08:00 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
127650

Azər Kazımlı: "Pandemiya dövründən ən çox ziyan görən sahələrdən biri də fotoqrafiyadır. Onların əksəriyyəti bu dövrlərdə maddi sıxıntı yaşayırlar".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 19 avqust — Sputnik. Son illər ölkəmizdə geniş yayılmış sahələrdən biri də fotoqrafiyadır. Ölkəmizdə bu sahə ilə məşğul olan xeyli insan var. Amma peyzaj fotoqrafiyası ilə məşğul olan insan tək-tükdür desək, yanılmarıq. İxtisasca rejissor olan müsahibimiz Azər Kazımlı bu peşə və sevdiyi janrın çətinliklərindən danışıb:

"Əslində universitetə qəbul olunanda öz ixtisasımı özüm seçməmişdim. Mən universitetə qəbul olunana qədər, kodlaşdırma ilə istədiyin ixitisası seçə bilərdin. Mən qəbul olunduğum il, rejissorluq bir kod altında idi. Qəbul olandan sonra, bizdə bölgü apardılar. Baxmayaraq ki, mən vizual sənəti sevirdim, o niyyətlə universitetə qəbul olnumuşdum. Amma necə deyərlər, sən saydığını say, gör fələk nə sayır. Məni teatr ixtisasına götürdülər. Musiqili teatr üzrə təhsil aldım. Mən etiraz etsəm də, etirazıma məhəl qoyan olmadı. 2-ci kursda oxuyanda qrup yoldaşım Ümid fotoaparat almışdı. Mənim də bu sahəyə marağım var idi. Hərdən onun fotoaparatını istifadə edə-edə bu sahəyə marağım daha da artdı".

© Photo : Courtesy of Azer Kazimli
Azər Kazımlı

"Təbiət fotoqrafiyasından heç bir maddiyyat əldə etmirəm" deyən həmsöhbətimizin fotoları ölkə və dünya əhəmiyyətli layihələrdə iştirak edib: "Baxmayaraq ki, mənim peşədaşlarım "love story"lar çəkərək məndən daha çox gəlir əldə edirlər. Amma bu məni qətiyyən maraqlandırmır. Toy, xınayaxdı, nişan fotoları çəkmək mənim diqqətimi çəkmir. Prezident İlham Əliyev 2018-ci ilin aprelin 20-də imzaladığı "Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradıldı. Bu xəbər məni çox sevindirdi. Həmin vaxt televiziyada çalışırdım. Düşündüm ki, bu sahə inkişaf edəcək. Günlərin bir günü mənə zəng gəldi ki, sizin 3 fotonuz bəyənilib. İlk dəfə 3 fotomu satdım. Həmin vaxt maddi sıxıntım da var idi. Bundan başqa, istəyirdim ki, fotolarım "sandıq"da qalmasın. İstəyirdim hansısa jurnalda, saytda dərc olunsun. Amma mən təklif etməyim. Onlar məndən istəyib alsınlar. Onlar bir çox platformada aldıqları fotoları yayımladılar. Hər şey bununla başladı. Ondan sonra Dövlət Turizm Agentliyinin layihələri oldu. Həmin layihələrdə mənim də fotolarım yer aldı. Dövlət Turizm Agentliyi ilə əməkdaşlığa başladığım illərdə fotomonitor yaratdılar. Həmin stendlərin birini mənə ayırmışdılar. Davamlı olaraq mənim müxtəlif rayonlarda çəkdiyim fotolar orada nümayiş olunurdu".

