BAKI, 10 noyabr — Sputnik. Azərbaycan Respublikasının Atçılıq Federasiyasının bir neçə idmançısı da hazırda cəbhənin müxtəlif istiqamətlərində xidmət aparır.
Sputnik Azərbaycan Atçılıq Federasiyasının məlumatına istinadla xəbər verir ki, həmin şəxslərdən biri, jokey Hilal Nəzərov 28 sentyabrdan etibarən ön cəbhəyə yollanıb. O, düşmənə yaxın mövqedə, xüsusi əməliyyatlarda iştirak edərkən yaralanıb.
Dövlətimizin yüksək maddi-mənəvi dəstəyi ilə əhatə olunmuş Hilal Nəzərovun özünə və ailəsinə əlavə qayğı göstərmək məqsədilə Azərbaycan Respublikasının Atçılıq Federasiyasının Prezidentinin tapşırığı ilə Federasiyanın baş katibi Bəhruz Nəbiyev Şirvan Şəhər Mərkəzi Xəstəxanasında Hilalı ziyarət edib.
O, əsgərimizə Federasiyanın prezidenti adından döyüşlərdə qəhrəmancasına iştirakına görə təşəkkür edib və hər bir məsələdə Atçılıq Federasiyası olaraq daim yanında olduqlarını bildirib.
Azərbaycan Respublikasının Atçılıq Federasiyası bütün atçılıq ailəsi adından Vətən uğrunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralılara isə tezliklə öz sağlamlıqlarına qovuşmağı arzu edir.