05:42 24 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
124401

Təhsil eksperti Nadir İsrafilov bir qədər optimistdir, psixoloq Zeynəb Eyyubova isə vəziyyətin yaxşı olmadığını deyir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 21 avqust — Sputnik. Bu gün Azərbaycan məktəblərində kişi müəllimlərin çalışmasına böyük ehtiyac var. Ancaq təəssüflə qeyd etmək lazımdır ki, bu sahədə gəlirlərin az olması kişilərin müəllim kimi çalışmasının qarşısını alır. Bu səbəbdən də kişilər ixtisas seçiimi edərkən belə müəllim olmağa üstünlük vermirlər.

Uşaqların isə məktəbdə kişi müəllim görməyə daha çox tələbatı var. Bu onların xarakterinin, davranışlarının formalaşmasında, müəyyən biliklərinin əldə edilməsində vacib rol oynayır.

Kişi müəllimləri təhsilə necə cəlb etmək olar?

Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, məktəblərdə kişi müəllimlərin azlıq təşkil etməsi tendensiyası, əvvəlki aktuallığını itirməsə də, artıq itirmək üzrədir.

O, qeyd edib ki, 90-cı illərin sonları 2000-ci illərin əvvəlləri üçün belə bir tendensiya bir sıra ölkələrdə olduğu kimi Azərbaycan üçün də xarakterik olub.

Belə ki, kişi müəllimlərin azlığına əmək haqqı ilə yanaşı, digər amillər də təsir edirdi. Bunlar özəl sektorda çalışmaq, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və bu kimi digər məsələlərlə bağlı idi.

"O vaxtların rəsmi statikasına görə Respublikamızda müəllimlərin 76,27 faizi, işə qəbul üzrə müsabiqəyə müraciət edənlərin 70 faizi qadınlar olub. Lakin bu amilin şagirdlərə, onların davranışına psixoloji təsirləri barədə əsaslı tədqiqatlar aparılmadığından, qadın müəllimlərin məktəblərdə üstünlük təşkil etməsinin birmənalı olaraq mənfi göstərici kimi qiymətləndirilməsi o qədər də real görünmür" - deyə o vurğulayıb.

Mütəxəssis əlavə edib ki, məktəb uşağın istər intellektual, istərsə də psixoloji inkişafına təsir edən əsas faktorlardan biri olduğundan, bir çox psixoloqlar kişi müəllimlərin çatışmazlığının onların psixologiyasına ciddi təsir göstərdiyini, başqa sözlə, qadın müəllimlərin çoxluğunun oğlan uşaqlarının xarakterinə təsirsiz ötüşmədiyini hesab edir.

Bəlkə də qeyd olunan səbəb üzündən uzun müddət kişi müəllimləri görməyən oğlanlar artıq müəllim kimi işləmək istəmirlər.

"Çoxlarının hesab etdiyi kimi, bu hər şeydən əvvəl onunla bağlıdır ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da gender bərabərliyinin pozulması mövcuddur. Bəzi hallarda bu bərabərsizlik həm yaşam tərzinə, həm də peşə seçiminə təsir göstərir. Bir ara, hətta cəmiyyət arasında müəllimliyin qadın sənəti olması ilə bağlı fikir də formalaşmışdı. Bunun nəticəsi kimi, kifayət qədər yüksək balla ali məktəbə daxil olanlar belə müəllim kimi çalışmaq istəmirdi" - deyə N. İsrafilov bildirib.

Ekspertin fikrincə, çoxlarına sirr deyil ki, gender bərabərsizliyi zəmanəmizdə bir çox sahələrdə olduğu kimi peşələr arasında da nəzərə çarpacaq dərəcədə dərinləşib. Məsələn, bank sektorunda çalışan qadınların sayı kişilərlə nisbətdə xeyli azdır. Təhsil sahəsində isə vəziyyət bir qədər fərqlidir. İndi oğlan uşaqları adətən informasiya-texnologiya sahəsinə meyllənirlər. Məlum olduğu kimi, əməkhaqqı ilə əlaqədar, kişilər əsasən məvacibi yüksək olan istehsal sahələrində çalışmağa üstünlük verirlər.

"Bildiyim qədər bir sıra qərb ölkələrində çıxış yolu kimi qadınlara münasibətdə kişi müəllimlərə daha böyük güzəştlər vəd edilir, kişi müəllimlərə qadın müəllimlərdən daha yüksək məvacib təklif edilir və s. Son illər ölkəmizdə də bu istiqamətdə müəyyən addımlar atılıb və proses davam etməkdədir. Görülən işlər artıq öz nəticəsini verməkdədir. Müəllimlərin işə qəbulu obyektivlik və şəffaflıq əsasında aparılır. Məzunlar artıq yavaş-yavaş pedaqoji sahəyə cəlb olunur. Əvvəlki illərə nisbətən son 3-4 il ərzində bu sahədə aktivlik müşahidə olunur. Sevindirici haldır ki, bu tendensiya artıq dəyişməyə doğru gedir. Məzunlarımızın qazandıqları nəticədən asılı olaraq təhsil sahəsinə meyllənməsinin şahidi oluruq. "Dayanaqlı İnkişaf Məqsədlərində" əsas göstəricilərdən biri də təhsil sistemində gender məsələsinin gözlənilməsidir" - deyə N. İsrafilov bildirib.

Ekspert hesab edir ki, bu sahədə aparılan işlər belə nəticəyə gəlməyə əsas verir ki, məktəblərdə kişi müəllimlərin azlıq təşkil etməsi tendensiyası, əvvəlki aktuallığını itirməsə də, artıq itirmək üzrədir.

Psixiloq Zeynəb Əyyubova Sputnik Azərbaycan-a açıqlamasıdna bildirib ki, həqiqətən məktəblərdə kiş müəllimlərin sayı çox azdır.

Psixoloqun firkincə, kişilərin müəllim sənətini seçməməsinin səbəbləri müxtəlifdir.

"Kişi evdə əsas qazanc mənbəyi hesab edilir. Və müəllim kimi çalışan kişi evinin bütün ehtiyaclarını təmin edə bilmir. Məhz bu səbəbdən də kişilər ixtisas seçərkən müəllim olmağa meylli olmurlar. Bu məsələ Azərbaycanda çox önəmlidir" - deyən psixoloq qeyd edib ki, boşanmaların çox olduğu və oğlan uşaqlarının kişi müəllimlərə daha çox ehtiyacı olduğu bir dövrdə bu nəzərə alınmalıdır.

Z. Eyyubova həmçinin qeyd edib ki, kişi müəllimlərin işə qəbulu zamanı da diqqətli olmaq lazımdır. Uşaqlara məhz kişi müəllim dərs desin deyə hər kişi müəllimi işə götürmək olmaz: "Məsələn, müəllim siqaret çəkirsə, pis vərdişləri varsa, bu şəxs də uşaqlara kişi nümunəsi ola bilməz".

Eksertin fikrincə, bu məsələyə kökündən diqqət yetirmək lazımdır. Onların əmək haqqına da diqqət yetirilməli və layiqli kişi müəllimləri işə cəlb edilməlidir.

Çünki bu gün məktəblərdə oğlan uşaqları kişi müəllimləri görməli, onlarla ünsiyyətdə olmalıdır.

"Bu gün çox sevindirici haldır ki, oğlan uşaqları məktəbdən kənar idmanla məşğul olur, kişi müəllimlərlə ünsiyyətdə olurlar. Bu da uşaqların formalaşması üçün çox əhəmiyyətlidir" - deyə psxioloq vurğulayıb.

Əsas mövzular