İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 17 aprel — Sputnik. Özəl tikinti şirkətlərinə dəstək verməklə, tikinti sektorunun canlanması iqtisadiyyatın bir çox sahələrinin inkişafına ciddi töhfə verəcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə millət vəkili Qüdrət Həsənquliyev danışıb.
O bildirib ki, Bakıdakı Alatava, Papanin, Xutor və s. bu kimi adi standartlara cavab verməyən yaşayış məskənləri, köhnə beşmərtəbəli binalar sökülüb, yerlərində müasir yaşayış kompleksləri tikilməlidir.
Ölkədə xüsusi karantin rejiminin tətbiq edildiyini nəzərə alsaq, millət vəkilinin bu təklifi özünü doğrultmayacağına bənzəyir. Ekspertlər də belə düşünürlər.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin 2016-cı il 86 saylı qərarına əsasən, paytaxt və digər şəhərlərdə istismar müddətini başa vurmuş köhnə və qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının sökülərək yeniləri ilə əvəzlənməsi barədə qərar qəbul olundu: "Bu illər ərzində çox sayda qəzalı vəziyyətdə olan binalar sökülərək yeniləri ilə əvəzləndi. Bu proses həmçinin inşaat və əmlak bazarında çox ciddi canlanmalarla müşahidə olundu. Qəzalı binaların sökülməsi ilə bağlı verilən sərəncamlar və nəzarətlər yerli icra hakimiyyətləri tərəfindən aparılırdı. Bu tip söküntülər tikinti sahəsində ciddi irəliləyişlər yaratsa da, şəhər arxitekturasının ciddi şəkildə pozulmasına, binalar arası məsafələrin qorunmamasına və ciddi sıxlıqlara səbəb oldu".
Ekspert vurğulayıb ki, daha sonra şəhərsalma və arxitektura normativlərinin qoruna bilməsi və binalar arası sıxlıqlara nəzarətin gücləndirilməsi səbəbi ilə 2018-ci il 1 avqustda Prezident İlham Əliyevin tapşırığı ilə tikintilərə sərəncam verilməsi səlahiyyəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verildi.
"Bu qərar paytaxtın və digər böyük şəhərlərin binalar arası məsafələrinin və digər normativlərin qorunub saxlanıla bilməsi üçün təqdirəlayiq bir addım oldu. Lakin nəzərə almaq lazımdır ki, təkcə Bakı şəhərində yüzlərlə istismar müddətini başa vurmuş köhnə yaşayış binaları mövcuddur. Onların da yeni qayda və normativlərə uyğun olaraq sökülüb, yeniləri ilə əvəz olunması tikinti şirkətləri üçün heç də sərfəli deyil. Bu normativlərə uyğun olaraq, tikinti işləri aparılarsa, bu ya qiymət artımına və yaxud da şirkətin işdən zərərlə çıxmasına səbəb ola bilər", - deyə ekspert bildirib.
Onun sözlərinə görə, digər bir məsələ isə əmlak bazarındakı alıcı qıtlığı ilə bağlıdır.
E.Fərzəliyev hesab edir ki, söküntü və tikinti işləri mərhələli şəkildə aparılmalıdır.
Çünki bir ərazidəki kompleks sökülüb, yenisi tikilməyənə qədər ona yaxın ərazidə digər tikinti işlərinin aparılması həmin tikinti şirkətlərini ciddi müştəri qıtlığı ilə üz-üzə qoya bilər: "Tələb və təklif bir-birinə uyğun olmalıdır. Həmçinin tikinti şirkətlərinin öz işlərini davam etdirə bilmələri üçün satılan mənzillərə çıxarışların verilməsi və uzun müddətli bank kreditləri ayrılması mütləqdir. Əks halda, daşınmaz əmlak bazarında sükut hələ uzun müddət davam edəcək".
E.Fərzəliyev qeyd edib ki, hazırda beşmərtəbəli evlərin sökülüb, yenisinin tikilməsi üçün ya bütün işlər dövlət tərəfindən edilməli, ya da Şəhərsalma və Arxitektura Komitəsi tikintilərlə bağlı qaydalarda güzəştlər etməlidir. Əks halda, hazırkı dövr üçün edilən təklif real deyil.