02:32 24 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
106910

Bura gələnlər ziyarətgah haqqında ürək sözlərini yazırlar. Kitabda Azərbaycanın keçmiş prezidenti, ümummilli lider Heydər Əliyevin də ürək sözləri yer alıb

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 12 fevral — Sputnik. Buzovna qəsəbəsinin qədim tarixə malik olan abidələrindən biri də “Həzrət Əli qədəmgahı” hesab edilən "Əli-ayağı" ziyarətgahıdır.

Mütəxəssislərin fikrincə, vaxtilə burada dindarların namaz və başqa dini ayinləri icra etmələri üçün məscid və gələn zəvvarlar üçün karvansaralar fəaliyyət göstərib. Qədəmgaha zamanında Təbrizdən, Dəməşqdən, Səmərqənddən, Kəlkətədən (Kəlküttə) və dünyanın müxtəlif iri ticarət-iqtisadi məskənlərindən gəlirmişlər.

Buzovnadakı bu pir uzun illər ərzində tikilib. Xalq arasında qədəmgah barədə müxtəlif tarixi rəvayətlər və xatirələr danışılır. Pirin peyğəmbərimiz Məhəmmədin yaxın silahdaşı, əmisi oğlu və kürəkəni olan Həzrət Əlinin adı ilə bağlı olması müxtəlif səbəblərlə izah edilir.

© Sputnik / Irade JELIL
"Əli-ayağı" ziyarətgahı

Deyilənə görə, Buzovna sakinləri Sadıq Hacıdadaş oğlu və Zeynal Balaqardaş oğlu pirin tarixi ilə bağlı maraqlı bir hadisə danışıblar. Belə ki, onların ulu babası Əliyar evlənəndən bir həftə sonra yuxu görüb. Yuxuda at üstündə oturan nurani bir qoca onu dəniz kənarına dəvət edib. O dəniz kənarına gedib və orada qonaq görüb. Nurani qoca həzrət Əlinin ayağının ləpirini və atının ayaqlarının izini göstərib, ona qədəmgaha sahib olmağı və paklığı qorumağı tapşırıb.

Şeyx Əliyar yuxudan sonra hər gün bu qayanın üstündə azan çəkər və namaz qılarmış. Şeyx Əliyar dünyasını dəyişdikdən sonra onun oğlu qədəmgah içəridə qalmaqla, burada məscid və zəvvarlar üçün karvansaralar tikdirir.

Qədəmgah 1861-ci ildə çar canişinliyi tərəfindən qeydə alınıb. Ziyarətgahın müqəddəsliyini qəbul edən çar canişinliyi 10 nəfər ruhaninin şahidliyi ilə 1861-ci ildə 12647 №-li siyahı nömrəsi ilə onu rəsmi qeydə alır və qədəmgaha qulluq və şeyxlik etməyi Şeyx Kərbəlayi Əliyarın oğlu Şeyx Hacı Hüseynəliyə tapşırır.

© Sputnik / Irade JELIL
Kitabda Azərbaycanın keçmiş prezidenti, ümummilli lider Heydər Əliyevin də ürək sözləri yer alıb

Həmin dövrdə qədəmgahın şöhrəti hər yerə yayılır. 1924-cü ildə şeyx dünyasını dəyişir və elə oradaca dəfn olunur.

SSRİ dövründə dinə, xüsusən də İslama mənfi münasibət olduğundan, bu ziyarətgahın sökülməsi üçün çalışanlar olsa da, heç kim buna nail ola bilməyib.

Buzovna sakinləri iddia edirlər ki, pirə gələnlər ayaq ləpirini öpməklə və dua etməklə şəfa, sağlamlıq, güc və mənən təmizlik tapırlar. Kənd sakinlərinin sözlərinə görə, ziyarətgaha övlad həsrətində olanlar da, bəxtini açmağa gələnlər də çoxdur.

© Sputnik / Irade JELIL
Qədəmgah 1861-ci ildə çar canişinliyi tərəfindən qeydə alınıb

Bu gün də ziyarətgaha ümid edib gələnlər var. Bəzən inanclı insanlar şəfa tapmaq üçün burada gecə qalmaq üçün də müraciət edir. Ancaq heç kimə tək qalmağa icazə verilmir. Qalmaq istəyənlərin şəxsiyyət vəsiqələrinin bir surəti də ziyarətgahda saxlanılır.

Pir yenidən 1987-ci ildən bərpa edilməyə başlanıb. Kənd ağsaqqalları ziyarətgahın bərpasını buzovnalı Arif Əhməd oğluna tapşırıblar. Altı il ərzində qəsəbə sakinlərinin sayəsində ziyarətgah bərpa edilib.

Burada məscid, kənardan gələn zəvvarlar üçün yataq otaqları, hər cür məişət avadanlıqları ilə təchiz edilmiş mətbəx, dərs otaqları, zəngin kitabxana və qiraətxana, qurbanlıqların kəsilməsi üçün sallaqxana, qaraj, kişilər və qadınlar üçün dəstəməzxana və digər lazımi xidmət otaqları istifadəyə verilir.

© Sputnik / Irade JELIL
Pirə gələnlər ayaq ləpirini öpməklə və dua etməklə şəfa, sağlamlıq, güc və mənən təmizlik tapırlar

  Ziyarətgahda toplanan ianələr hesabına ehtiyacı olanlara yardımlar da edilir. Bunun üçün xüsusi qeydiyyat aparılır.

Ziyarətgahın hesabına 2015-ci ilə qədər 350-ə yaxın kimsəsiz dəfn edilib.

© Sputnik / Irade JELIL
Pir yenidən 1987-ci ildən bərpa edilməyə başlanıb

Qeyd edək ki, dənizkənarında olduğu üçün ziyarətgaha daha çox yay aylarında gələnlər çox olur.

Ziyarətgahın xüsusi qeydiyyat kitabı var. Bura gələnlər ziyarətgah haqqında ürək sözlərini yazırlar. Kitabda Azərbaycanın keçmiş prezidenti, ümummilli lider Heydər Əliyevin də ürək sözləri yer alıb.

© Sputnik / Irade JELIL
"Əli-ayağı" ziyarətgahı

Əsas mövzular