20:21 19 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
CƏMİYYƏT
Qısa URL
8330

Bakı-Sumqayıt yolunun tıxacları, məsələnin dəfələrlə müzakirə olunmağına, yola edilən dəyişikliklərə rəğmən, azalmır ki, azalmır. Qəlizləşdirən başqa məqam isə - paytaxtın girişindəki binaların Ərəbzəngi kimi yolu kəsməsidir

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 5 mart — Sputnik. Bir müddət öncə Bakı-Sumqayıt şosesinin Xırdalan dairəsi və əks istiqamətində yolun genişləndirməsi işləri aparılsa da, bu yolda yaranmış tıxacı hələ də aradan qaldırmaq mümkün olmayıb. Baxmayaraq ki, aidiyyatı qurumlar yolda yenidənqurma işləri yekunlaşdıqdan sonra tıxacın aradan qalxacağını vəd etmişdilər. Bakının şimal girişi olan bu yolda xüsusilə pik saatlarda uzun tıxaclar yaranır. Son yaranmış tıxac Masazır dairəsinədək uzanmışdı.

Sputnik Azərbaycan görülən işlərə rəğmən bu yolda tıxacın yaranma səbəbini və hər gün yüzlərlə insanı saatlarla yolda qoyan problemdən çıxış yolunu araşdırıb.

Tıxaclarda itirilən zaman - Necə edək ki, ömrümüz yollarda keçməsin>>

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yolda yenidənqurma işləri aparılmazdan öncə təmsil etdiyi qurum təklif verib ki, ərazidə istiqamətlər üzrə hərəkətlər təmin olunsun: "Biz təklif vermişdik ki, ərazidə Xırdalana gedən avtomobillər Xırdalan istiqamətində hərəkət etsin, Sumqayıt şəhəri istiqamətinə gedən avtomobillər Sumqayıt istiqamətində hərəkət etsin. Yəni bu hərəkət istiqamətlərinə uyğun olaraq bölünsün.

Çox təəssüf ki, bu təklifimiz qəbul olunmadı. Nəticədə bu gün Xırdalana gedən avtomobillər sol zolaqla gələrək tunelə çatdıqda sağa doğru manevr edirlər. Düzünə və sol zolaqlarla Sumqayıt, Ceyranbatan, Masazır istiqamətlərinə gedən nəqliyyat vasitələri maneçilik törədirlər ki, bu da sıxlığa səbəb olur. Digər səbəb şəhər infrastrukturu ilə bağlıdır. Bu gün əraziyə alternativ giriş yolları yoxdur ki, hərəkət istiqamətləri də bölünsün".

A.Nəcəfli deyir ki, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, xüsusən günün pik saatlarında tıxacın yaranmasının qarşısını almaq məqsədilə, prezident İlham Əliyevin tapşırığına əsasən, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7,5 km-dən başlayaraq Xırdalan dairəsi və əks istiqamətdə yenidənqurma işləri aparılıb. Tunellərin inşası ilə bu ərazidə qismən də olsa sıxlığın qarşısı alınıb: "Amma dairəyə qalxan istiqamətdə poblem qalıb ki, bu da bayaq qeyd etdiyim kimi, avtomobillərin sol zolaqla gələrək tunelə çatdıqda sağa doğru manevr etmələri ilə bağlıdır".

Qurum sözçüsü bildirir ki, sıxlığın səbəblərindən biri də şəhərətrafı istiqamətdə nəqliyyat vasitələrinin sıx cəmləşməsi ilə bağlıdır: "Xırdalan və digər ətraf ərazilərdən paytaxta axın çoxdur. Bakı şəhərinə giriş və çıxış yolları isə çox azdır. Bakı yarımadada yerləşdiyi üçün giriş-çıxış əsas iki istiqamətdən - şimal və cənubdandır. Şimal istiqamətdə isə hərəkət edən çox olduğu üçün həddindən artıq yüklənmə olur".

