08:47 29 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (373)
113220

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Bakı şəhəri, Abşeron rayonu və ölkənin digər rayon və şəhərlərində də xilasetmə məntəqələri-dalğıc axtarış qrupları var.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 5 avqust — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, artıq bu gündən çimərliklərin istifadəsinə icazə verilib.

Xidmət ərazilərində nə kimi işlər görülür, boğulmalara səbəb nədir, çimərliyə gələnlər qaydalara əməl edirmi? Sputnik Azərbaycan-ın suallarına Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət mayoru Aqşin Əlili cavab verib:

© Sputnik / Irade JELIL
Aqşin Əlili

- Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Bakı şəhəri, Abşeron rayonu və ölkənin digər rayon və şəhərlərində də xilasetmə məntəqələri-dalğıc axtarış qrupları var. Bütün bu məntəqələrin ərazisi üzrə xidmət tərəfindən kompleks təhlükəsizlik tədbirləri həyata keçirilir. İlkin olaraq dalğıclar vasitəsilə sualtı baxışlar, sualtı təmizləmə işləri aparılıb. Sualtı təmizləmə zamanı aşkar edilmiş bütün təhlükələr xüsusi nişanlarla nişanlanılıb. Eyni zamanda üzmə sərhədlərini müəyyən edən nişanlar qoyulub. Çimərlikdən istifadə edən vətəndaşların maarifləndirilməsi üçün ərazidə maarifləndirmə lövhələri yerləşdirilib.

Çimərlikdə xoş zaman keçirmək üçün bir sıra təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini bildiririk.

Belə ki, yeni növ koronavirusdan qorunmaq məqsədilə:

- çimərlikdə, ailə üzvləri istisna olmaqla, insanlar arasındakı məsafə 2 m, çətirlərin oxları arasındakı minimal məsafə 4 m olmalıdır!

- qapalı yerlərdə mütləq, açıq ərazilərdə və su ilə təmas olmayan yerlərdə mümkün qədər tibbi maskadan istifadə edilməlidir!

- özünüzdə COVID-19 infeksiyasına yoluxmaya xas simptomlar olan qızdırma, quru öskürək və s. hiss etdikdə dərhal tibb məntəqəsinə müraciət edilməlidir!

Həmçinin vətəndaşlara müraciət edirik ki, nəzarət olunmayan ərazilərdən istifadə etməsinlər. Çimərlik ərazisində xilasetmə texnika və vasitələri yoxdursa, üzmə sərhədlərini müəyyən edən nişanlar qoyulmayıbsa, bu ərazi nəzarət edilməyən ərazidir. Həmin ərazilərdə kompleks nəzarət tədbiləri görülmədiyindən belə ərazilərdən çimərlik kimi istifadə etmək təhlükəlidir.

Eyni zamanda çimərliklərdə qadağandır:

- nəzərdə tutulmamış ərazilərdə çimmək;

- çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;

- küləkli havada dənizə girmək;

- çimərlikdə gecələmək;

- sərxoş halda çimərlikdə olmaq;

- suda kobud hərəkətlər etmək;

- çimərlikdə balıq tutmaq;

- xilasetmə texnikasından başqa, digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq.

Yadda saxlayın:

- Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!

- Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!

- Hansı ərazilər çimmək üçün təhlükəli ərazilər hesab edilir?

Abşeron yarımadasında xüsusi təhlükəli ərazilər vardir ki, həmin ərazilərdə qadağanedici nişanların yerləşdirilməsinə baxmayaraq, bəzi vətəndaşlar həyatlarını təhlükəyə ataraq bu ərazilərdən istifadə edirlər ki, sonda bədbəxt hadisələr qaçılmaz olur. Misal üçün, Sabunçu rayonu Nardaran qəsəbəsi 12-ci dalan, Sabunçu rayonu Nardaran qəsəbəsi Yaxt klub, Sabunçu rayonu Ləhiş bağlarında estakada, Xəzər rayonu Şüvəlan qəsəbəsi Mil qaya deyilən ərazi, Xəzər rayonu Şüvəlan qəsəbəsi Şimal Qres, Xəzər rayonu Mərdəkan qəsəbəsi Marina beach istirahət mərkəzinin yaxınlığı, Binəqədi rayonu Novxanı və Goradil qəsəbələri aralığında San qaya deyilən ərazi, Qaradağ rayonu Mayak deyilən ərazi "Azpetrol" yanacaq doldurma məntəqəsiylə üzbəüz, Sumqayıt şəhəri Novxanı qəsəbəsi Ləman çimərliyinin yaxınlığı kimi bir sıra çimərlik üçün xüsusi təhlükəli əraziləri qeyd etmək istərdim.

- Bilirsiniz ki, bu gün özəl çimərliklər də fəaliyyət göstərir. Vətəndaş haradan bilməlidir ki, getdiyi çimərlik nəzarətdədir və təhlükəsizlik qaydalarına əməl edilir?

- Artıq çimərliyə daxil olarkən ərazinin nəzarət olunub-olunmadığını aydın şəkildə müəyyən etmək olar. Vətəndaş çimərlikdə üzmə sərhədini müəyyən edən nişanlar, xilasetmə avadanlıqları, müşahidə qülləsi və xilasedicilər görmürsə, bu, nəzarətsiz çimərlikdir. Burada əsas deyil ki, ərazidə FHN xilasediciləri fəaliyyət göstərsinlər. Çimərlik operatorlarının öz xilasediciləri də ola bilər. İstər özəl olsun, istərsə də dövlət çimərlikləri təhlükəsizlik tədbirləri görülürsə, bu artıq nəzarətdə olan çimərliklərdir.

- Vətəndaşların xilasedicilərə qarşı kobud rəftarları tez-tez özünü göstərir?

- Tez-tez deməzdim. Əlbəttə, bizim cəmiyyətimizdə kifayət qədər qaydalara əməl edən şəxslər var və bəzən elə vətəndaşlar olur ki, ictmai qınaq məsələlərində çox aktivlik nümayiş etdirirlər. Amma elə vətənaşlar da olur ki, qaydalara əməl etmir, xilasedicinin tələblərinə önəm vermirlər.

- Dənizdə boğulmalara, ölüm hallarına əsas səbəb nədir?

- Dənizdə boğulmanın bir çox səbəbləri var. Bəzən vətəndaş elə düşünür ki, üzə bilirsə, sağ qalacaq. Belə bir qayda yoxdur ki, "mən üzə bilirəmsə, sağ qalacağam". Hətta statistika belə göstərir ki, üzgüçülər belə boğulurlar. Suda boğulma hallarının siyahısında infarkt, qıcolma və panika kimi səbəblər də vardır. Ona görə də səhhətlərində problem olan vətəndaşlar çimərliklərdə daha diqqətli olmalıdırlar. Digər səbəblər spirti içki qəbul edərək sərxoş halda çimərlikdən istifadə etmə, valideyn nəzarətindən yayınan uşaqlar və ən əsas səbəblərdən biri nəzarətsiz təhlükəli ərazidən istifadədir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı isə 112-yə zəng edin!

Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (373)

Əlaqədar

Son 27 gün: çimin, çimə bildiyiniz qədər
Azərbaycanda karantin rejimi qismən yumşaldılır - DETALLAR
Çimərliklərdə monitorinq - harda çimə biləcəyinizi açıqladılar
Mövsüm qurtarır, Abşeron sakinləri isə hələ də qış üçün D vitamini toplamayıblar
Ekspert: “Çimərliklərə “ASAN könüllüləri”nin cəlb olunması yaxşı haldır”

Əsas mövzular