CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İmzayla başladı, bayraqla davam edir - Azərbaycanlı xalçaçı dünyanı evinə "yığmaq" istəyir

© Sputnik / Rahim Muradovİlqamət Hadiyev
İlqamət Hadiyev  - Sputnik Azərbaycan
Abunə olmaq
Hər bir vətəndaşımızın öz evində bizim dövlət bayrağımızın olmasını istəməsini başa düşürəm, ona görə də heç vaxt qiymət demirəm

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 8 noyabr — Sputnik. İxtisasca iqtisadçı olan və hal-hazırda 24 saylı Regional Xəzinədarlıq İdarəsinin aparıcı məsləhətçisi işləyən Lerik rayon sakini İlqamət Hadiyevin digər sənəti xalça toxumaqdır. İlqamət Hadiyev Sputnik Azərbaycan-a xalçaçı ailəsində anadan olduğunu və anasının xalçaçılıq sexində çalışdığını bildirdi.

- Ailəmizdə uşaq çox olduğundan anama dəzgahları evə gətirib xalçanı evdə toxumağa icazə verirdilər. İlk dəfə xalça ilə 4-cü sinifdə oxuduğum zaman tanışlığım olub. Doğulduğum Mondigah kəndində subay qızlar öz cehizlik xalçalarını özləri toxuyardılar. Qonşu qız-gəlinlər gəlib köməklik edərdilər. Xalça toxumağı bacarmayanlar isə toxuyanlara xidmət edərdilər. Xalçanın kəsilməsi xüsusi ritual olub, bayram əhval-ruhiyyəsilə keçirilib. Belə ki, xalça kəsilərkən xalça evin ortasına sərilər, çay süfrəsi salınar və gələn qonşu qız-gəlinlər özlərilə şirniyyat gətirərdilər. Bu da xalçanın şirnisi adlanardı. Təəssüf ki, indi belə adət-ənənələr yoxdur.

© Sputnik / Rahim Muradovİlqamət Hadiyev
İmzayla başladı, bayraqla davam edir - Azərbaycanlı xalçaçı dünyanı evinə yığmaq istəyir - Sputnik Azərbaycan
İlqamət Hadiyev

- İlqamət müəllim, bəs nəyə görə məhz miniatür xalça toxumağı seçdiniz?

- Düzünü desəm, bunu biznes ideyası kimi fikirləşmişdim və o, uğurlu alındı. Toxuduğum miniatür bayraq xalçaları arasında ən çox Azərbaycan bayrağı üstünlük təşkil edir və bayrağımıza tələbat çoxdur. Hər bir vətəndaşımızın öz evində bizim dövlət bayrağımızın olmasını istəməsini başa düşürəm, ona görə də heç vaxt qiymət demirəm. Deyim ki, 100 ədəd Azərbaycan bayrağı miniatür xalçasını satmışamsa, bir o qədər də hədiyyə etmişəm. Nəzərə alsaq ki, əl işi, miniatür suvenir xalçaları heç bir vergiyə cəlb olunmur, çox uğurlu biznes layihədir. Beləcə, mən miniatür xalçalar toxumağa başladım. İlk toxuduğum miniatür xalça ümummilli lider Heydər Əliyevin imzasıdır. Ondan sonra isə Azərbaycan Respublikasının Dövlət gerbini, Azərbaycan Respublikasının bayrağını miniatür xalça formasında toxudum.

- Bayraq xalçalarını sifariş əsasında toxuyursunuz, yoxsa sadəcə satış üçün toxuyursunuz?

- Bildiyimiz kimi, rayonumuz turistik bölgədədir. Odur ki, hansı ölkələrdən qonaqlar gələcəksə, həmin ölkələrə aid miniatür xalça bayraqlar qabaqcadan sifariş edilir və onları hazırlayıb sifarişçilərə satıram. Ayrıca bir fikrim var ki, bütün dünya ölkələrinin bayraqlarını toxuyum. Hazırda burada 25-ə yaxın ölkənin bayraqları var, bəziləri isə tematik xalçalardır.

© Sputnik / Rahim Muradovİlqamət Hadiyevin əl işləri
İmzayla başladı, bayraqla davam edir - Azərbaycanlı xalçaçı dünyanı evinə yığmaq istəyir - Sputnik Azərbaycan
İlqamət Hadiyevin əl işləri

- Bir miniatür xalçanı toxumağa nə qədər vaxt sərf edirsiniz?

- Dünya dövlətlərinin bayraqları olan xalçaların toxunmasına 2-3 gün vaxt sərf olunur. Nəzərə alaq ki, bu mənim peşəm deyil, hobbimdir. İşdən sonra yorğunluğumu bununla atıram. Hər gün 2-3 saat vaxt sərf edirəm. Toxuduğum xırda milli ornamentli xalçaya isə 3 ay vaxt sərf eləmişəm. Bir çində 109 ilmə var, maksimum bir gün ərzində müntəzəm otursam, 10 çindən artıq ilmə vurmaq olmur. Fiziki cəhətdən həm göz yorulur, bir çindən sonra günəşə çıxdıqda adamın gözü qamaşır, yaşarır.

 - Gələcəkdə miniatür portret xalça toxumaq fikriniz varmı?

- Miniatür xalça üzərində portret işləmək çox çətindir. Gələcəkdə belə bir fikrim var, inşallah, miniatür xalça üzərində bir portret toxuyaram. Bu günə kimi belə bir sifariş olmayıb, amma özüm ümummilli liderimizin portretini toxumaq istəyirəm.

© Sputnik / Rahim Muradovİlqamət Hadiyev
İmzayla başladı, bayraqla davam edir - Azərbaycanlı xalçaçı dünyanı evinə yığmaq istəyir - Sputnik Azərbaycan
İlqamət Hadiyev

- Əl işlərinizdən ibarət sərginiz təşkil olunubmu və ya hər-hansı bir sərgidə öz əl işlərinizlə çıxış edibsinizmi?

- Bir neçə sərgidə iştirak eləmişəm. 2017-ci ildə isə Lerik Dövlət Rəsm Qalereyasında mənim rəsmi sərgim təşkil edilib. Daha sonra Lerik Rayon İcra Hakimiyyəti başçısının şəxsi təşəbbüsü ilə rayonumuzun ərazisində yerləşən istirahət mərkəzlərinin birində fərdi şərgim təşkil olundu. O, xarici ölkələrdən gələn bir çox turistin marağına səbəb oldu, hətta onlar öz ölkələrinə aid miniatür bayraq xalçalarından hədiyyə olaraq götürdülər. 

© Sputnik / Rahim Muradovİlqamət Hadiyevin əl işləri
İmzayla başladı, bayraqla davam edir - Azərbaycanlı xalçaçı dünyanı evinə yığmaq istəyir - Sputnik Azərbaycan
İlqamət Hadiyevin əl işləri

- Miniatür xalça toxumaq sənətini öyrənmək üçün sizə müraciət edən olub? Ümumiyyətlə, Lerikdə bu sənətə maraq varmı?

- Bu günə kimi müraciət edən olmayıb. Amma Lerik Rayon Dövlət Rəsm Qalereyasında bu işi öyrənmək istəyən və maraqlanan gənclər üçün Qalereyanın direktoru usta dərsləri təşkil etmək ideyasını irəli sürüb. İnşallah, yaxın günlərdə bu ideyanı reallaşdıracağıq.

Xəbər lenti
0