04:21 07 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
CƏMİYYƏT
Qısa URL
74 0 0

"Biz öncədən məktəblərin qızdırılması ilə bağlı lazım olan işləri görmüşük. Nazirlikdə yaradılan xüsusi qərargah məktəblərin istiliklə təminatında hansısa problemlər ortaya çıxanda, dərhal həll edir". - Cəsarət Valehov.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 17 fevral — Sputnik. Fevralın 1-dən məktəblər açılsa da, ötən il olduğu kimi yenə də bəzi məktəblərdə istilik məsələsi problem olaraq qalır. Belə ki, bu gün təkcə paytaxtda bəzi məktəblərdə bu problemin qalması ilə əlaqədar olaraq valideynlər övladlarını məktəbə qoymaqdan imtina edirlər. Valideynlər xüsusən də pandemiya dövrü olduğu üçün övladlarını belə bir durumda məktəbə göndərməkdən qorxurlar.

Paytaxtın 48 və 167 nömrəli məktəblərində təhsil alan şagirdlərin valideynləri sinif otaqlarının soyuq olması səbəbindən uşaqların xəstələndiyini bildirirlər. Onlar qeyd edirlər ki, soyuq sinifdə 4-5 saat qalan uşaqlar evə gələndə artıq xəstələnmiş olurlar. Məktəb rəhbərliyi isə iddia edir ki, qızdırıcılarda istilik var, sadəcə təzyiq aşağı olduğundan, sinifləri lazımi temperatura qədər qızdırmır. 

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov Sputnik Azərbaycan-a açıqlamasında bu problemlə bağlı nazirlik tərəfindən müəyyən işlərin görüldüyünü deyib:

"Biz öncədən məktəblərin qızdırılması ilə bağlı lazım olan işləri görmüşük. Bu, vaxtaşırı və mütəmadi olaraq nəzarətdə olan bir məsələdir. Bunun üçün "Azəriqaz" İstehsalat Birliyi başda olmaqla bütün strukturlarla əlaqə qururuq ki, məktəblərimiz qış mövsümündə hazır olsun, istiliklə bağlı problemləri olmasın. Nazirlikdə yaradılan xüsusi qərargah var. Məktəblərin istiliklə təminatında hansısa problemlər ortaya çıxanda, qərargah dərhal həll edir".

Təhsil Nazirliyinin Sputnik Azərbaycan-ın bu barədə sorğusuna verdiyi rəsmi cavabda bildirilib ki, Bakı şəhəri 48 nömrəli tam orta məktəb mərkəzləşdirilmiş qaydada istiliklə təmin edilir:

“Təzyiq aşağı olduğu üçün məktəbin istiliyi nisbətən zəifdir. “Azəristiliktəchizat” ASC ilə danışıqlar aparılaraq təzyiq artırılıb və məktəbin istilik təchizatı normal qaydada təmin edilib. Eyni zamanda Bakı şəhəri 167 nömrəli tam orta məktəbdə araşdırma aparılıb və məlum olub ki, istilik sistemində heç bir problem yoxdur. Hazırda məktəb istiliklə normal qaydada təmin olunur”.

“Bundan əlavə nəzərinizə çatdırırıq ki, “Azəristiliktəchizat” ASC ilə birgə əməkdaşlıq çərçivəsində mütəmadi olaraq işlər görülür. Yaranmış problemlərlə bağlı adıçəkilən quruma edilən müraciətlərimiz araşdırılır və müvafiq tədbirlər görülür”, - deyə Nazirliyin məlumatında qeyd olunub.

"Azəristilik" ASC-nin Abonent və müştəri xidmətinin rəisi Rafiq Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb:

"Bizim mənbələrdən 287 məktəbin istiliklə təminatı nəzərdə tutulub və bütün məktəblər də istiliklə təmin olunur. Nə Bakı Şəhər Təhsil İdarəsindən, nə də ki, Təhsil Nazirliyindən bizə bununla bağlı müraciət daxil olub. Eyni zamanda da rayon ərazisindəki təhsil idarələrindən də bizə istiliklə bağlı hansısa müraciət daxil olmayıb. Məktəblər açılmazdan öncə də biz Bakı Şəhər Təhsil İdarəsi ilə də sıx əlaqə saxlamışdıq. Hansı məktəbdə problemin olma ehtimalı var idisə, yerində araşdırma aparmışıq".

Respublika ərazisindəki bütün məktəblərin "Azəristiliktəchizat" ASC-nin balansında olmadığını deyən R.Əliyev bildirir ki, paytaxtdakı məktəblərin 50 faizinin istiliyi Təhsil Nazirliyi və Bakı Təhsil İdarəsinin tabeliyində olan qazanxanalar vasitəsilə təmin olunur:

"Lakin bir daha qeyd edim ki, bizim nəzarətimizdə olan məktəblərdə heç bir problem aşkarlanmayıb. Çünki biz istənilən qazanxananın parametrlərini izləmək üçün məsafədən, internet üzərindən nəzarət quraşdırmışıq. Bununla biz qazanxanalarda temperaturun, qazanxanının girişində təzyiqin nə qədər olmasını izləyə bilirik. Hansısa problem olarsa, istənilən an ora baş çəkib müdaxilə edə bilirik. Məktəblərin istilik sistemi ilə bağlı müraciətlərin daxil olmaması hər şeyin yaxşı olmasını göstərir", - deyə R.Əliyev əlavə edib.

O qeyd olunan məktəblərdə istiliklə bağlı problemin olmamasını həmin istilik xətti üzərində yerləşən yaşayış binalarının sakinlərindən hansısa şikayətin daxil olmaması ilə izah edir: "Məktəblərdə və yaşayış ünvanlarında deməzdim ki, təzyiq aşağıdır. Çünki qeyd etdiyim kimi, biz məsafədan nəzarəti həyata keçirə bilirik. Məktəb xəttinin üzərində ətrafdakı yaşayış yerləri də var. Yəni, həmin ünvanlardan da bizə hansısa şikayət daxil olmayıb. Çünki təzyiq aşağı olsa, 9 mərtəbəli binanın 9-cu mərtəbəsi isinə bilməz".

Məsələ ilə əlaqədar olaraq "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov Sputnik Azərbaycan-a bildirdi ki, "Azəristiliktəchizat" ASC-nin qazanxanalarında hansısa problem yoxdur və qurumdan "Azəriqaz" İB-yə bununla bağlı müraciət daxil olmayıb. Eyni zamanda da Təhsil Nazirliyi tərəfindən hansısa problematik məsələ ilə əlaqədar bizə müraciət daxil olmayıb".

Əsas mövzular