17:22 26 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
Azərbaycanın görməli yerləri, turizm obyektləri (58)
34250

Yanardağa gələnləri ən çox maraqlandıran məqamlardan biri də yanan alovun nə vaxtsa sönüb-sönməyəcəyi barədədir. Axı tükənməyən sərvət yoxdur...

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 21 may — Sputnik. Mayın 18-dən etibarən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə Dövlət Turizm Agentliyinin tabeliyində olan turizm nümayiş obyektləri, o cümlədən qalereya və muzeylərə tətbiq olunmuş giriş məhdudiyyəti aradan qaldırılıb. Hətta Dövlət Turizm Agentliyi xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması, Ramazan bayramı, Respublika Günü və Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə daxili turizmin inkişafına dəstək məqsədilə mayın 19-dan iyunun 2-dək tabeliyində olan bir neçə turizm müəssisəsinə girişi ödənişsiz edib. Ziyarətçilər “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Şəki Tarix-Diyarşünaslıq Muzeyi, Şəki Xalq Tətbiqi Sənəti Muzeyinə sosial məsafə və sanitar-epidemioloji qaydalara əməl etmək şərtilə ödənişsiz daxil ola bilərlər.

Sputnik Azərbaycan bir aydan çoxdur ki, qapısı bağlı qalan qoruqların qadağa götürüldükdən sonra ziyarətçiləri necə qəbul etdiyini, qoruqlara olan əvvəlki marağı bərpa etmək, ziyarətçilərin diqqətini yenidən özlərinə cəlb etmək üçün hazırda hansı işlərin aparıldığını müşahidə etmək üçün “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda olub.

Təbiətin əsl möcüzəsi olan “Yanardağ”a çatdıqda qoruq öz qapısını bir neçə saat idi ki,  yenidən ziyarətçilərin üzünə açmışdı. Gülərüz bələdçilər əvvəl bizi də turist hesab etsələr də, gəlişimizin əsl niyyətini öyrəndikdən sonra bizi "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun direktor müavini Ramin Cəfərova yönləndirdilər.

© Sputnik / Irade JELIL
“Yanardağ” qoruğu

R.Cəfərov Sputnik Azərbaycan-a müsahibəsində bildirdi ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin tətbiqi qərarı rəhbər tutularaq turizm nümayiş obyektləri, məbəd və muzeylərə girişə məhdudiyyət qoyulmuşdu. Artıq müvafiq qərarla "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun fəaliyyəti bərpa olunub.

Ramin Cəfərov deyir ki, “Yanardağ” pandemiyadan əvvəlki dövrdə turistlərin ən çox ziyarət etdiyi məkanlardan biri olub. Odur ki, R.Cəfərov buraya əvvəlki kimi maraq göstərənlərin, bu möcüzəvi məkanı gəlib görmək istəyənlərin sayının çox olacağına inandıqlarını söyləyir: “Biz hər zaman olduğu kimi, gələn qonaqların məmnun getməsi üçün əlimizdən gələni etməyə hazırıq. Gülərüz personalımız bütün qonaqları böyük məmnuniyyətlə qarşılamağa hazırdır. Bilirsiniz ki, “Yanardağ”da son yenidənqurma işlərindən sonra böyük dəyişikliklər olub. Biz 2018-ci ildən əvvəl “Yanardağ”ı görənləri də qoruğu yenidən ziyarət etməyə səsləyirik. Çünki qoruğumuzun yeni görkəmi gələn ziyarətçiləri məmnun edir”.

  • Qoruğda vəziyyət
    © Sputnik / Irade JELIL
  • Qoruğda vəziyyət
    © Sputnik / Irade JELIL
  • Qoruğda vəziyyət
    © Sputnik / Irade JELIL
1 / 3
© Sputnik / Irade JELIL
Qoruğda vəziyyət

