00:48 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (381)
88020

Hazırda faktiki olaraq bu işi aparmaq mümkün deyil. Ona görə də yəqin ki, sənədsiz evlərin sənədləşdirilməsi virus təhlükəsi sovuşanadək yubanacaq

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 14 aprel — Sputnik. Aprel ayında sənədsiz evlərin sənədləşdirilməsi nəzərdə tutulsa da, hələ ki onların çoxu qeydiyyata alınmayıb. Bu barədə Sputnik Azərbaycan-a sənədsiz evlərin sahibləri bildiriblər. Binəqədi qəsəbəsində yaşayan sakin Esmira Nuriyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hələ ki sənədsiz evlərin qeydiyyatı dayandırılıb.

Qeyd edək ki, ötən ilin dekabr ayından başlayaraq Bakının müxtəlif rayonlarında qanunsuz tikilən evlərin sənədləşdirilməsi istiqamətində işlərə başlanılmışdı. Bu məqsədlə paytaxtın müxtəlif rayonlarında sakinlərlə sorğu-sual aparılır, onlarda qanunsuz tikili ilə bağlı hansı sənədlərin olduğu araşdırılırdı. Hətta sakinlərə bələdiyyələr tərəfindən sorğu blankları verilir və torpaq üçün hansı sənədlərinin olduğu barədə məlumat toplanırdı. Sputnik Azərbaycan qanunsuz tikililərin sənədləşdirilməsi prosesinin hansı mərhələdə olduğunu, dayandırılmasının səbəblərini araşdırıb.

Sputnik Azərbaycan-a bu barədə açıqlama verən Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov bildirib ki, bu proses koronavirus (COVID19) infeksiyasının yayılmasına görə təxirə salınıb: "Sənədsiz evlərin qeydiyyatı üçün ötən ilin sonlarından bələdiyyələrə verilən tapşırıq əsasında qeydiyyat aparılırdı. Bələdiyyə müfəttişləri öz ərazilərində sənədsiz evləri qeydiyyata alırdılar. Bəzi vətəndaşlar özləri bunun üçün bələdiyyəyə müraciət edirdilər.

Belə nəzərdə tutulmuşdu ki, aprel ayına bu işlər yekunlaşdırılıb Prezident Administrasiyasına təhvil verilsin. Amma koronavirus pandemiyası qanunsuz tikililərin sənədləşdirilməsi işini təxirə saldı. Bunun üçün mütləq bələdiyyə nümayəndələri əraziyə çıxmalı, vətəndaşlarla ünsiyyətdə olmalıdırlar. Çünki sənədsiz evlərlə bağlı Prezident Administrasiyası rəhbəri sərəncam verib.

Həmin sərəncamla reyestrdən keçməyən evlərin sənədləşdirilməsi ilə bağlı 26 sualdan ibarət sorğu blankı hazırlanıb. Bu suallar yaşayış evinin və torpaq sahəsinin ünvanı, yaşayış evinin və torpaq sahəsinin sahibi, yaşayış evinin tikintialtı sahəsi, evin hündürlüyü və evin mərtəbəliliyi, otaqların sayı, kommunikasiyalarla təminatı, evin inşa olunduğu il, evin tikintisinə dair sənədlər, evdə yaşayan şəxslər barədə məlumatlar, yaşayış evinin dövlət müəssisəsinin ərazisində yerləşib-yerləşmədiyinə dair məlumatlarla bağlıdır.

Həmçinin 26 sualın içərisində evlə bağlı mübahisənin olub-olmaması, evin tikinti standartlarına uyğunluğu, istifadə olunan torpağın faktiki sahəsi, torpağın ayrılmasına dair mövcud sənədlər və ayrılmış torpaq sahəsinin ölçüsü, əlavə torpaq sahəsinin zəbt olunub-olunmaması və zəbt olunmuş sahə barədə məlumat, torpağın mərzçəkməsinin və hasarının olub-olmaması, torpaq sahəsinin xarici vətəndaşa məxsus olub-olmaması, torpaq sahəsi ilə bağlı mübahisənin olub-olmadığı, torpağın kateqoriyası və mülkiyyət növü, evin və torpağın bir hissəsinin mühafizə zona və zolaqlarına, sürüşmə zonasına düşüb-düşməməsi barədə məlumatlar qeyd edilir. Sorğu blankında Yerli Ekspert Komissiyasının rəyi, Əmlak Məsələləri Dövlət Komitəsinin rəyi, Yerli Ekspert Komissiyası üzvlərinin imzası, yaşayış evinin və torpaq sahəsi sahibinin imzası, formanın doldurulma tarixi də öz əksini tapıb. Bütün bu məlumatı toplamaq üçün o evlərin sahibləri ilə sorğu aparmaq, tikiliyə baxmaq vacibdir. Koronavirusun yayılmasına görə, artıq ölkəmizdə xüsusi karantin rejimi elan olunub. Hazırda faktiki olaraq bu işi aparmaq mümkün deyil. Ona görə də yəqin ki, sənədsiz evlərin sənədləşdirilməsi virus təhlükəsi sovuşanadək yubanacaq".

H.Hüseynov deyir ki, hazırda Əmlak Məsələləri üzrə Dövlət Komitəsi də fəaliyyət göstərmədiyindən sənədsiz evlərin qeydiyyatı çətindir.

Əmlak ekspert mərkəzinin rəhbəri Ramin Osmanlı isə bildirir ki, sənədsiz evlərin sənədləşməsi bir tərəfdən əmlak və torpaq vergisindən dövlət büdcəsinə xeyli vəsaitin daxil olmasına imkan verəcək, digər tərəfdən vətəndaşların mülkiyyət hüququ qorunacaq:

"Artıq vətəndaş yeni qanunla öz əmlakını alqı-satqıya, girov əməliyyatlarına, bağışlamaya, digər əməliyyatlara cəlb edə bilər. Bu gün müvafiq strukturların arxayın və asan şəkildə bu prosesə qoşularaq addımlar atması da əslində Prezidentin bilavasitə tapşırıq və tövsiyələri əsasında həyata keçirilir".

 Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsində qanunsuz evlərin sənədləşdirilməsi istiqamətdə işlərin həyata keçirilməsi üçün işçi qrupu yaradılıb. Konsepsiya hazırlanaraq Prezident Administrasiyasına təqdim edilib. Bakı və ətraf ərazilərdə isə sənədsiz həyət evlərinin sayı 500 mindən çoxdur. Onların 70 minə yaxını riskli hesab edilən ərazilərdədir. Bu siyahıda neft yataqları ərazisində inşa edilən tikililər də var.

Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (381)

Əlaqədar

Professor kapital və əmlak amnistiyası haqqında: mürəkkəb prosesdir
Karantin evə qovur, ev sahibi küçəyə - minlərlə ailə çətin durumda
Hər şey baş-ayaq çevrilib: Büdcəmizə də yenidən baxmalıyıq, cibimizə də
Ekspert daşınmaz əmlakla bağlı tətbiq edilən yenilin mahiyyətini açıqladı
Bundan sonra bir mənzilin bir sahibi olacaq – O da sən olacaqsan

Əsas mövzular