06:32 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
48030

"Bakı şəhərində təxminən 1100-1200 yeni inşa olunan bina var ki, onlardan 1000-ə yaxınında artıq yaşayış var. Bu evlərin də ən azı 60 faizinin çıxarışı yoxdur, yəni vətəndaşlar qeydiyyata düşməyiblər" - Elnur Azadov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 4 noyabr — Sputnik. Bakının Baş Planı ilə bağlı 2040-cı ilə dair proqnozlarda qeyd edilir ki, gələcək illərdə Bakı şəhərinin əhalisi artacaq. Bakı şəhərinin gələcək əhali sayının proqnozunun verilməsi üçün milli və beynəlxalq tendensiyalar nəzərə alınıb.

Lakin artım tempinin nisbətən aşağı olacağı proqnozlaşdırılıb. Bakı şəhərinin 2040-cı ilə olan əhali proqnozunun verilməsi üçün ümumilikdə yeddi fərqli ssenari üzərində təhlil aparılıb. "Müxtəlif riyazi modellər və fərqli hesablama yanaşmalarının tətbiqi ilə aparılmış təhlillərə görə, hesabat dövrü üçün şəhər əhalisinin 2,88 – 3,17 milyon nəfər arasında dəyişəcəyi müəyyən edilib. Bakı şəhərinin Baş Planı çərçivəsində əhali artımı ssenariləri üzrə hesablama nəticələrinin ən yüksək həddi əsas götürülüb və 2040-cı ilə qədər şəhər əhalisinin 3,17 milyon nəfər təşkil edəcəyi qəbul edilib", - deyə Bakı şəhərinin 2040-cı ilə dair Baş Planı ilə bağlı hazırlanan məlumatda bildirilib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin yanvarın 1-nin göstəricisinə görə, Bakının rəsmi əhalisi 2 mln 230 min nəfər təşkil edib.

"Bakıda ağırlaşmanın, əhalinin say artımının qarşısını almaq üçün nələr etmək olar?" sualına cavab olaraq tikinti üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu gün cəbhədə gedən gərgin döyüşlər və nəticə etibarı ilə 30 il öncə işğal olunan torpaqların geri alınması Bakıda əhali artımının azalmasına səbəb olacaq:

"İşğaldan azad olunan və olunacaq ərazilərdə müəyyən işlərin görülməsi bir qədər zaman alacaq, amma təbii ki, həmin ərazilərdə yaşayışın təmin olunmasının Bakıya təsiri böyük olacaq. Bundan başqa, qeyd edim ki, rayonlarla yanaşı, Bakıda qaçqın və məcburi köçkünlərə dövlət tərəfindən verilən evlərin onlardan geri alınması şəhərdə yaşayan evsiz ailələrin də evlə bağlı probleminin həllinə təkan verəcək".

Ekspert bildirir ki, Bakıda sıxlığı azaltmaq üçün bölgələrdə, xüsusən də iri şəhərlərdə yeni iş yerləri yaradılmalıdır: "Belə olarsa, insanlar iş üçün yalnız Bakıya qaçmayacaqlar. Bundan başqa, həmin ərazilərdə də ev məsələsi problem olmamalıdır. Bakı ilə yanaşı, digər ərazilərdə də tikinti aparılmalıdır".

Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov isə Sputnik Azərbaycan-a açıqlanan rəqəmlərlə razı olmadığını bildirib: "Bakı şəhərində rəsmi olaraq yaşayan əhali ilə qeyri-rəsmi olaraq Bakıda yaşayanlar arasında böyük fərq var. Çünki Bakı şəhərinin rəsmi əhalisi ilə qeyri-rəsmi əhalisi arasında milyondan çox fərq var. Hazırda Bakı şəhərində təxminən 1100-1200 yeni inşa olunan bina var ki, onlardan 1000-ə yaxınında artıq yaşayış var. Bu evlərin də ən azı 60 faizinin çıxarışı yoxdur, yəni vətəndaşlar qeydiyyata düşməyiblər. Bununla yanaşı, qeyri-qanuni tikililər də var ki, orada yaşayanların da qeydiyyatı hansısa rayonlardadır. Bu səbəbdən əminliklə demək olar ki, hazırda Bakıda 1 milyondan çox əhalinin qeydiyyatı yoxdur".

"Yaxın günlərdə qanunsuz tikililərlə bağlı olaraq da sənədləşmə prosesi gedəcək və dövlət artıq bu işin üstünə düşüb. Ötən ilin fevralından binaların sadələşdirilmiş şəkildə istismara qəbul olunması ilə bağlı Prezidentin fərmanı var. Bu fərman hazırda da icra olunmaqdadır. Bu səbəbdən bir çox binalar çıxarışla təmin olunacaq və rəsmi statistika artacaq", - deyə ekspert əlavə edib.

E.Azadov vurğulayır ki, işğaldan azad olunan və azad olunacaq rayonlarda 30 il öncə 800 mindən çox əhali yaşayıb: "Bu əhalinin də bir çox hissəsinin həmin ərazilərə köçürülməsi məsələsi də var. Bunun da təsiri olacaq".

Ekspert açıqlanan rəqəmlərin dərindən təhlil olunmasına zərurət olduğunu bildirib.

Əlaqədar

İyirmi yeddi il son ümidini sandıqda qoruyan köçkün: Daha dövlətə yük olmaq istəmirik
Yasamal və Xətaidə mənzillərə "kupça" veriləcək
Hər kəsin ürəyi orada döyünür: "Böyük Qayıdış" nə zaman başlanır?
Ekspert: “Yeni təhsil ili kirayə mənzil bazarında aktivlik yaratmayıb”
Ermənistan dağıdır, Azərbaycan hökuməti qurur: "Bizim böyük qayıdış planımız var"
Teqlər:
qayıdış, işğaldan azad etmə, mənzil, məcburi köçkünlər, sıxlıq, əhali, Bakı

Əsas mövzular