Bununla belə, R.Cəfərov qoruğa gələn qonaqların koronavirus pandemiyası ilə əlaqədar bəzi tələblərə əməl etməli olacaqlarını söyləyir: “Sizin gördüyünüz kimi, qoruğun bütün əməkdaşları tibbi maska və əlcəkdən istifadə edirlər. Biz qonaqlarımızı da bu tələblərə əməl etməyə çağırırıq. Prezidentimizin gördüyü işlər sayəsində biz bu virusdan ən az zərərlə çıxmağa çalışırıq. Dünya ölkələri ilə müqayisədə ölkə başçısının koronovirusla mübarizə tədbirləri ilə bağlı verdiyi qərar və göstərişlər səmərə verir. Çalışmalıyıq ki, hər bir sahədə çalışan şəxslər, eləcə də digər vətəndaşlar öz üzərinə düşən sosial məsuliyyəti dərk edərək buna əməl etsinlər. Bu gün bizi öz əməkdaşlarımızla yanaşı, qoruğa gələnlərin də sağlamlığı düşündürür. Ona görə də tibbi əlcək və maskalardan istifadə edirik. Qapalı məkanlara 5-6 nəfərdən artıq insan buraxmırıq. Biz fəaliyyətimiz bərpa etsək də, əməkdaşlarımızın 30 faizini işə cəlb edə bilirik. Digər 70 faizinə karantin qaydalarına əməl etmək tövsiyə olunub”.

Qoruq səlahiyyətlisi bildirir ki, Novruz bayramına böyük planları olsa da, pandemiya onları təxirə salıb: “Gözlənilmədən virusun yayılması ən çox zərəri turizm sektoruna vurdu. Amma “hər işdə bir xeyir var” məsəli bu dövrdə bizə öz nöqsanlarımızı görməyə, səhvlərimizi düzəltməyə fürsət verdi. Postpandemiya dövrü əslində hər şeyi yenidən başlamaq, çatışmazlıqları aradan qaldırmaq üçün ideal dövr oldu. Biz artıq bilirik ki, pandemiyadan sonra hansı istiqamətlərdə hansı işləri görəcəyik. Bu gün turizm sahəsində əsas iki istiqamətdə iş aparılması nəzərdə tutulub. Birinci istiqamət - əvvəlki turist axınını yenidən ölkəyə cəlb etmək və bu cəlbetmə prosesində yaranan boşluqları, çatışmazlıqları aradan qaldıraraq tam yeni mərhələdə yeni təkliflərlə çıxış etməkdir. İkinci əsas istiqamət daxili turizmi inkişaf etdirməkdir. Pandemiya dövrü bizi daxili turizmi inkişaf etdirməyə bir növ sövq etdi. Dövlət Turizm Agentliyi bu istiqamətdə çox ciddi işlər görür. Biz yerli turistləri gəlib Azərbaycanda görmədikləri sirli, ecazkar məkanları görməyə səsləyirik”.

© Sputnik / Irade JELIL
Yanardağa gələnləri ən çox maraqlandıran məqamlardan biri də yanan alovun nə vaxtsa sönüb-sönməyəcəyi barədədir

Elə İlkin Balayev və ailəsi də pandemiya dövründə bu fürsətdən yararlanan yerli turistlərdəndir. Sputnik Azərbaycan-a müsahibəsində İ.Balayev qoruqların müəyyən dövr üçün pulsuz olmasının nəcib təşəbbüs olduğunu söyləyir: “Mən ailəmlə ötən ildən bu qoruğa gəlməyi nəzərdə tuturdum. Amma vaxt edib gəlib görə bilmirdik. Etiraf edək ki, bir çox yerli turist bu möcüzəvi məkanı hələ görməyib. Mən özüm 2012-ci ildə "Yanardağ"da olsam da, yeni infrastruktur qurulduqdan sonra qoruğa gəlməyi çox istəyirdim. Uşaqlara Azərbaycanda belə bir sirli təbiət möcüzəsinin olduğunu danışanda onlar da “Yanardağ”ı görmək istədiklərini dedilər. Uşaqları da götürüb qoruğa gəldim. Düşünürəm ki, evdə qaldıqdan sonra insanların mədəni abidələrimizi görməyə böyük ehtiyacı var. Ona görə də pandemiya dövründə karantin tələblərinə əməl etməklə bu məkanları gəzib-görmək, ziyarət etmək lazımdır”.

İ.Balayev deyir ki, uşaq və yeniyetmələrdə bu cür məkanlara maraq oyatmaq üçün mütləq sosial şəbəkələrə, YouTube-a qoruqlarla bağlı məlumatlar, görüntülər yerləşdirmək vacibdir: “Mənim uşaqlarım azyaşlı olsalar da, neçə gündür ki, YouTube-da vulkanlara baxırlar. Düşünürəm ki, bir gün də vaxt edib uşaqları vulkanlarımızı görməyə aparım. İndi internet əsridir. İnternet resursları mədəni və tarixi irsimizin təbliğatı üçün ən əlverişli məkandır. Uşaqlar internetdə seyr etdikləri məkanları canlı görməyə can atırlar. Ona görə də turist cəlb etmək üçün internetdə təbliğat artırılmalıdır”.

