15:52 04 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
4910

Onlara bir boşqab xörək də çox görülür - onlar ailənin arzuolunmaz üzvləridir. Qızları arzulamayanlar isə özləri də bilmədən insan alveri ilə məşğuldurlar

Nigar İsgəndərova, Sputnik Azərbayan

BAKI, 27 may — Sputnik. Millət vəkili Məşhur Məmmədov erkən nikahlarla bağlı yeni bir təkliflə çıxış edərək bildirib ki, erkən nikahların bağlanması zamanı pozulan hüquqlar insan alveri kateqoriyasına aid edilsin. Bu nikahların qurulması üçün müvafiq arayışları verən həkimlərin işi araşdırılsın, cinayət işi kimi qeyd olunsun və insan alverinə bərabər tutulsun. Millət vəklili fikirlərini bu cür izah edib ki, erkən nikah bağlanan zaman şəxsin təhsil hüququ ilə yanaşı, digər hüquqları da pozulur, erkən yaşda ərə verilən qızlarda bir çox xəstəliklər aşkarlanır.

Ümumiyyətlə, maraqlıdır, hazırda Azərbaycanda erkən nikahlar, uşaq nikahları ilə bağlı vəziyyət necədir və həqiqətən də bu nikahlar insan alveri kateqoriyasına şamil edilə bilərmi?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "İlk öncə erkən nikahla uşaq nikahları anlayışlarını bir-birindən fərqləndirmək lazımdır. 2011-ci ildə Ailə Məcəlləsinə dəyişiklik edərək nikah yaşı qadınlar və kişilər üçün 18 müəyyənləşib. Çox üzrlü, obyektiv səbəblər olduğu təqdirdə nikah yaşı müvafiq icra hakimiyyəti tərəfindən 1 il azaldıla bilər. Bu gün erkən nikaha girən qızların statistikası məhz bu cür qeydə alınır.

Biz Statistika Komitəsinin rəqəmlərinə nəzər salsaq, görərik ki, 2011-ci ildə Ailə Məcəlləsinə edilən dəyişikliklərdən sonra, 2012-ci ildən bu yana rəqəmlərdə kifayət qədər azalma var. 2019-cu ilin rəqəmləri əlimizdə olmasa da, qeyd edim ki, 2018-ci ildə 18 yaşadək nikaha girən qızların sayı 338, 2011-ci ildə isə 5 min 138 idi. Yəni nikah yaşı qanuni olaraq 1 yaş aşağı salınan və nikahına icazə verilən qızların sayı 2018-ci ildə belə olub. Bunlar erkən nikah sayılır. Lakin uşaq nikahları qanunla tənzimlənmir.

Bu gün Azərbaycanda rəsmi nikah sənədi olmadan heç bir dini kəbin kəsdirilə bilməz. Uşaq nikahlarının statistikası aparılmadığına görə isə biz bunun sayını bilmirik. Sadəcə olaraq 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayını əsas götürməklə təxminən uşaq nikahları ilə bağlı rəqəmləri ortaya çıxara bilirik. Belə ki, statistikaya görə, 2011-ci ildə belə qadınlar tərəfindən doğulan uşaqların sayı 4 min 392 idisə, 2018-ci ildə bu rəqəm 2 min 129 olub. Bu isə rəqəmlərin iki dəfə azalması deməkdir. Dolayısı ilə bu rəqəmlərdən çıxış edərək deyə bilərik ki, Azərbaycanda uşaq nikahları ilə bağlı rəqəmlər azalmaqdadır".

"Erkən nikahların mənfi təsirləri, fəsadları kifayət qədərdir. Bu həmin qızın sağlamlığına, fiziki, psixoloji və reproduktiv sağlamlığına, sosial həyatına, şəxsiyyət kimi yetişməyinədək, özünü bir şəxsiyyət kimi ailə və cəmiyyətdə təmsil etməsinədək bir sıra problemlər və fəsadlarla üzə çıxır. Bütün bunlar müxtəlif əngəllər törətməklə yanaşı, həmçinin risklər də yaradır. Bu risklərdən biri də insan alverinin qurbanı olmaqdır.

