatı yarandıqdan sonra isə bu sahədə özünü sınamağa qərar verib. İşə başlayarkən ona bu sahənin kişilər üçün olduğunu, bacarmayacağını deyiblər. Lakin o işini sevməsi, işlədiyi az müddət ərzində məsuliyyəti və vəzifəsinin öhdəsindən layiqincə gəlməsi ilə seçilib. Baxmayaraq ki cəmi iki aydı bu sahədə işləyir, kollektiv də artıq ona öyrəşib. İlk vaxtlarda çətinlik çəksə də, sonradan işlərinin qaydasına düşdüyünü deyir.

© Sputnik / Ilham Mustafa
Ağstafada xəstəxanada mühafizəçi işləyən Elnarə Əlizadə

"İşim mühafizədir. Gələnlərin hansı həkimə gəldiyini soruşub yönəldirəm. Maskadan düzgün istifadəyə nəzarət edirəm. Gələnlərin hərarətini yoxlayıram. Hər cür insanlarla rastlaşıram. Lazım gələndə sərt olmalıyam. Xəstəxanadır. Çox adam aqressiv gəlir. Hamıyla dil tapıb danışmaq lazımdı. Biz bu sahəni seçmişiksə, dözməliyik", - deyə öz işinin incəliklərindən bəhs edir.

E.Əlizadə xəstəxanaya gələnlər arasında onu mühafizə uniformasında görüb təccüblənənlərin çox olduğunu, lakin tədricən qəribə baxışların azaldığını deyir. Dəfələrlə emosianal insanlarla qarşılaşdığını, onları sakitləşdirib işləri qaydasına sala bildiyini söyləyir:

  • Ağstafada xəstəxanada mühafizəçi işləyən Elnarə Əlizadə
    © Sputnik / Ilham Mustafa
  • Ağstafada xəstəxanada mühafizəçi işləyən Elnarə Əlizadə
    © Sputnik / Ilham Mustafa
  • Ağstafada xəstəxanada mühafizəçi işləyən Elnarə Əlizadə
    © Sputnik / Ilham Mustafa
  • Ağstafada xəstəxanada mühafizəçi işləyən Elnarə Əlizadə
    © Sputnik / Ilham Mustafa
1 / 4
© Sputnik / Ilham Mustafa
Ağstafada xəstəxanada mühafizəçi işləyən Elnarə Əlizadə

"Dəfələrlə olub ki, dava olanda sakitləşdirmişəm. Qorxum, çəkinməyim yoxdur deyə dava-dalaşdan da çəkinmirəm. Hətta digər korpusda dava olanda da sakitləşdirmək üçün mən getmişəm. Qapıda dayananda xəstəxanaya aqressiv gələn adamlar olur. Tələbləri aqressiv qarşılayırlar. Lakin dəfələrlə olub ki onlara cavab qaytarmadığımı, yenə öz işimi normal etdiyimi görüb sonradan gəlib üzr istəyiblər. Səhvlərini başa düşdüklərini deyiblər".

Həftənin altı gününü işləyən Elnarə səhərlər övladlarını da məktəbə hazırlayır, dərsləri ilə maraqlanır. Sonra özü uniformasını geyinib işə tələsir. Hamıdan qabaq öz işinin başına keçməsinə baxmayaraq, işdən də hamıdan axırda çıxır.

Gün ərzində gələn vətəndaşların həm hərarətini yoxlamaq, həm onları həkimlərə yönəltmək, həm də qayda-qanuna riayət etmək elə də asan iş deyil. Yeri gələndə, işinin xatirinə öz sərtliyini də ortaya qoyur. Təki işləri qüsursuz getsin. Bir sözlə, o, hamının "kişi peşəsidir" dediyi mühafizə sahəsində nöqsansız çalışır. Bu işdə həm də qadın olmağın məsuliyyətini dərk edərək ikiqat əmək sərf edir.

Əsas mövzular