16:46 05 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
CƏMİYYƏT
Qısa URL
80810

"Üç ay ərzində 301 xəstəm olub, kimin nə problemi varsa, qeyd edirik, "YAŞAT" Fondu da bu avadanlıqların alınmasında bizə kömək edir".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 6 fevral — Sputnik. "Müharibənin qızğın dövrü idi. Qubadlıya kolonna ilə girmişdik. Bu zaman bizi atəşə tutdular. Hamımız eyni anda hədəfə tuş gəlməmək üçün maşınlardan düşüb özümüzə mövqe seçdik. Bizə düşməni mühasirəyə almaq əmri verilmişdi. Onlar bizimlə üz-üzə gələ bilmirdilər. Piyada döyüşçüləri, demək olar ki, qorxularından qabağımıza çıxmırdılar. Düşmən bizi ancaq artilleriya ilə vururdu. Piyada döyüşçüləri qaçıb gizləndiklərindən Su-21-lər hərəkətə keçmişdi. Toplar, minaatanlar bizi atəşə tutmuşdular.

Bizim sayımız onlardan az olsa da, döyüşdə üstünlüyü ələ almışdıq. Bu zaman xəbər gəldi ki, döyüşçülərimizdən birinin yanında mərmi partlayan zaman şoka düşüb. Mən döyüş yoldaşımı mövqedən çıxardanda daha bir mərmi mənim yanıma düşdü. Qəlpə böyrəyimdən girib, belimdən çıxdı. Belimdə də sınıqlar vardı. Əməliyyatdan sonra sağ tərəfimdə zədə olduğundan ayaq üstündə dura bilmirəm.

Tarazlığımı itirərək sağ tərəfə yıxılıram. Ayaqlarımı tam hərəkət etdirə bilmirəm. Biri sallaq vəziyyətdə qalıb, o biri də natamam işləyir. Füzulidə əməliyyat olunduqdan sonra məni Bakıya, xəstəxanaya göndərdilər. İndi burada reabilitasiya kursu keçirəm".

İki uşaq atası olan Məmmədov Seymurun 26 yaşı olsa da, müharibədə aldığı zədə nəticəsində yeriyə bilmədiyindən peşman deyil. Müddətdən artıq hərbi xidmətdə qulluq edən Seymur qəhrəmanlar yurdu olan Gəncədə doğulub boya-başa çatıb. O, 28 il işğal altında olan torpaqlarımızı azad etməyin həyatda ən böyük arzusu olduğunu söyləyir.

© Sputnik / Zulfiyya Guluyeva
Buzovnada Fizioterapiya və Reabilitasiya Mərkəzi hərbi qulluqçuların reabilitasiyası

Seymur və onun kimi burada olan digər qazilərimiz də əlil arabasına, qoltuq ağacına məhkum olsalar da, onların hər birinin gözündən yenidən öz ayaqları üzərində durmağa olan böyük inam, sabaha olan ümid parlayırdı. Müharibənin od-alovu gözlərindən hələ getməyən bu qəhrəmanların məğrur baxışlarında səhhətlərində yaranmış problemlərə görə zərrə qədər peşmanlıq, təəssüf hissi yox idi. Başqa cür də ola bilməzdi... Axı onlar Vətən müharibəsində düşmənin canına vəlvələ salan, öz qəhrəmanlıqları ilə tarix yazan igid Azərbaycan oğullarıdır. Onlarla görüşümüzün reabilitasiya mərkəzlərindən birində baş tutması da təsadüfi deyildi. Canlarını bu Vətən yolunda əsirgəməyən qazilərimiz, demək olar ki, hər gün Buzovnadakı mərkəzdə reabilitasiya kursu keçir, ayağa durmaq, dayaq-hərəkət sistemlərində yaranmış problemləri geridə qoymaq üçün müalicə olunurlar.

32 yaşlı Samir Əliyev də sentyabrın 27-dən, müharibənin ilk günündən döyüşə atılıb. Samir oktyabrın 10-da Füzuli istiqamətində gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib. Astara rayon sakini olan Samir onurğasından yaralandığı gün əməliyyat olunub, bundan sonra isə bərpa üçün reabilitasiya mərkəzinə göndərilib.