Ümumiyyətlə, dünya təcrübəsinə baxsaq, görərik ki, hər il təxminən 18 milyon uşaq fahişəlik məqsədi ilə istismar edilir. 1,2 milyon uşaq isə insan alverinin qurbanıdır. Uşaq yaşda nikaha məcbur eidlənlər təhsildən, məktəbdən uzaqlaşdırılır, yaşca özlərindən çox böyük olan şəxslərə ərə verilirlər. Dünya təcrübəsində də uşaq nikahlarının insan alverinin qurbanına çevrilmə riskinin olduğu bildirilir. Azərbaycanda da bu risk var, amma bu bir o qədər də çox deyil. Çünki erkən yaşlarda ərə verilən qızın ailəsinin qarşı tərəfin ailəsi haqda məlumatı olur. Və burada daha çox valideynin üzərinə məsuliyyət düşür.  Lakin bu ailələrin böyük hissəsi uğursuz olur.

Əlbəttə ki, boşanma halları olduqda risklər artır. Çünki qızın heç bir savadı, təhsili, bacarıqları olmadığından, öz ailəsi də ona arxa çıxmadığından özünün gündəlik tələbatlarını reallaşdırmaq üçün bir çox hallarda bu qadınlar özlərini təsdiq etməyə çalışsalar da, bəzən də olur ki, onlar cinayətkar insanların təsiri altına düşə bilirlər. Yaş azlığı, təcrübəsizlik və məlumatsızlıqdan onlar insan alverinin qurbanına çevrilə bilərlər. Demək istəyirəm ki, Azərbaycanda belə rəqəmlər çox cüzi ola bilər və ya heç yoxdur", - deyə A.Veysəlova əlavə edib.

O bildirib ki, belə nikahların sayının azaldılması komitənin əsas hədəflərindən biridir: "Bu baxımdan komitəmiz tərəfindən daima maarifləndirmə işləri aparılır. Statisika Komitəsinin məlumatlarını təhlil edərək konkret hədəf əraziləri müəyyənləşdiririk ki, harada maarifləndirmə işlərinin daha çox aparılmasına ehtiyac var. Biz daha çox atalar, qardaşlarla təlimlər keçirməyə üstünlük veririk. Çünki yalnız bir qadının maariflənməsi bəs etməyə bilər. Biz qısa filmlərlə o qədər ailələrə təsir etmişik ki, ata özü səhvlərini, övladına qarşı amansız olmasını etiraf edib, bildirib ki, artıq qızı üçün yol açacaq, onu təhsilə cəlb edəcək. Qonşulardan, yaxınlarından qızların vaxtsız bu cür münasibətlərə cəlb olunması ilə bağlı bizə daxil olan müraciətləri araşdırıb, belə ailələri uzun müddət nəzarətdə saxlayıb onlarla iş görmüşük. Ollub ki, bizə qızların özləri tərəfindən müraciətlər daxil olub, bildiriblər ki, valideynləri onları təhsildən uzaqlaşdırır, bu cür münasibətlərə sövq edirlər".

"Amma onu vurğulayım ki, stereotiplər, daşlaşmış düşüncələrlə mübarizə aparmaq, onları dəyişmək bir çox hallarda çətin olur. Ailədə qıza münasibəti dəyişmək lazımdır. Əslində qız yük deyil, qız sərvətdir. Bu istiqamətdə maarifləndirmə işləri hər zaman aparılıb. Bu gün çiyinlərimizə düşən əsas məsuliyyət də ondan ibarətdir ki, valideynləri bu düşüncə və yanaşmadan uzaqlaşdıraq ki, qızları evdə artıq görməsinlər, əksinə, onları zinət kimi  görsünlər", - deyə A.Veysəlova əlavə edib.

Əlaqədar

Onlar hər gün zopa yeyir, bizsə hələ də “Günah öləndədir” deyirik
Ya ikiqat pulunu ver, ya da ölkədən çıxma - aliment ödəməyənlərin işi çətinləşir
Azərbaycan erkən nikah problemini necə həll edə bilər – ekspert şərhi
Atasının bədbəxt etdiyi qadın sığınacağa yerləşdirilib
Erkən nikahlar və onların doğurduğu faciələr – Körpələrimizi gözləyən acı tale

Əsas mövzular