CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fəlakət dağlarımızdan başlayıb: zirvələrdə illərlə qalan qar əriyib

© Sputnik / Leyla AbdullayevaXızı dağları
Xızı dağları - Sputnik Azərbaycan, 1920, 11.02.2021
Abunə olmaq
İqlim dəyişmələri səbəbindən son illərdə qar ehtiyatımız xeyli azalıb. Hətta son 2-3 ildə bəzi dağların zirvələrindəki qar da əriyərək yoxa çıxıb.

İbrahim Həşimov, Sputnik Azərbaycan

BAKI, 11 fevral – Sputnik. Son illərdə dağlıq ərazilərdə də qar çox gec-gec yağır. Hətta illərlə qarlı gördüyümüz bəzi dağ zirvələri artıq bombozdur. Sputnik Azərbaycan-ın məlumatına görə, Oğuz rayonunun Xaçmaz kəndi ətrafındakı dağlıq ərazidə də bu cür vəziyyət var. Kənd sakini İntiqam Zeynəddinoğlu deyir ki, son illərdə dağlarda və ətraf ərazilərdə qar müşahidə edilmir.

© Sputnik / Ibrahim Hashimovİntiqam Zeynəddinoğlu
Fəlakət dağlarımızdan başlayıb: zirvələrdə illərlə qalan qar əriyib - Sputnik Azərbaycan, 1920, 11.02.2021
İntiqam Zeynəddinoğlu

"Kəndin ətrafındakı dağlarda, ətəklərdə bu aylarda həmişə qar olardı. Qarın hündürlüyü ən azı 50 santimetr, 1 metr olurdu. Hazırda bu dağlarda 1 santimetr də qar yoxdur. Bu da çaylarda suyun qurumasına səbəb olur. Yayda suvarma sarıdan əziyyət çəkirik".

Alpinistlər da bildirirlər ki, əvvəlki illərdə bütün fəsillərdə zirvələrdə bir neçə metr qalınlığında qar olurdu. Son 2-3 ildə isə qar tam əriyərək yoxa çıxıb. Təcrübəli alpinist Dağlar Mehdiyevin sözlərinə görə, zirvələrdə qar olmaması ərazidəki bulaqların da quruması ilə nəticələnib.

"Dağları, onların zirvələrini tamamilə gəzmişəm. Adi yerlərdə 2-3 metr, hətta 5 metr qalınlığında qar olurdu. Amma orada indi qar yoxdur. Əvvəlki illərdə marxallarda 20-30 metr hündürlükdə qar olurdu. İndi isə oralar qupqurudur. Zirvələrdə və meşəlik hissələrdə bulaqlar var. Yüz illərlə su gələn həmin bulaqların çoxu quruyub. Bəzilərində isə qısa müddətdə su olur və sonra quruyur", – deyə Dağlar Mehdiyev qeyd edib.

D.Mehdiyev bildirir ki, dağların ətəyində su anbarları qurmaqla bu problemi qismən həll etmək və su israfının qarşısını almaq olar.

© Sputnik / Ibrahim HashimovDağlar Mehdiyev
Fəlakət dağlarımızdan başlayıb: zirvələrdə illərlə qalan qar əriyib - Sputnik Azərbaycan, 1920, 11.02.2021
Dağlar Mehdiyev

"Bir sıra ölkələrdə, eləcə də qardaş Türkiyədə belə bir təcrübə var ki, dağların ətəyində su anbarları tikilir. Yazda qar əriyəndə həmin sular oraya yığılır və il boyu qənaətlə istifadə edilir. Bizdə də bu sistemdən istifadə eləmək olar", – deyə D.Mehdiyev vurğulayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Ehtiyatlarının İdarə Edilməsi şöbəsinin sektor müdiri Faiq Mütəllimov Sputnik Azərbaycan-a bildirib ki, son illərdə iqlim dəyişmələrinin təsiri nəticəsində su ehtiyatlarımızda azalmalar müşahidə olunur: "1990-cı illə müqayisədə su ehtiyatlarımız 15 faizə qədər azalıb. Əvvəllər quraqlıq müddətləri 2-3 il çəkirdisə, son 9-10 ildə davamlı quraqlıq müşahidə olunur. İqlim dəyişmələrinin təsiri nəticəsində şaxtalı və qarlı günlərin də sayı azalıb. Nəticə də qar ehtiyatlarının azalması müşahidə edilir".

F.Mütəllimov vurğulayıb ki, su ehtiyatlarından səmərəli istifadəni təmin etmək məqsədilə bir neçə qurumun nümayəndələrindən ibarət komissiya yaradılıb. Komissiya ötən ilin iyul ayından fəaliyyətə başlayıb və su ehtiyatlarından istifadə ilə bağlı tədbirlər planı da hazırlanıb.

"Su ehtiyatlarında təzyiqlərin azaldılması üçün alternativ su mənbələrindən istifadə məsələsi burada yer alıb. Məsələn, kollektor-drenaj suları, çirkab suları, tullantı sularının təmizlənərək texniki məqsədlərlə istifadəsi yer alır. Artıq bununla bağlı işlər başlayıb. Təkliflər hazırlanıb və konkret layihələrin işlənməsi mərhələsi gedir", - deyə F.Mütəllimov əlavə edib.

Nazirlik rəsmisinin sözlərinə görə, dağ çaylarında suların toplanması məqsədilə 10 su anbarının tikintisi nəzərdə tutulub. Artıq Qəbələ, Oğuz, Şəki və Masallı rayonlarının ərazilərində 3 su anbarının tikilməsi ilə bağlı sənədləşmə işlərinə də başlanıb.

Xəbər lenti
0