07:03 21 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
9620

Məktəblər qapadılanda hamı tədrisin keyfiyyətinin aşağı düşməsindən şikayət edirdi. İndi tədris prosesi bərpa edilir, hamı qorxusundan danışır.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 1 sentyabr — Sputnik. Sentyabrın 15-dən etibarən Azərbaycanın ümumtəhsil müəssisələrində yeni tədris ilinə mərhələli şəkildə başlanılması müəllim və şagirdlər arasında virusa yoluxma ilə bağlı narahatlıqlar yaradıb. Hətta bəzi valideynlər siniflər üzrə yaradılan WhatsApp qruplarında uşaqlarını məktəbə göndərməklə onların sağlamlığını təhlükəyə atdıqlarını, bu səbəbdən övladlarını dərsə göndərməyəcəklərini söyləyiblər. Valideynlər bu barədə Facebook sosial şəbəkəsində də paylaşımlar ediblər.

Təhsil naziri Emin Əmrullayev koronavirus pandemiyası dövründə məktəblərdə xüsusi qaydaların tətbiq olunacağını açıqlasa da, göründüyü kimi, valideynlər arasında narahatlıq qalmaqdadır.

Halbuki yeni tədris ilinə başlayan ölkələrin çoxunda Azərbaycanla oxşar qaydalar tətbiq edilib. Buraya müəllim və şagird heyətinin gündəlik temperaturunun ölçülməsi, tibbi maskadan istifadə, eləcə də koronavirus qeydə alınacaq məktəblərdə lokal olaraq dərslərin dayandırılması və sair profilaktik tədbirlər daxildir. Azərbaycanda da koronavirusa yoluxma qeydə alınacaq məktəblərdə lokal tədbirlərin görülməsi nəzərdə tutulub. Qonşu Rusiyada isə koronavirusa yoluxma qeydə alınan məktəbin yox, ancaq siniflərin karantinə alınması nəzərdə tutulub.

Sputnik Azərbaycan yeni təklif edimiş qaydalar əsasında tədrisin bərpasının müəllim və şagirdlər arasında virusa yoluxma riskini və əlavə hansı tədbirlərin tətbiqinə ehtiyac olduğunu araşdırıb.

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev bildirib ki, qapalı məkanlarda xəstəliyin yayılmasına əlverişli şərait yaranır. Bu baxımdan valideynlərin narahatlığı başa düşüləndir: "Hələ ki, məktəblərlə bağlı qaydalar Operativ Qərargah tərəfindən təsdiqlənməyib. Amma bəzi məsələlər var ki, məktəblərdə ona əməl edilməsi çox vacibdir. Çünki məktəblər qapalı məkandır. Qapalı mühitdə isə bir nəfərdə virusa yoluxma olursa, digərləri də müşahidə altına alınmalıdır. Bu məsələyə təhsil müəssisələrində necə əməl ediləcək, artıq bu, Operativ Qərargahın qərarından asılı olacaq".

C. İsayev ən vacib şərtin məktəblərə virusa yoluxma olan ailələrdən gələn şagirdlərin buraxılmaması olduğunu söyləyir:

"Nazir də qeyd etdi ki, hansı ailədə virusa yoluxma halı varsa, o evdən şagird məktəbə gəlməməlidir. Burada söhbət təkcə şagirdin yox, məktəblinin ailəsinin də sağlamlığından gedir. Bundan əlavə, övladında virusa yoluxma əlamətləri hiss edən valideyn uşağını məktəbə göndərməməlidir. Evdə kimsə xəstədirsə, virusla bağlı test aparılıb müsbət nəticə əldə edildikdən sonra şagird məktəbə göndərilməlidir. Bütün bu tələblərə əməl edilməlidir ki, biz maksimum məktəblərdə virusa yoluxma riskini azaldaq".

C.İsayev şagirdlər arasında virusa görə kütləvi test aparılması ilə bağlı səslənən fikirləri düzgün saymır. O deyir ki, ancaq şübhəli məqam olarsa, şagirdlərdən test götürülməlidir.

Təhsil üzrə ekspert Kamran Əsədov isə bildirib ki, məktəblərdə koronavirusa yoluxma riskini azaltmaq üçün dünyanın əksər ölkələrində tətbiq edilən qaydalardan istifadə edilməlidir: "Sinqapurda və Yaponiyada təhsilalanların məktəbin girişində yox, sinifdə temperaturları ölçülür. Çünki bayırdan gələn şagirdin temperaturu otaqda fərqli ola bilər. Fikrimcə, eyni qayda bizdə də tətbiq olunmalıdır. Bundan əlavə, şagirdlər arasında təhsil prosesində yoluxma baş verdikdə həmin sinifdə təhsil dayandırılmalıdır. Buna görə bütün məktəbdə, yaxud digər məktəblərdə təhsili dayandırmaq düzgün deyil. Azərbaycanda da bunun tətbiqi düzgündür".

K. Əsədovun sözlərinə görə, bu gün yaranan suallardan biri məktəbdə temperaturu olan şagirdlərin hansı formada karantinə alınacağı ilə bağlıdır: "Ola bilər ki, dərs prosesində hansısa şagirdin temperaturu yüksəlsin. Bu zaman həmin şagirdin evə, yaxud müalicə müəssisəsinə göndəriləcəyi dəqiqləşdirilməlidir. Bu məsələ qaydalarda öz əksini tapmalıdır".

K.Əsədov deyir ki, yeni dərs ilində məktəblərdə virusa yoluxma riskini azaltmaq üçün atılacaq daha bir addım pedaqoji heyətlə bağlı olmalıdır:

"Mümkün qədər yeni tədris ilində yaşlı və yanaşı xəstəlikləri olan müəllimləri gənc və sağlam müəllimlər əvəzləməlidir. Yaşı 50-dən keçən müəllimlər yalnız onlayn təhsilə cəlb olunmalıdır. Fələstində bir müəllimin 6 müəllim həmkarını yoluxdurması faktı baş verib. Ona görə də tədris həyata keçirilən təhsil müəssisələrində yoxlama çox obyektiv və dəqiq aparılmalıdır. Əks halda bizi çox çətin dövr gözləyəcək".

K. Əsədov bildirir ki, bununla yanaşı, müəllimlər tərəfindən şagirdlərin ailələrində sağlamlıqla bağlı gündəlik sorğu-sual aparılmalıdır: "Düzdür, əksər şagirdlər ailədə yoluxma faktını gizlədə bilərlər. Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanda da bununla bağlı abituriyentlər bəyannamə imzalasalar belə, aralarında ailədə yoluxma faktını gizlədənlər oldu. Amma hər bir halda şagirdlərin ailələrində virusa yoluxma məsələsi diqqətdə saxlanılmalıdır".

Əlaqədar

Maskalı, yuxulu, amma əzmli: onlar bu gün məktəbə getdilər
Tələbələrin Bakıya gəlməsinin mexanizmi işlənilir
Valideynlərin uşaqlarını məktəbə göndərməmək hüququ olacaq
"Distant təhsil metodu real, ənənəvi təhsili əvəzləyə bilməz"
Təhsil Nazirliyi valideynlərə xəbərdarlıq edib

Əsas mövzular