A.Nəcəfli bildirir ki, Bakı-Sumqayıt yolunda tıxacın aradan qaldırılması üçün təkliflər olarsa, hazırlanmış planlar əsasında hər hansı işlər görülə bilər. Qurum sözçüsü buna Nazirlər Kabineti yanında Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası tərəfindən qərar verildiyini bildirib.

A.Nəcəfli bu yolda sıxlığın əsasən Bakıdan Sumqayıt istiqamətində yarandığını söyləsə də, əks istiqamətə də səhər saatlarında tıxac yaranır.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin baş mühəndisi Bulud Ağayev Sputnik Azərbaycan-a açıqamasında bildirib ki, Bakı-Sumqayıt istiqamətində sıxlığın yaranma səbəbi tam aradan qaldırılmayıb: "Sumqayıt istiqamətindən, Xırdalan, Masazır, Xocahəsən, Biləcəri istiqamətindən gələn avtomobillərin hamısı Bakıya şimal girişdən daxil olur. Bu avtomobillərin hamısı dolur 20 Yanvar istiqamətindəki girişə. Burada isə zolaqların sayı 6-dır. Bu qədər nəqliyyat axınına mövcud yol infrastrukturu adekvat deyil. İstər-istəməz tıxac yaranır. Bunun qarşısını almaq üçün 20 Yanvara girişdə alternativ yol olmalıdır. Bu isə mümkün deyil. Çünki bu ərazidə binalar inşa olunub".

B.Ağayev bildirir ki, tıxacı aradan qaldırmaq üçün alternativ köməkçi yollardan istifadə edilməlidir: "Əvvəla, dairəvi yol tikilib başa çatdırılmalıdır. Bundan əlavə, Sumqayıta qədər tramvay və trolleybus xətləri çəkilməlidir. Bu gün şəhərin içərisində də tıxaclar var. Aidiyyatı qurumlar təkliflər verməklə yanaşı, iş görməlidirlər. Şəhərdə tıxacın aradan qaldırılması üçün bir zolaqda tramvay xətləri bərpa olunmalıdır. Bu o qədər vəsait tələb edən məsələ deyil. Bu zaman avtomobillərin sayı azalar. İctimai nəqliyyatdan istifadə edənlərin sayı artar. Nəzərə alsaq ki, tamvay xətlərinə avtomobillər daxil ola bilmir, bu da sərnişinlərin rahat şəkildə mənzil başına çatmasına səbəb olacaq.

Düşünürəm ki, Sumqayıta, Xırdalana qədər yerüstü metro, tramvay xətlərinin çəkilməsi daha məqsədəuyğundur. Tramvay xətləri şəhərin hər tərəfində olmalıdır. Şəhərin içində isə velosiped yolları olmalıdır. Çox təəssüf ki, yolu tikib, sonra layihəsini qəbul edirlər. Bu işə mütəxəssisləri dəvət etmirlər. Layihə təşkilatlarının hamısı bu işlərdən kənarda qalıb. 20 Yanvara girişin genişləndirilməsi bu gün faktiki olaraq mümkün deyil. Çünki burada əsas giriş tuneldir. Ona görə də şəhərə alternativ yol düşünülür.

Qeyd edək ki, Xırdalan dairəsində hər iki istiqamət üzrə yolun eninə genişləndirilməsi, ərazidə yaşanan butulka effektinin aradan qaldırılması, bundan əlavə, mövcud avtomobil tunelinə gediş-gəlişli iki hərəkət zolağı əlavə olunmaqla yeni avtomobil tunelləri inşa olunub. Tunel hər bir istiqamət üzrə 2 hərəkət zolağından 4 hərəkət zolağına qədər genişləndirilib. Bundan başqa, daha 2 hərəkət zolağı dairəyə qalxan və düşən hissələrdə yaradılıb. Bununla belə bu yolda tez-tez tıxac müşahidə olunur.

Teqlər:
Masazır, Xırdalan, "20 Yanvar dairəsi", tıxac, Bakı-Sumqayıt yolu

Əsas mövzular