© Photo : Courtesy of Azer Kazimli
35AWARDS-da yer alan foto

"Azərbaycanın turizm potensialının tanınması ilə bağlı nəşr olunan "Experience Azerbaijan" jurnalının 2-ci sayında Dövlət Turizm Agentliyinin sifarişi ilə Azərbaycanda yəhudi mədəniyyəti ilə bağlı fotolarım oldu. Həmin fotolar jurnalda dərc olundu. Jurnal yerli auditoriya üçün nəzərədə tutulmayıb. 2019-cu ilə qədər qatılırdım, amma ciddi nailiyyət yox idi. Rusların məhur "35 awards" beynəlxalq foto müsabiqəsində iştirak etdim. Çox məşhur rus fotoqrafları qatılır o müsabiqəyə. Münsiflər də Rusiyanın ən məşhur fotoqrafları idi. "Mənzərə çadırdan" adlı nominasiya var idi. Həmin nominasiya üzrə 3 foto yolladım. Onlardan biri həmin nominasiyada "top-5"-ə daxil olmuşdu. Mənim üçün böyük uğur sayılmışdı. Təəssüf ki, həmin müsabiqədə azərbaycanlı fotoqrafların fotoları "top-10"luğa düşməyiblər" - deyə Kazımlı əlavə edib.

Qəhrəmanımız üçün təbiət motivasiya qaynağı olsa da, təbiəti insansız təsəvvür etmir: "İnsan mənim üçün daha önəmlidir. Peyzajı da insansız çəkmirəm. 3 il Qubada televiziyada işlədim. Həmin rayon mənim üçün doğmalaşdı. Bundan əvvəl də mən Müşfiqabadda yaşayıram, orada da həmişə fotolar çəkiridim. Orada boş ərazilər çox idi. Oralarda dovşan, tülkü, çaqqal olardı. Atamgil Gürcüstanın Başkeçid rayonundandır. Orada dağ var. Uşaqlıqda babamla həmişə o dağa çıxırdım. Uşaqlıqdan dağa, dərəyə, düzənliklərə həvəsim olub".

© Photo : Courtesy of Azer Kazimli
Azər Kazımlı

Kazımlının qəhrəmanlarının böyük bir qismi ucqar kənd adamlarıdır. O, hesab edir ki, ən səmimi və koloritli insanlar məhv ucqar kəndlərdə yaşayır: "Kəndlərdəki qadınlar daha kompleksizdirlər, nəinki şəhərdəkilər. Şəhərdəki qadınları çəkəndə etiraz edirlər. Amma kəndlərdə, xüsusi ilə ucqar kəndlərdəki qadınlar buna etiraz etmirlər. Mənim fotolarımın içində kifayət qədər qadın portretləri var, onları ucqar kəndlərdə çəkmişəm. Ümumiyyətlə, mən paytaxtdan ucqar kəndlərə gedəndən sonra anladım ki, insanlar mərkəzdən ucqara doğru getdikcə, səmimiyyət artır. Mərkəzə yaxınlaşdıqca səmimiyyət itir. Bunu Qubanın ucqar kəndlərinə gedəndən sonra gördüm. Bir dəfə Qubanın Qrız kəndində balaca bir qızcığaz var idi. Onun çox dolğun siması var idi. Sanki yetkin bir qadın idi. Yaxınlaşdım dedim ki, "xanım qız, olar sizin fotonunuzu çəkim? Aqressiv şəkildə "yox" dedi. Bəlkə də onda bu fikri formalaşdırıblar ki, "sən qızsan, sənin fotonu çəkmək olmaz".

Fotoqraf təbiəti nə qədər çox sevsə də təbiətin hər guşəsini sevmir. Çoxlarının ilham mənbəyi olan meşələr onun üçün əzabdır: "Bu ilin sentyabrın sonu, oktyabrın əvvəllərinə Mərkəzi Asiya ölkələrinə səfərim olacaqdı. Çox istəyirdim. Çünki mənim ən çox sevdiyim yer səhralardır. Təbiəti sevsəm də, meşəni sevmirəm. Meşə mənə enerji vermir, əksinə məni sıxır. Özümü çox pis hiss edirəm meşələrdə. Mən açıq əraziləri sevirəm. Hansı ki, insanlar ona baxıb, oranı mənasız görə bilər. Mərkəzi Asiyaya səyahət planım ona görədir ki, orada çöllüklər, çılpaq dağlar boldur. Çılpaq dağlar, çöllüklər, məni daha çox cəlb edir. İki ildir bu, mənim deynimdədir. 2 ildir ki, ruhən oralardayam. Pandemiya ilə əlaqədar, bu planım uzanır".

