02:01 13 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
21 0 0

Prezident İlham Əliyev Ağcabədi rayonuna səfəri çərçivəsində taxıl biçininə başlanması mərasimində, eləcə də bir sıra əhəmiyyətli obyektlərin istifadəyə verilməsində iştirak edib

BAKI, 4 iyun — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Ağcabədi rayonunda səfərdə olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, dövlətimizin başçısı öncə ümummilli lider Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

© Official website of President of Azerbaijan Republic
Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub

Sonra Prezident Hindarx qəsəbəsində fermer təsərrüfatında olub, əkin sahəsində taxıl biçininə başlanması mərasimində iştirak edib.

Ağcabədi rayonunda dənli bitki toxumlarının emalı müəssisəsi istifadəyə verilib. Prezident İlham Əliyev müəssisənin açılışında iştirak edib.

Dövlətimizin başçısına məlumat verilib ki, müəssisənin emal gücü saatda 5 tondur. Quraşdırılan qurğular vasitəsilə emal olunan toxum materialını 98 faiz təmizləmək mümkündür. Bu toxumların əkin sərfiyyatı digər qurğularda təmizlənənlərdən 20-30 faiz azdır. Bu da əkinə sərf edilən toxumun həcminin azalmasına imkan verir, həm də fermerin məhsul istehsalında çəkdiyi xərcləri də əsaslı şəkildə azaldır. Müəssisədə quraşdırılmış 3 min tonluq silo qurğularının əsas funksiyası təqdim olunan toxum materialını qəbul edərək emal xəttinə davamlı ötürülməsi və həmin qurğularda saxlanılan toxumun digər ərazilərə daşınması üçün avtomobillərə asanlıqla yüklənilməsini təmin etməkdir. Mövsüm başa çatdıqdan sonra dövlət ehtiyacı üçün tədarük olunmuş toxumun ehtiyatı bu qurğularda təhlükəsiz saxlanılacaq. Müəssisədə 25 nəfər işlə təmin olunacaq.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev Ağcabədidə taxıl biçininə başlanması mərasimində

İlham Əliyev dünən Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışında da iştirak edib. Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlətimizin başçısına məlumat veriblər.

Bildirilib ki, Ağcabədi “ASAN Həyat” kompleksinin tikintisinə 2018-ci ilin aprel ayında başlanılıb və bu ilin iyununda işlər başa çatdırılıb. Kompleksin ümumi sahəsi 7290 kvadratmetrdir.

Prezident İlham Əliyev “ASAN Həyat” kompleksini işə salıb.

“ASAN Həyat” kompleksinə “ASAN xidmət”, “ASAN kommunal” mərkəzləri, “ASAN vəkillik” bürosu, Uşaq Psixoloji Sosial İnkişaf Mərkəzi və vətəndaşların istirahəti və əylənməsi üçün bir sıra sahələr daxildir. Ağcabədi regional “ASAN xidmət” mərkəzi Ağcabədi, Ağdam, Beyləqan, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Zərdab rayonlarında qeydiyyatda olan 815 mindən çox vətəndaşa xidmət göstərəcək. Mərkəzdə 207 əməkdaş və 45 könüllü çalışacaq.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışında

Ağcabədi “ASAN Həyat” kompleksinin tərkibində sayca 5-ci “ABAD Food Hall” fəaliyyətə başlayıb. Digər “ABAD Food Hall”arda olduğu kimi, burada da ABAD-çılar tərəfindən qeyri-sənaye üsulu ilə hazırlanmış məhsulların sərgi-satışı təşkil edilib. “ABAD” publik hüquqi şəxsin 2020-ci il ərzində ABAD-çı ailələrinin sayı 16 nəfər artaraq 429-a çatıb və onlara 30-a yaxın xidmət göstərilir.

İyunun 3-də Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib.

Cəbhəyanı ərazidə yerləşən Ağcabədi şəhərində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 2017-ci ildə “Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrasına başlanıb. Azərbaycan hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində icra olunan layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 45 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində

İlham Əliyev həmçinin 110/35/10 kilovoltluq “Ağcabədi-2” elektrik yarımstansiyasının yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına məlumat verdi ki, istehlakçıların elektrik təchizatının yaxşılaşdırılması məqsədilə Ağcabədi rayonu ərazisində 35 kilovoltluq yarımstansiyada əsaslı yenidənqurma işləri aparılaraq, gərginlik sinfi artırılıb və 110/35/10 kilovoltluq “Ağcabədi-2” yarımstansiyası inşa edilməklə, yarımstansiyanın qoyuluş gücü 17,5 MVA-dan 40 MVA-ya çatdırılıb. Bu yarımstansiya vasitəsilə Ağcabədi şəhərində sosial-iqtisadi təyinatlı obyektlərin, meliorasiya və suvarma sistemlərinin, ətraf kənd və qəsəbələrin, həmçinin Taxtakörpü ərazisində məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlərin və hərbi hissələrin fasiləsiz və dayanıqlı elektrik enerjisi təchizatı təmin olunacaq.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev yenidən qurulan “Ağcabədi-2” elektrik yarımstansiyasının istifadəyə verilməsi mərasimində

Yarımstansiyanın istismara verilməsi ilə 5262-si əhali, 831-i qeyri-əhali olmaqla, ümumilikdə 6093 abonentin elektrik enerjisinin təchizatı daha da yaxşılaşdırılacaq. Yarımstansiya beynəlxalq standartlara cavab verən müasir tipli elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatika sistemləri ilə təchiz edilib, məsafədən idarə olunan SKADA dispetçer sisteminə qoşulub. Yarımstansiyanın 330 kilovoltluq “İmişli” və “Ağcabədi” qovşaq yarımstansiyaları ilə əlaqələndirilməklə dairəvi elektrik təchizat sxeminə qoşulması təmin edilib ki, bu da istehlakçıların, xüsusən də əhalinin enerji təchizatının dayanıqlılığını və təhlükəsizliyi artırıb.

Əsas mövzular