07:47 28 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
CƏMİYYƏT
Qısa URL
Müharibə adamları
6920

"Bilirsiniz, yaşamaq üçün, irəliyə doğru getmək üçün insan gərək həyatda itirdiyinə heyfsilənməsin, əlindəki zamanı, şansı dəyərləndirsin" - Kənan Pirizadə.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 22 fevral — Sputnik. Hədəf olmadan həyatda yaşamaq, ondan zövq almaq çox çətindir. Bəzən hər bir imkanı, şəraiti olan insanlar belə, hədəfsiz yaşayaraq həyatlarının mənasız olmasından şikayətlənirlər. Ən çıxılmaz vəziyyətdə belə hədəfin olmalıdır ki, yaşaya biləsən, nəyəsə nail ola biləsən.

Sputnik Azərbaycan-ın həmsöhbəti Kənan Pirizadə uşaqlıq yaşlarından həyatın amansız üzü ilə rastlaşsa da, heç zaman ümidini kəsməyib, hədəflərlə yaşayıb və onlara çatmağa nail olub. Hazırda Protez-Ortopedik Bərpa Mərkəzinin İstehsalatın Keyfiyyətinə Nəzarət və İdarəolunması üzrə mütəxəssisi olan K.Pirizadə uşaqlıqdan protez ayaqla gəzir.

Öncə fəaliyyətindən danışan K.Pirizadə deyir ki, buradakı əsas işi xəstəyə baxaraq onun hansı amputasiya dərəcəsində olduğunu qiymətləndirməkdir: "Bundan sonra həmin şəxsə hansı protezin təyin olunacağı öyrənilir. Prosesin bu hissəsi xüsusi diqqət tələb edən bir məsələdir". 

© Sputnik / Nigar Iskanderova
Protez-Ortopedik Bərpa Mərkəzinin İstehsalatın Keyfiyyətinə Nəzarət və İdarəolunması üzrə mütəxəssisi Kənan Pirizadə

İyirmi ildir ki, protez istifadəçisi olduğunu deyən Kənan Pirizadə bizə uşaqkən başına gələn bədbəxt hadisə haqda danışır: "On yaşımda valideynlərinmi deyim, yoxsa özümünmü deyim, ehtiyatsızlığımdan ağır qəza baş verdi, üzərimdən "KamAZ" keçdi. Yolu keçərkən valideynlərim məndən bir qədər uzaqda idilər". 

Həmsöhbətimiz deyir ki, 10-12 yaşlarında, yəni yeniyetməlik çağında belə hadisələrin baş verməsi psixoloji olaraq müəyyən sarsıntıya səbəb olur: "Başıma gəldiyi üçün bunu hər zaman etiraf edirəm ki, müəyyən çətinliklər olur. Xüsusən də psixoloji olaraq. Çünki o dövrdə beyində bir-birindən fərqli fikirlər olur. Vəziyyətdən çıxış yolu kimi əsas odur ki, belə şəxslərin həyatda ümidləri, hədəfləri olsun. Beləcə, idmanı özümə hədəf seçdim. On iki yaşımdan üzgüçülüyə getdim. 19 yaşımda İslandiyada Avropa çempionatına qatıldım. Düşünürəm ki, 19 yaşlı gənc üçün bu, böyük uğur idi. Bundan sonra Almaniya, İngiltərə, Danimarka və digər ölkələrdə beynəlxalq yarışlara qatıldım".

© Sputnik / Nigar Iskanderova
Protez-Ortopedik Bərpa Mərkəzində qazilər

"Bilirsiniz, yaşamaq üçün, irəliyə doğru getmək üçün insan gərək həyatda itirdiyinə heyfsilənməsin, əlindəki zamanı, şansı dəyərləndirsin", - deyə həmsöhbətimiz əlavə edir.

O, 2013-cü ildə təhsili ilə əlaqədar üzgüçülüyü dayandırıb: "Dövlət hesabına Moskvada hüquq təhsili almağa başladım. Artıq hüquqşünas kimi magistr təhsilimi davam etdirirəm".

İstifadə etdiyi protez ən mürəkkəbi hesab olunur: "Protezin quruluşunda istifadə olunan oynaqların sayı nə qədər çox olarsa, bir o qədər mürəkkəb olar. Mənim çanaqdan taxdığım protez hip-protezdir, yəni çanaqdan disartikulizasiya olunmuş protezdir. Ən mükəmməl protezlər elektron protezlərdir ki, bu gün onlar bütün II Qarabağ müharibəsi qazilərinə təqdim edilib. Bunlar Almaniyadan gətirilən "Ottobock" protezləridir".

© Sputnik / Nigar Iskanderova
Protez-Ortopedik Bərpa Mərkəzinin İstehsalatın Keyfiyyətinə Nəzarət və İdarəolunması üzrə mütəxəssisi Kənan Pirizadə

K.Pirizadənin əsas hədəfi isə II Qarabağ müharibəsi iştirakçılarına əlindən gəldiyi qədər yardım etmək, onlara təlimlərdə kömək göstərməkdir: "Hər kəs kimi, mənim də böyük hədəflərim var. Amma sırf bu günə olan əsas hədəfim II Qarabağ müharibəsi qaziləri, bir sözlə, qəhrəmanlaırımızla bağlıdır. Tezliklə onları ayaq üstdə görmək istəyirəm".

Mərkəzdə müxtəlif prosedurlara, təlimlərə qatılan II Qarabağ müharibəsi qazilərinin hər birini ayrı-ayrılıqda tanıyan K.Pirizadə ilə söhbət əsnasında onların təlimlərində də olduq. Və bir daha əmin olduq ki, həyat gözəldir, onu yaşamaq üçünsə vuruşmaq, çırpınmaq lazımdır, hədəflərlə...

Mövzu:
Müharibə adamları
Teqlər:
həyat hekayəsi, Protez-Ortopedik Bərpa Mərkəzi, mərkəz, bərpa, qazi, hüquqşünas, protez, mütəxəssis

Əsas mövzular