© Photo : Courtesy of Azer Kazimli
Azər Kazımlı

Kazımlı əlavə edib ki, peşəkar fotoqraf olmaq üçün təhsil bir o qədər də vacib deyil: "Fotoqrafiya, həvəskar sənət növüdür. Bu sahəylə hər kəs məşğul ola bilər. Bu işi professionallığa çevirib, bu sahədən milyonlar qazanan, həyatını bunun üzərində quran insanlar var. Bu sahə üzrə təhsil almaq o qədər də əhəmiyyətli deyil. Təbii ki, bu sahəni daha da inkişaf etdirmək üçün biliklər əldə etmək yaxşı olar. Amma bu o demək deyil ki, sən bu sahədə təhsil almamısansa, fotoqraf ola bilməzsən. Sadəcə, təhil almaq ona görə yaxşıdır ki, sənin getmək istədiyin yolları qısaldacaq, daha kəsə yolla gedə biləcəksən. Bu gün Azərbaycanda fəaliyyət göstərən fotoqrafların 99%-i qeyri-peşə sahibləridir". Təbiət vurğunu olan həmsöhbətimiz deyir ki, peyzaj fotoqrafiyası ilə başlayanlar maddi sıxıntıya görə, bu sahədən uzaqlaşıb, janrlarını dəyişiblər: "Təbiət fotoqrafiyasına başlayanların gərək arxasında maddi dayağı olsun. Çünki, ilk illərdə pul qazana bilməyəcəklər. Gün keçdikcə texnikalar dəyişir və onlar dövrləri ilə ayaqlaşa bilməyəcəklər. Mənim tanığım insanlar var ki, onlar təbiət fotoqrafiyasını seviblər. Amma maddi baxımdan problemlər yaşadıqlarına görə, həmin işdən uzaqlaşıblar. Düşünüblər ki, gedib toy-nişan fotosessiyası etsələr, daha yaxşı gəlir əldə edə bilərlər".

© Photo : Courtesy of Azer Kazimli
Azər Kazımlının çəkdiyi portret

Təbiət fotoqrafiyası nə qədər gözəl, cəlbedici görünsə də çəkilmiş fotolar fotoqrafın səhhətinin korlanması hesabına başa gəlib: "Çünki, bəzən qarın üstündə yatıb, suyun içinə girib şəkil çəkmək məcburiyyətində qalırsan. Çəkiliş vaxtı bunu hiss etmirsən. Sonra baxırsan ki, səhhətində problemlər yaranıb. Məsələn, mənim ayaqlarımda və böyrəklərimdə problem yaranıb. Ayaqlarımı 5 il müalicə etdirdim, nəhayət ki, bu il sağaldım. Bunda pandemiyanın da böyük "rol"u var. Məcburən evdə qalmalı oldum, ağrılarım azaldı. Əvvəl nə qədər müalicə etsəm də heç bir xeyri yox idi. Çünki, davamlı olaraq təbiətdə olurdum, müalicəmin effekti olmurdu. Pandemiya dövründə fiziki olaraq sağalsam da, mənən vəziyyətim çox pisdir".

"Pandemiya dövründən ən çox ziyan görən sahələrdən biri də fotoqrafiyadır. Onların əksəriyyəti bu dövrlərdə maddi sıxıntı yaşayırlar. Bu, məndən də yan keçmədi. Amma bir neçə layihədə qazandığım məvaciblə bu ayları yola verə bilirəm. Mənim başqa rayonlara səyahət etmək şansım olsa da heç yerə getmədim. Çünki, düşünürəm ki, bu qədər insan 4 divar arasında qalıb, onların harasa çıxmaq şansı yoxdur. Mən istirahətə getsəm, özümdə rahatlıq tapmayacağam. Ona görə də heç yerə getmədim. Pandemiya dövründə dəyişən təbiəti yox, dəyişən insanları görmək üçün evdə qaldım. Elə insanlar var ki, onlar qeyri-qanuni yolla təbiəti "ziyarət" etməyə getdilər. Bu, sırf digər insanları qıcıqlandırmaq üçündür" - deyə fotoqraf əlavə edir.

