09:36 21 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
333 0 0

Ekspert: "Hadisə baş verdikdə sığorta şirkəti tərəfindən zərər çəkənə ödəniləcək məbləğ hazırda əmlaka dəyən zərər üzrə maksimum 5 min manatdır və bu məbləğin artırılması gözlənilir. Əgər sığorta ödənişi 20 faiz artsa, bu məbləğ 6 min manat olacaq"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 29 iyun — Sputnik. "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqının daha çox olması təklif edilir. Yəni bu sığorta növü üzrə sığorta haqqı məbləğinin, mövcud sığorta haqqı məbləğindən təxminən 10-20 faiz çox olması təklif edilir". 

Bunu Sputnik Azərbaycan-a sığorta üzrə ekspert İlkin İbrahimov sığorta sektorunda gözlənilən yeniliklərdən danışarkən deyib.

Ekspert bildirib ki, məsələn, təkliflər qəbul edilsə, sığorta haqqında 20 faiz artım olsa, sığorta haqqı 100 manat olan bir avtomobil üçün bu məbləğ 120 manat olacaq: "10 faiz artım olsa, bu məbləğ 110 manat təşkil edəcək. Amma eyni zamanda bu sığorta növü üzrə sığorta ödənişinin, yəni hadisə baş verdikdə sığorta şirkəti tərəfindən zərər çəkənlərə ödəniləcək məbləğin də artırılması təklif edilir. Yəni hadisə baş verdikdə sığorta şirkəti tərəfindən zərər çəkənə ödəniləcək məbləğ hazırda əmlaka dəyən zərər üzrə maksimum 5 min manatdır və bu məbləğin artırılması gözlənilir. Əgər sığorta ödənişi 20 faiz artsa, bu məbləğ 6 min manat olacaq".

"Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı nəqliyyat vasitəsinin növündən, hüquqi və fiziki şəxsə məxsus olmasından, mühərrik həcmindən, yük götürmə qabiliyyətindən və sərnişin sayından asılı olaraq 50 manatdan 300 manatadək dəyişir. Amma fikrimcə, pandemiya dövründə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqının artırılması düzgün addım olmaz. Statistika da göstərir ki, hazırda sığortalanma faizi aşağı düşüb. İcbari sığorta ilk növbədə sosial məqsəd daşıyır. Sığorta haqlarının artırılması hazırki dövr üçün məqsədəuyğun deyil", – deyə o bildirib.

O qeyd edib ki, burada Bonus-Malus sisteminin təkmilləşdirilməsi də təklif edilir və bu, müsbət addımdır: "Bonus-Malus sistemi - əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olub-olmamasından asılı olaraq, sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsallar tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemidir. 

Bonus-Malus "yaxşı-pis" deməkdir. Bonus o deməkdir ki, daha yaxşı, intizamlı sürücülər növbəti il sığorta haqqı üzrə 5 faiz endirim əldə edirlər. Malus isə o deməkdir ki, intizamsız sürücülər əlavə olaraq sığorta haqqı ödəyirlər. Yəni intizamlı, qəza törətməyən sürücülərin ödədiyi sığorta haqları hər il azaldılır, intizamsız, ilboyu qəza törədən və ödəniş alan sürücünün ödədiyi sığorta haqqı isə artırılır. Hazırda bəzi sığorta agentləri Bonus-Malus sistemindən sui-istifadə edirlər. Bu sistem təkmilləşsə, daha yaxşı olar".

Qeyd edək ki, Azərbaycanın sığorta sektorunda yeniliklər gözlənilir. Dəyişikliklər özünü ilk növbədə avtomobillərin icbari sığortasında göstərəcək. Söhbət sığorta haqlarının məbləğinin dəyişməsi, bonus-malus mexanizminin dəyişdirilməsi, eləcə də, agentlərə ödənilən komissiya haqlarına yeni yanaşmadan gedir. Sığorta qanunvericiliyinin təkmilləşdirilməsi üçün Mərkəzi Bankın rəhbərliyi və nəzarəti altında sığorta şirkətlərinin iştirakı ilə təkliflər planı hazırlanıb və müvafiq qurumlara təqdim edilib. Sığorta şirkətləri tərəfindən sığorta sektorunda problemlərin həll edilməsi, eləcə də istehlakçı hüquqlarının qorunması məqsədilə sığorta qanununda müəyyən istiqamətin alınması da hədəflənib.

Əsas mövzular