Şəbnəm Balayeva da uşaqları mədəni irsimizlə tanış etməyin hər bir valideynin borcu olduğunu söyləyir. Onun sözlərinə görə, “Yanardağ” təbiətin yaratdığı möcüzəvi məkanlardan biridir. Odur ki, bu qoruğa gəlmək, dağın necə yandığını öz gözləri ilə görmək arzusu onda çoxdan yaranıb.

Buraya gələnləri ən çox maraqlandıran məqamlardan biri də yanan alovun nə vaxtsa sönüb-sönməyəcəyi barədədir. Axı tükənməyən sərvət yoxdur... Yanardağda yanan da məhz yeraltı metan qazıdır.

© Sputnik / Irade JELIL
Qoruğda vəziyyət

R.Cəfərov deyir ki, bu barədə narahat olmağa dəyməz. Çünki mütəxəssislər ərazidə aparılan geoloji tədqiqatlara əsasən, bu dağın on min illərlə yanacağı qənaətinə gəliblər. R.Cəfərovun sözlərinə görə, qoruq ərazisi 60 hektardan bir qədər çoxdur. Ərazidə evlər olsa da, onlar qoruq sahəsinə düşmür. Amma qoruğun tərkibində Yanardağ – əbədiyaşar alov təbii abidəsi ilə yanaşı, digər maddi-mədəni irs nümunələri və təbiət abidələri də var. Bu abidələrə “Qurd yuvası” adlanan ilkin ibtidai icma dövrünə aid mağaralar, çoxəsrlik tarixə malik və qədim sanduqələr ilə zəngin iki qəbristanlıq, kükürdlü su qaynayan müalicəvi bulaqlar, hələ də aktiv fəaliyyətdə olan Qırməki palçıq vulkanı, yerli əhali tərəfindən müqəddəs hesab edilən qara rəngli daşların qorunduğu Əlidaşı piri, Kardaşı iri təbii qaya daşları, Qırməki vadisi, qədim kurqan aiddir.

Qoruq səlahiyyətlisi deyir ki, Yanardağın əks istiqamətində yanan üç təpə olub. İndi isə həmin təpələr sönüb. Bakının rəmzi hesab olunan üç alov və dəniz simvolu da Yanardağın əks istiqamətində vaxtı ilə aktiv şəkildə daimi alovlanmış, lakin hal-hazırda sönmüş üç təpəyə əsasən qəbul edilib. Ərazidə aparılan geoloji tədqiqatlar, həmçinin orta əsrlərə aid tarixi mənbələr sübut edir ki, Bakı və ətraflarında həm quru, həm də dəniz üzərində daimi yanan alovlar hələ qədim dövrlərdən bəri müşahidə olunur. Yanardağ və Abşeronun digər yerləri ilkin dövrlərdən etibarən atəşpərəstlik və zərdüştlük dininə ibadət edənlər tərəfindən müqəddəs hesab edilib. Həmsöhbətimiz deyir ki, Yanardağda yenidənqurma işləri aparılsa da, dağın yanan hissəsinə toxunulmayıb.

Qeyd edək ki, Yanardağ Məhəmmədi kəndinin qərb hissəsində, Məhəmmədi-Digah şosse yolunun sol istiqamətində yerləşir. Yolu abad olan bu qoruqla Bakının mərkəzini təxminən 27 kilometr məsafə ayırır. Odur ki, qoruğa gəlmək nə çox vaxt aparır, nə də ki turisti yol yorğunu edir. Qoruğa girişin pulsuz olmasının iyunun 2-dək davam edəcəyini nəzərə alsaq,  “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu gəlib görmək istəyənlərə bu fürsəti fövtə verməməyi tövsiyə edirik.

Mövzu:
Azərbaycanın görməli yerləri, turizm obyektləri (58)

Əlaqədar

Göz dağına çevrilən məkan – Qəbələ muzeyinin bəxti nə vaxt açılacaq
Mif ardınca Buzovnaya: şamla işləyən hamam axtarırdıq, vandalizm tapdıq - FOTO
Azərçin Muradov: "O kitab bizim utanc yerimizdir"
Dənizkənarı bölgələrdə bağ evlərinin tikintisi floranı məhv edir - Azərbaycanlı alim
Bəzi qoruqlara giriş qadağası götürüldü

Əsas mövzular