© Photo : Courtesy of Azer Kazimli
Azər Kazımlı

Qəhrəmanımız başına gələn qorxulu filmləri xatırladan hadisələrdən danışıb: "Bir dəfə 2 dostumla birlikdə Qubanın 2 ucqar kəndi arasında piyada yürüş edəcəkdik. Cek kəndindən başlayıb, Qrız kəndinə doğru yürüş edəcəkdik. Getdiyimiz vaxt yayın əvvəlləri idi, Qudyal çayın bolsulu vaxtı idi. Çayı çətinliklə keçdik. Nə kompas, nə də telefonumda istiqamətləri göstərən proqramlar var idi. Dostlarımın birinin məsləhəti ilə bir istiqaməti seçdik və azdıq. Ətrafımızda nə kənd, nə yol, nə də insan görünürdü. Dostlarımdan biri ingilis idi. O, artıq qorxmağa başladı. Telefonumda çətinliklə də olsa "set" tapa bildim. Bizi o istiqamətə gətirən sürücüyə olduğumuz yeri başa salmağa çalışsaq da, alınmadı. Axırda belə qərara gəldik ki, kol-kos tapıb tonqal yandıraq, bəlkə onun vasitəsi ilə tapa bilər bizi. Nəhayət, biz böyük bir tonqal yandırdıq, tonqal vasitəsi ilə sürücü bizi tapdı. Sürücü bizi tapandan sonra, tonqalı söndürməyə çalışsaq da alınmırdı. Çox böyük mücadilədən sonra, tonqalı söndürə bildik".

"Təbiət ecazkar göründüyü qədər, həm də amansızdır" deyən həmsöhbətimiz bildirir ki, yaşadığı çətin anlar onu daha qorxmaz edib: "ADA Universitetinin tələbələri ilə Qusarın Laza kəndinə hayking etmişdik. Tələbələr təcrübəsiz olduğundan yürüşü ləng aparırdılar. Dekabr ayı idi, baxdım ki, hava getikcə qaralır, tələbələr isə hər daşın, hər qayanın yanında foto çəkdirmək istəyirlər. Saat irəliləyir, biz çatmalı olduğumuz nöqtəyə gedib çata bilməmişik. Mən həmin gün bələdçi və fotoqraf idim. Dəfələrlə onları tələsdirməyə çalışsam da alınmadı. Çox güclü külək əsirdi. Mən elə bir küləyi heç yerdə görməmişdim. Güclü külək, şaxta və qar bizim hərəkət etməyimizə mane olurdu. Xanımlar artıq qorxmağa başladılar. Əsl qorxulu film səhnələrini xatırladırdı. Qorxulu anlar yaşasaq da bu, bir təcrübədir. Yəni, təbiətlə zarafat etmək olmaz. Həmin an vəhşi heyvanlarla da qarşılaşa bilərdik. Amma bu çətinliklər məni daha da güclü edib. Hər bir təhlükləli məqamlarda soyuqqanlı davranmağı öyrəndim".

"Dövlət Turizm Agentliyinin bir layihəsi var idi. Həmin layihə çərçivəsində ölkənin bir çox bölgələrində oldum. Elə olurdu, səhər bir rayonda, axşam digər rayonda olurdum. Həmin vaxt tək səyahət edirdim. Qəbələnin Laza kəndinə səyahət edəndə kənd sakinləri məsləhət gördülər ki, yanımda təcrübəli, o kəndin hər nöqtəsini tanıyan bir insanla gedim. Amma mən onlardan istiqaməti soruşdum, yolumu davam etdim. Çünki, mənim yanımda 2-ci şəxs olanda narahat oluram. Yaradıcılıqla məşğul ola bilmirəm. Məcburam yanımdakı insanı nəzərə alım. Ona görə hərəkət edim. Tək olanda isə daha rahat oluram. Ümumdünya Vəhşi Təbiət Fondu (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərovun keçdiyi master klassda iştirak etdim. Elşad müəllim bizə təbiətdə vəhşi heyvanla rastlaşsaq hansı addımları atmaq lazım olduğunu bizə izah etdi" - deyə A. Kazımlı bildirib.

Əsas mövzular