14:01 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
35820

Professor Vüqar Məmmədov deyir ki, Operativ Qərargahın bir çox yanaşmaları səhv olub və bu da son nəticədə özünü göstərməkdədir

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 28 avqust — Sputnik. Beş aydan çoxdur ki, Azərbaycan xüsusi karantin rejimində yaşayır. Ötən ilin sonunda Çində meydana çıxan koronavirus infeksiyası tez bir zamanda bütün dünyada tüğyan etməyə başladı.

Azərbaycanda koronavirusa ilk yoluxma faktı fevral ayında qeydə alınıb. Martın 3-dən tədris müəssisələri fəaliyyətini dayandırdı. Martın 11-də isə Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan etdi.

Ümumi bəlaya qarşı mübarizə çağırışına qoşulan Azərbaycanda da xüsusi karantin rejimi elan edildi. Demək olar ki, bütün sahələrin fəaliyyəti dayandırıldı.

Fəsadlar da elə bu dövrdən başladı. Kimsə tətbiq edilən qaydalara riayət etdi, kimi bu qaydalara qarşı çıxdı. Kimi işsizlikdən şikayətləndi, kimlərinsə psixoloji vəziyyətləri gərginləşdi.

Kütləvi gərginlik fonunda hər gün baş verən ağır cinayətlərin sayı da artdı. Ailə-məişət zəminində cinayətlərin sayında artım xüsusilə özünü qabarıq şəkildə göstərdi, boşanmaların sayı artdı.

Bu gün ötən 5 aydan çox bir müddətə nəzər salıb, əhalinin koronavirusla bağlı tətbiq edilən qaydalara necə əməl edib-etmədiyini düşünməmək mümkün deyil.

Dünya Tibbi Hüquq Assosiasiyanın birinci vitse-prezidenti, UNESCO bioetika kafedrasının Azərbaycan bürosunun rəhbəri, professor Vüqar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əhalinin böyük əksəriyyəti karantin rejiminə doğru şəkildə riayət edib.

"Xüsusilə də lap başlanğıcda – yəni 31 martdan yaşlı insanlar tərəfindən buna riayət daha ciddi oldu. Digər əhali qruplarına daxil olanlar da əvvəlki aylarla müqayisədə iyun-iyul aylarındakı sərtləşdirilmə vaxtı karantin qaydalarına daha ciddi riayət edirdilər. Təbii ki, riayət etməyənlər də, məsələyə məsuliyyətsiz yanaşanlar da vardı və belə şəxslər dünyanın bütün ölkələrində var. Biz bu cür insanların hər yerdə olduğunu görürük. Onlar Avropa ölkələrində də, Hindistanda da, Rusiyada da, Çində də, Gürcüstanda da var. Belə şəxslər cəzalandırma və ya əlavə maarifləndirilmə ilə doğru yola gətirilirlər", – deyə o vurğulayıb.

Ekspertin sözlərinə görə, qaydalara riayət etməməyin müxtəlif səbəbləri ola bilər. Yəni, hər riayət etməmə məsuliyyətsizlik deyil, bütün hallarda bunu belə adlandırmaq olmaz: "Məsuliyyətsizliyin səbəbləri isə müxtəlif ola bilər. Obyektiv və subyektiv faktorları çoxdur. O cümlədən də, rəsmi deyilənlərə inamsızlıq da var".

Onun fikrincə, qorxutmaq, psixoloji təzyiq Operativ Qərargahın əsas metodoloji yanaşması oldu ki, bu da səhv yanaşmadır.

"Mediada bu qorxutma, psixoloji təzyiq həddən artıq dozada verildi və bəzən rəsmi TV kanalları belə, həddi aşdılar. ÜST-nin tərifinə uyğun olaraq deyim ki, insanın sağlamlığı 3 komponentdən ibarətdir – fiziki sağlamlıq, ruhi sağlamlıq və sosial rifah. İnsanın ruhi sağlamlığını sındırmaqla, qorxutmaqla sən onu sağlam saxlaya bilməzsən. Bunun mahiyyətini bəzi məmurlar başa düşmədilər və yaxud başa düşmək istəmədilər" – deyə qeyd edən V.Məmmədov bildirib ki, Azərbaycan ağıllı anti-pandemik siyasətini aparsa, problemsiz çıxacaq.

"Əfsuslar olsun ki, Operativ Qərargahın atdığı bir çox yaxşı addımları ilə yanaşı, lüzumsuz addımları da oldu ki, onların nəticəsində iqtisadiyyatımıza, insanların maddi durumuna və sosial rifahına, onların sağlamlığına böyük zərbələr dəydi. Operativ Qərargah təkliflərimizi, mütəxəssis sözünü vaxtında dinləməyi özünə rəva bilmədi. Dinlənilsəydi, çox problemlərdə özlərini də, əhalini də qoruya bilərdilər. Payızda olan vəziyyət Operativ Qərargahın doğru yanaşması və addımlarından çox asılı olacaq", – ekspert deyib.

Mütəxəssisin fikrincə, pandemiyadan qurtuluş 2 yolla – peyvənd və ya immunitetlə mümkündür: "Bu pandemiya bu vaxta qədər olan bütün pandemiyalarla müqayisədə ən zəifidir. Ölüm faizi başlanğıcda 5.5-7% idisə, indi 3,8%-dir. Regionumuzda isə daha azdır. Məsələn Azərbaycanda 1,2-1,4%. Bu cür situasiyada peyvəndləmə yanaşmasının əleyhinəyəm. İmmuniteti daha üstün tuturam. Gərək özümüz immunitetimizi qoruyaq. Bunun üçün də ruhi sağlamlıq çox vacibdir".

Ekspert bildirir ki, xəstəlikdən qorxmaq lazım deyil, qorunmaq lazımdır: "Psixoloji rahatlığınızı qoruyun. Psixoloji stabillik sağlamlığınız və immunitetiniz üçün daha vacibdir. Əgər televiziya, internet, KİV-lərdə olan məlumatlar sizi narahat edirsə, qorxudursa, onlara baxmayın, oxumayın. Əvəzində, məsafə saxlamaqla, məsələn telefonla ailə üzvləri ilə, dostlarınızla çoxlu söhbətləşin, ünsiyyətdə olun. Təmiz hava vacib şərtdir. Qorunaraq təklikdə təmiz havada olmağınız vacibdir. Evinizin havasını tez-tez dəyişin. Yaxşı qidalanmaq vacib şərtdir. Meyvə, tərəvəz, soğan, sarımsaq. Fiziki aktivliyi unutmayın. Evdə ayaqüstü işlər fikirləşin ki, daim oturaq və uzanıqlı vəziyyətdə olmayasınız. İdman edə bilsəniz lap yaxşı olar".

Əsas mövzular