© Sputnik / Zulfiyya Guluyeva
Buzovnada Fizioterapiya və Reabilitasiya Mərkəzi hərbi qulluqçuların reabilitasiyası

Daşkəsən rayon sakini, müddətdən artıq hərbi xidmət keçən İsmayılov Ram Füzuli rayonu istiqamətində gedən döyüşlərdə yaralanıb. Ram yaralandığı günü belə xatırlayır: "Qrupda 10 nəfər idik. Döyüşdə düşməni aldadaraq onların arxa tərəfinə keçməyi bacardıq. Biz sağ tərəfdən, komandirimiz sol tərəfdən taborla getdi. Gecəni meşədə qaldıq. Səhəri gün könüllülərdən biri gəldi ki, komandirimiz mühasirəyə düşüb, kənddə evin içindən çıxa bilmir. Biz 10 metrdən bir qaça-qaça gedirdik ki, hamımız birdən hədəfə tuş gəlməyək. Üçüncü adam mən idim. Komandirimizi xilas etmək üçün qaçanda düşmən snayperi məni onurğamdan vurdu. Ondan sonra nə baş verdiyi yadıma gəlmir. Sadəcə ayaqlarımı hiss etmədim. Ondan sonra əməliyyat etsələr də, qurşaqdan aşağı hiss edə bilmirəm. Bununla belə peşman deyiləm. Əksinə, ümidliyəm ki, ayağa qalxıb yenidən döyüş yoldaşlarımın yanına qayıdacam".

Qazilər söhbət zamanı reabilitasiya mərkəzində onlara göstərilən qayğıdan razı olduqlarını, onlara qulluq edən tibb personalına minnətdarlıq etməyi də unutmadılar.

Yaralı qazilərimizdən olan Yusif Sputnik Azərbaycan-a bildirdi ki, tibbi personal onlarla qalib ordunun qalib hərbçilərinə layiq davranır:

"Müalicə aldığımız xəstəxanada da, bərpa üçün getdiyimiz reabilitasiya mərkəzlərində də bizə diqqət, qayğı böyükdür. Onlar bizə ayağa qalxmağımız üçün nə mümkündürsə, onu artıqlaması ilə edirlər. Bu mərkəzin işçiləri bizim ayağa qalxmağımızı bizim elə özümüz qədər istəyir, arzulayırlar. Bunu onların gözündə bizə olan sevgidən, şəfqət dolu baxışlardan hiss edirik. Hər birinə buna görə təşəkkür edirik".
  • Buzovnada Fizioterapiya və Reabilitasiya Mərkəzi hərbi qulluqçuların reabilitasiyası
    © Sputnik / Murad Orujov
  • Buzovnada Fizioterapiya və Reabilitasiya Mərkəzi hərbi qulluqçuların reabilitasiyası
    © Sputnik / Zulfiyya Guluyeva
  • Buzovnada Fizioterapiya və Reabilitasiya Mərkəzi hərbi qulluqçuların reabilitasiyası
    © Sputnik / Zulfiyya Guluyeva
  • Buzovnada Fizioterapiya və Reabilitasiya Mərkəzi hərbi qulluqçuların reabilitasiyası
    © Sputnik / Murad Orujov
  • Buzovnada Fizioterapiya və Reabilitasiya Mərkəzi hərbi qulluqçuların reabilitasiyası
    © Sputnik / Murad Orujov
  • Buzovnada Fizioterapiya və Reabilitasiya Mərkəzi hərbi qulluqçuların reabilitasiyası
    © Sputnik / Murad Orujov
1 / 6
© Sputnik / Murad Orujov
Buzovnada Fizioterapiya və Reabilitasiya Mərkəzi hərbi qulluqçuların reabilitasiyası

