08:12 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
CƏMİYYƏT
Qısa URL
43910

"Komitənin nə planlaşdırdığı hələ ekspertlərə məlum deyil. Yaxşı olardı ki, bir toplantı keçiriləydi və bu barədə ekspertlər də məlumatlandırılaydı" - Elnur Azadov

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 16 dekabr — Sputnik. Bakı şəhərində tarazlı inkişaf əldə edə bilmək üçün 2800 hektar ərazinin təyinatı dəyişdirilməlidir. Bu barədə 2020-2040-cı illər üzrə 20 illik perspektiv dövrü əhatə edən Bakı şəhərinin Baş Planında qeyd edilib.

Plana əsasən, iqtisadiyyatın müxtəlif sahələrinin 2040-cı ilə qədər olan dövr ərzində nəzərdə tutulan inkişafı məqsədilə ofislər üçün 65 hektar, sənaye parkları və anbar təsərrüfatları üçün 817 hektar, pərakəndə satış obyektləri üçün 90, qonaqlama obyektləri üçün 110 hektar, təsərrüfat sahələri üçün 249 hektar, bərpa olunan enerji təsərrüfatları üçün 1492 hektar ərazi lazımdır.

Bu zaman maraqlı bir sual ortaya çıxır - Hansı ərazilərin təyinatı dəyişdiriləcək?

Sputnik Azərbaycan bu məsələni araşdırıb.

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakının son Baş Planı 1986-cı ildə hazırlanıb. Sovetlər dövründə plan 4-5 dəfə dəyişdirilib.

"Bakı şəhəri sovetlər üçün həm sənaye, həm də cənubdan müdafiə şəhəri kimi nəzərdə tutulmuşdu. Onlar bizə bu gözlə baxırdılar. Şəhərin alt strukturu da var. Məsələn, götürək Heydər Əliyev Prospektini, o, sənaye və strateji obyektlər üçün nəzərdə tutulmuşdu. Bu gün də həmin prospekt yarımsənaye hesab edilir", - ekspert qeyd edib.

E.Azadovun fikrincə, bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tərtib etdiyi layihə də tam deyil, əlavələr edilməsinə ehtiyac var.

Belə ki, bu gün sənaye müəssisələri götürülsə və yerində yaşayış məntəqələri tikilsə, vətəndaşlar həmin ərazilərdə yaşamaq istəməsələr, bu, fiasko olacaq: "Bu gün 122 sənaye müəssisəsi var. Və bunun çox hissəsi Bakı şəhəri ərazisindədir. Onların özəlləşdirilməsi çox baha olduğu üçün heç kəs buna cəhd etməyib. Komitənin tərtib etdiyi layihə 2 il davam edən araşdırmaların nəticəsidir. Və komitənin nə planlaşdırdığı hələ ekspertlərə məlum deyil. Yaxşı olardı ki, bir toplantı keçiriləydi və bu barədə ekspertlər də məlumatlandırılaydı".

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, Bakı şəhərinin Baş Planı 2020-2040-cı illər üzrə 20 illik perspektiv dövrü əhatə edir. Baş Planın həyata keçirilməsinin birinci mərhələsində (2020-2027-ci illər) xüsusilə mühüm əhəmiyyət kəsb edən tədbirlər, o cümlədən ərazi zonalaşdırılması və çoxmərkəzli şəhər həlləri, əsaslı tikinti, nəqliyyat infrastrukturu, sosial təsisatlar, mühəndis-kommunikasiya sistemləri, ətraf mühitin sağlamlaşdırılması və ərazinin mühəndis hazırlığı üzrə fəaliyyətlər müəyyən edilir.

Növbəti addım olaraq, birinci mərhələdə əldə edilmiş nəticələr nəzərə alınmaqla paytaxtın dayanıqlı inkişafının və əlverişli şəhər mühitinin formalaşdırılması məqsədilə qeyd edilən istiqamətlər üzrə fəaliyyətin davam etdirilməsi və eləcə də Baş Plan çərçivəsində mənzil fondu, postsənaye dövrünün tələblərinə uyğun olaraq planlaşdırılan ictimai-işgüzar (qarışıq) zonaların, ictimai nəqliyyatın, yaşıllıqların və rekultivasiya olunan ərazilərin, mühəndis qurğularının imkanlarının Baş Planın texniki-iqtisadi göstəricilərində hesablama müddətinə nəzərdə tutulan parametrlərə çatdırılması üçün tələb olunan fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılır.

Teqlər:
dəyişiklik, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, söküntü, tikinti, Baş Plan, Bakı

Əsas mövzular