CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Suda boğulanların xilası onun öz əlindədir: Qaydalara əməl etsək, başımız da dərddə olmaz

© Sputnik / Murad OrujovЖители Баку вышли на пляжи после смягчения карантина
Жители Баку вышли на пляжи после смягчения карантина - Sputnik Azərbaycan
Abunə olmaq
İstirahətin xoş keçməsi üçün təhlükəsizlik də vacibdir. Təəssüflər olsun ki, nə qədər maarifləndirmə işləri aparılsa da, yenə öz həyatına biganə yanaşan insanlar var.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 7 avqust— Sputnik. Artıq iki gündür ki, sərt karantin dövrünü yaşayan Azərbaycanda çimərliklər insanlara qaytarılıb. Havaların sərin keçməsinə baxmayaraq, yay mövsümünün başa çatmasına bir ay qaldığını nəzərə alan insanlar üzlərini çimərliyə tutublar.

Bakıda çimərlik - Sputnik Azərbaycan
FOTO
Salam, dəniz! Biz gəldik...

Ancaq istirahətin xoş keçməsi üçün təhlükəsizlik də vacibdir. Təəssüflər olsun ki, nə qədər maarifləndirmə işləri aparılsa da, yenə öz həyatına biganə yanaşan insanlar var.

Mütəxəssislərin fikrincə, çimərlikdə boğulmaya birinci səbəb məhz insanların özlərinin biganəliyidir. İnsanlar üzə biləcəklərini güman edərək dərinliyə gedir, küləkli, dalğalı havada suya girirlər. Ən çox boğulanlar dənizə sərxoş halda girənlər arasında qeydə alınır. Eyni zamanda, insanların qeyri-çimərlik ərazilərinə üz tutması və burada heç bir təhlükəsizlik tədbirlərinin görülməməsi də əsasa faktorlar arasında yer alır.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, çimərliyə gedərkən hava şəraiti nəzərə alınmalıdır: "Boğulma hadisələri çox zaman küləkli havalarda baş verir. İnsanlar çimərliyə istirahət və əyləncə üçün gedir. Buna görə də, çalışın ki, nəzarətsiz və natəmiz olan yerlərə getməyin.

Vətəndaşlar adətən eyni çimərliklərə gedirlər. Yəni, getdikləri yerdə suyun hansı səviyyədən sonra dərinləşdiyini, suyun dibində daş kəsəyin olub-olmamasını bilirlər. Ancaq nəzərə almaq lazımdır hava küləkli olarsa, dənizdə dalğa olarsa, dünən ilə bu gün arasında fərq yarana bilər. Yəni suyun dibi fiziki olaraq dəyişə bilər. Yarğanlar, su axınları əmələ gələr bilər. Bəzən vətəndaşlar bu məsələni düşünmədikləri üçün gözlənilməz və xoşagəlməz hadisə ilə nəticələnə bilər. Bu səbəbdən də çimərliyə gedərkən ötən gün olan hava şəraitini nəzərə alın".

Ekspert vurğulayıb ki, ümumiyyətlə qeyri-çimərlik əraziləri anlayışı ləğv edilməlidir. Yəni, çimərlik varsa, orda lazım olan bütün təhlükəsizlik tədbirləri görülüb, sonra insanların ixtiyarına verilməlidir.

"Bununla bağlı bir neçə dövlət qurumu müştərək işləyə bilər. Hazırda çimərliklərə Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları nəzarət edirlər. 

Zuğulbadan reportaj - Sputnik Azərbaycan
CƏMİYYƏT
Karantin rejimi, dəniz sevdası: boşluqda aydın seçilənlər - FOTO
Onu da qeyd edim ki, keçən ili boğulma hallarının demək olar ki, heç biri Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşlarının xidmət apardığı yerlərdə baş verməyib. Demək, nəzarət olarsa, çimərlikdə boğulma halları baş verməz", – deyə ekspert vurğulayıb.

O həmçinin bildirib ki, Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşlarına çimərlikdə qayda pozanlarla bağlı inzibatı cəza tədbirlərinin görülməsi ilə bağlı bir səlahiyyətin verilməsi daha məqsədə uyğun olardı. Çünki bəzən qayda pozanlar xilasedici nəzarətçilərin qanuni tələbinə məhəl qoymur, onlarla mübahisə edir, hətta fiziki qüvvə tətbiq edirlər.

Bu səbəbdən də, qayda pozanları məsuliyyətə cəlb etmə səlahiyyəti verilməsi yaxşı olardı.

Elmar Nurəliyev xüsusilə qeyd edib ki, xilasetmə xidmətinin xilasediciləri olmadığı, çimmək üçün icazə verilən yerdən uzağa getməmək üçün qadağanedici nişanlar olmayan, sahili natəmiz, daş-kəsəkli , çınqıl və şüşə qırıqları ilə dolu olan, kanalizasiya sularının axıdıldığı yerlərə getmək qadağan edilməlidir.

"Çimərlikdə alkoqollu içkilər qəbul etmək olmaz. Bu, birbaşa insan həyatı üçün təhlükəlidir. Həm də qeyd edilməlidir ki, spirtli içki qəbul edən şəxsi daha tez gün vurur. Sərxoş insanlar suda da tez boğulur", – deyə ekspert vurğulayıb.

Həkim terapevt Məlahət Abbasova isə açıqlamasında bildirib ki, çimərliklərə gedərkən qidalanmaya da xüsusi diqqət yetirmək lazımdır. Belə ki, dəniz kənarında yağlı, qızardılmış , konserviləşdirilmiş qidaları qəbul etmək olmaz: "İsti havalarda gün altında belə qidalar qəbul etmək sağlamlıq üçün zərərlidir. Dəniz kənarında daha çox az kalorili qidalar, meyvə-tərəvəz yemək lazımdır. Bəzən görürsən ki, dənizdə istirahətə gələnlər kabablar, dönər, toyuq qrili və s. yeməklər yeyir. Amma isti vurduqca belə qidalar mədə-bağırsaq sisteminə toxunur və halsızlıq yaradır".

Həkim bildirib ki, dəniz kənarında günvurmadan da qorunmaq lazımdır. Buna görə, həm geyimə, həm də baş örtüyünə diqqət yetirmək vacibdir: "Ümumiyyətlə, çalışın ki, saat 11.00-17.00 radələrində açıq havaya çıxmayasınız. Bu radələrdə günəş şüaları daha güclü təsirə malik olur".

Xəbər lenti
0