CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nizami Gəncəvini başqa yöndən dünyaya tanıdacağıq

© Official website of President of Azerbaijan RepublicGəncədə inşa olunan Nizami Gəncəvi Muzeyi
Gəncədə inşa olunan Nizami Gəncəvi Muzeyi - Sputnik Azərbaycan
Abunə olmaq
Mədəniyyət Nazirliyi bu il Nizami Gəncəvi ilə bağlı bir sıra tədbirlər həyata keçirəcək. Nizami Gəncəvi irsi beynəlxalq səviyyədə də tədqiq ediləcək.

İbrahim Həşimov, Sputnik Azərbaycan

BAKI, 7 yanvar – Sputnik. Prezident İlham Əliyevin 3 gün əvvəl imzaladığı sərəncamla 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib. Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli Sputnik Azərbaycan-a bildirib ki, Ümummilli lider Heydər Əliyev 1979-cu ildə Nizami irsinin təbliği və təşviqi ilə bağlı qərar imzalayıb.

Bu qərar Nizami yaradıcılığının araşdırılmasında dönüş nöqtəsi olub. Prezident İlham Əliyevin 2011-ci ildə Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncam da bu sahədə önəmli addım olub. 2021-ci ilin ölkədə "Nizami Gəncəvi İli" elan edilməsi isə Nizami irsinin daha dərindən araşdırılmasında xüsusi rol oynayacaq. Şöbə müdirinin sözlərinə görə, Mədəniyyət Nazirliyi bu il Nizami Gəncəvi ilə bağlı bir sıra lokal və beynəlxalq səviyyədə tədbirlər həyata keçirəcək:

“Nizaminin doğulub boya başa çatdığı Gəncə şəhərində, eləcə də paytaxt Bakıda və Şuşa şəhərində silsilə tədbirlər olacaq. Konfranslar olacaq, bununla bağlı müsabiqələr olacaq. Gənc yazarlar arasında, ümumiyyətlə bütün ədəbi-bədii sahələrdə bu tədbirlər həyata keçiriləcək”.

Nizami Gəncəvi təkcə Azərbaycan mədəniyyətinə deyil, bir çox şərq ölkərinin ədəbiyyatına da böyük töhfələr verib. Bu səbəbdən də onun irsi beynəlxalq səviyyədə də tədqiq ediləcək.

“Qonşu region ölkələrinin, İran başda olmaqla demək olar ki, bütün şərq ölkələrinin və  eləcə də dünyanın bir çox ölkələrinin mədəniyyət və ədəbiyyat tarixində öz təsir izlərini buraxmış bir dühadır Nizami Gəncəvi. Bu qəbildən biz düşünürük ki, bizim səfirliklər vasitəsilə xaricdə Nizami irsinin tədqiqi ilə bağlı bir çox tədbirlər həyata keçirəcəyik”.

Hazırda "Nizami Gəncəvi İli"ndə görüləcək işlərlə bağlı tədbirlər planı hazırlanır. Yaxın vaxtlarda o, ictimaiyyətə açıqlanacaq.

Xəbər lenti
0