İlham Əhmədov, Sputnik Azərbaycan
BAKI, 22 iyun — Sputnik. Azərbaycanın ən qədim, ən dilbər güşələrindən biri olan Şamaxının adı çəkiləndə ilk ağla gələn rayonun tarixi, abidələri, ucsuz-bucaqsız üzüm bağları və heyvandarlıq təsərrüfatlarıdır. Lakin bu dəfə Şamaxını tam fərqli bir təsərrüfat və sahibkarlıq sahəsi ilə tanıyacağıq. Məsələn, ilbiz təsərrüfatı ilə.
Ölkəmizdə ziyanverici hesab olunan, kimyəvi vasitələrdən istifadə edərək məhv edilən ilbizlər Avropada (həmçinin bir sıra Şərqi Asiya ölkələrində) restoranlarda ən qiymətli delikates kimi istifadə olunur. Məsələn, Fransada kübar cəmiyyət nümayəndələrinin ziyafətlərində ilbiz ekzotika sayılır. Bu yemək daha çox varlı insanların süfrələrində yer alır. Səbəb isə onun həddindən artıq bahalı olmasıdır.
Şamaxı rayon sakini Akif Əmralı fərdi həyətində İlbiz təsərrüfatı ilə məşğul olur. Sənəti diş həkimi olmasına baxmayaraq, fermer 20 ildən çoxdur ilbiz kürüsü satmaqla qazanc əldə edir. Müsahibimiz deyir ki, dünyada ilk dəfə ilbiz kürüsünün istehsalına 1987-ci ildə Fransada başlanılıb və 1989-cu ildə satışa çıxarılıb. Bundan sonra Akif Əmralı İlbizlərin toplanmasına, yetişdirilməsinə və satışına qərar verib. 1997-ci ildə ilk məhsulunu yerli , 2017-ci ildə xarici bazara çıxaran fermer deyir ki, proteini yüksək, xolestorolu az olan, insana yüksək enerji verən ilbiz bir çox xalqlar tərəfindən yeyilir. Düzdür, bir çox Avropa və Şərq ölkələrində ilbiz geniş şəkildə yetişdirilsə də, dünyada ilbizə olan tələbatın 70 faizi ödənilmir.
Fermer deyir ki, məhsulu Avropa bazarına kütləvi şəkildə çıxarmağı arzu edir: “Lakin ilbizi kütləvi şəkildə Avropa bazarına çıxarmaq tək mənim imkanlarım çərçivəsində deyil. Bunu etmək üçün fabrik inşa edilməli, kütləvilik olmalıdır. İlbiz məhsulu Avropada elə də çox deyil. Bəh-bəhlə yeyilməsinə baxmayaraq, hər zaman çətinliklə tapılan məhsuldur. İlin bütün fəsillərində əldə ediləcək bir delikotes deyil. Avropada ilbizin bir kiloqramı 3-4 min avro arasında dəyişir, bu da bizim pulnan təxminən 6-8 min manat edir. Çox istərdim ki, gələcəkdə dövlət səviyyəsində kütləvi şəkildə ilbiz təsərrüfatı yaradılsın və beynəlxalq bazara çıxa bilək”.
Fermerin sözlərinə görə, yer üzərində 32 min ilbiz növü olsa da, tənək ilbizlərinin ətindən və kürüsündən istifadə etmək daha faydalıdır. Qidalanmada da delikates kimi istifadə olunan ilbizin təkcə özü yox, kürüsü də çox qiymətli qida və müalicə vasitəsi hesab olunur. Ondan tibdə yanıqların sağalması, eləcə də dəridəki çapıqların aradan qaldırılması üçün istifadə edilir. İlbiz bütün ginekoloji xəstəliklərdə, cinsi zəiflikdə, dərinin gözəlləşdirilməsində və immuniteti qaldırmağa kömək edir. Eyni zamanda müxtəlif dərman preparatlarının hazırlanmasında da geniş istifadə olunur. 6-7 il ömür sürən ilbizlər əsasən göy otlar, tərəvəz və meyvələrlə qidalanır. Kürülərinin götürülməsinə baxmayaraq ilbizlər sürətlə nəsil artıra bilir.
Təsərrüfat sahibi deyir ki, hər bir ilbiz normal halda 30-40 yumurta verir, lakin yaxşı bəslənmə olsa 60-70 ədəd dənəcik yumurta almaq da mümkündür. İlbizlərin sayının artırılması və təsərrüfatın genişləndirilməsi məqsədi ilə tez- tez hesablama işləri aparılır. Hesablama zamanı əgər 1000 ilbiz saxlanılırsa, bir il müddətində bu sayı 60-70 minə çatdırmaq mümkündür ki, bu da çox böyük göstəricidir. İlbizlərin çoxalması da çox maraqlı prosesdir. Bu canlılarda erkək və ya dişi anlayışı yoxdur, ilbiz germofrasitdir, yəni bir biri ilə mayalanırlar. Çoxalmalarında heç bir problem olmur, adətən yaz və yay aylarında yumurta verməyə başlayırlar. Bu proses torpağın altında olur və iyirmi bir günün tamamında ilbiz balaları üzə çıxır.
Akif Əmralı deyir ki, kürü alacağı ilbizlərin 4-5 yaşı olduqda onlara xüsusi qulluq edir. İlbizlərin bu yaş dövründə məhsul daha da keyfiyyətli olur. İlbizlər torpaqda yaşadıqları, otlar, meyvələr və tərəvəzlərdən qidalandığına görə, bu sahəni kənd təsərrüfatına aid etmək mümkündür.