Yaralı qazilərimizin ayağa qalxmasında var gücü ilə çalışan həkim-reabilitoloq Gülnarə Nuruzadə üç aydır ki, burada işlədiyini söyləyir. G.Nuruzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yaralı qazilərin hər birinin reabilitasiya keçməsi vacibdir: "Biz şükür edirik ki, onlar müharibənin od-alovundan sağ çıxıblar. Bununla belə, bizim indi qarşımızda duran əsas məqsəd onları ayağa qaldırmaqdır. Onların arasında nevroloji statuslu, oturaq vəziyyətdə olanlar da var. Bazu sümüyündə əməliyyat olanlar, çiyin nayihəsində, beyninin bir hissəsi çıxardılanlar, ayağından qəlpə yarası olanlara uzun müddətli reabilitasiya lazımdır. Amma onların reabilitasiyası üçün çox vacib olan cihazlara, avadanlıqlara ehtiyac vardı ki, bizim istəyimizlə o avadanlıq da Azərbaycana gətirildi. Bu, RGO cihazlarıdır. "YAŞAT" Fondu tərəfindən qazilərimizin daha sürətli və keyfiyyətli reabilitasiya olunması üçün xaricdən RGO cihazları sifariş verilmişdi.

RGO cihazları vasitəsilə reabilitasiya üçün bir il lazım olan bərpanı 5 aya etmək mümkün olur. Mənim 32 il iş təcrübəm var. Bu təcrübəm zamanı öyrənmişəm ki, bu cihaz neyrodinamikaya çox kömək edir. Dərman preparatları ilə reabilitasiya birgə aparıldıqda böyük nəticə əldə etmək olur. Bizim çox xəstəmiz bərpa cihazı gəlməmiş yeridi.

Bu, özəl bir ortopedik cihazdır, aşağı ətraflarda hissiyatı olmayan xəstələrimiz RGO-nu geyinirlər. Bir xəstəyə bu cihaz daha əvvəl verilmişdi, 2 həftədir ona təlim keçirik. Qazi əvvəl 5 dəqiqə addım atırdısa, bu gün artıq onu 1,5 saat yeridə bilirik. Bu cihazın çox özəl bir xüsusiyyəti var. Xəstə cihaza bağlandığı günün səhərisi bizə dedi ki, barmaqlarımı heç hiss etmirdim, amma artıq ayaqlarıma istilik gəldi".

© Sputnik / Zulfiyya Guluyeva
Buzovnada Fizioterapiya və Reabilitasiya Mərkəzi hərbi qulluqçuların reabilitasiyası

Həkim bildirir ki, hər bir xəstənin əzələ fiziologiyasını, anatomiyasını özəl qavraması var:

"Ola bilsin, biri cihazı geyindikdən 2 həftə sonra yeridi, eləsi olar ki, bir ilə tam düzələ bilər. Fond tərəfindən ilk olaraq bel travmaları olanlar üçün RGO cihazları təşkil olundu. Yeriyən xəstələrimiz bizi çox sevindirir. Bu, bizim üçün bayramdır. 3 ay ərzində 301 xəstəm olub, kimin nə problemi varsa, qeyd edirik, "YAŞAT" Fondu da bu avadanlıqların alınmasında bizə kömək edir".

"YAŞAT Fondu"nun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov isə bildirdi ki, qazilərimizin daha sürətli və keyfiyyətli reabilitasiya olunması üçün xaricindən RGO cihazları sifariş verilmişdi: "Bu gün artıq o cihazlar ölkəyə gətirilib və yaralı qazilərin istifadəsinə verilib. Ümid edirik ki, onların bundan sonra reabilitasiyası tez bir zamanda yekunlaşacaq, ən qısa zamanda sağlamlıqlarına qovuşacaqlar. Biz artıq bu cihazın altısını gətirmişik. Biri daha əvvəl gətirilmişdi, beşi isə bu gün gətirilib. Həkimlərlə mütəmadi olaraq məsləhətləşmələr aparılır, hansı yaralıya individual olaraq cihazlar lazımdırsa, Fond tərəfindən sifariş verilir. Əgər ölkə daxilindədirsə, buradan alınır, xaricdədirsə, xaricdən alınıb gətirilir ki, yaralılarımız, qazilərimiz tez bir zamanda sağlamlıqlarına qovuşsunlar".

Kənardan apardığımız müşahidələr zamanı qazilərimizin də böyük inamla reabilitasiya avadanlıqlarından istifadə etdiyinin şahidi olduq. Onların, demək olar ki, hamısının bir istəyi vardı: canları, qanları bahasına işğaldan azad etdikləri torpaqlara öz ayaqları üstündə getmək, o torpaqlarda yürümək...

Teqlər:
reportaj, Buzovna, reabilitasiya, yaralı, qazi

Əsas mövzular