Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 9 fevral — Sputnik. Dünyadakı palçıq vulkanlarının xeyli hissəsi Azərbaycanda olsa da, ölkəmiz hələ ki onları turizmin iqamətgahına çevirə bilməyib.
Sputnik Azərbaycan turistləri palçıq vulkanlarına aparan yolların vəziyyətini araşdırıb. Məlum olub ki, durum acınacaqlıdır. Məsələn, aktiv vulkanlardan sayılan "Keyrəki" vulkanının ətrafı yaşayış massivinə çevilib. Burada yollar yaşayış massivində məskunlaşan sakinlər tərəfindən salınıb. Amma vulkan dağına doğru yol salınmayıb.
Qobustandakı vulkanlarda da vəziyyət eynidir. Yayda vulkanlara gedən yollar toz-duman, qışda isə palçıq olur.
Turizm üzrə ekspert Müzəffər Ağakərimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkəmizdəki palçıq vulkanlarının turizm potensialından, demək olar ki, istifadə olunmur: "Azərbaycan palçıq vulkanlarının vətəni sayılır. Amma çox təəssüf ki, biz ən aktiv vulkanlarımızdan belə turizmdə gəlir mənbəyi kimi istifadə edə bilmirik.
Biz Qobustan-Abşeron istiqamətinə turistləri aparanda onlara palçıq vulkanlarının olduğu barədə məlumat veririk. Amma turistləri vulkanları görməyə apara bilmirik. Çünki vulkanların ətrafında heç bir infrastruktur yoxdur. Vulkanlara turist cəlb etmək üçün yol çəkməklə iş bitmir. Orada sanqovşaq olmalı, gələn turistin əlini yuması, dincəlməsi üçün şərait yaradılmalıdır. Bu baxımdan prezident çox düzgün vurğuladı".
M.Ağakərimov palçıq vulkanlarının müalicəvi əhəmiyyətindən də istifadə etməyin mümkün olduğunu söyləyir: "Bəzən deyirlər ki, palçıq vulkanlarına ekskursiyalar təşkil edilməlidir. Amma nəzərə almırlar ki, bələdçi nə qədər palçıq vulkanları barədə dolğun məlumat versə də, apardığı turist palçığa batıb qalacaqsa, əlini yumağa sanqovşaq tapmayacaqsa, o turistdə ölkəmizlə bağlı, turizmlə əlaqəli yaranacaq mənfi fikrin qarşısını almaq olmayacaq. Bu işləri çevik həyata keçirmək lazımdır. Havalar istiləşdikcə, turizm üçün imkanlar genişlənir. Bundan istifadə etmək üçün palçıq vulkanlarının ətrafında infrastruktur quraraq vaxtında turistləri bu sahəyə yönəltmək olar".
Qeyd edək ki, bu ildən etibarən Qobustan rayonu ərazisində yerləşən palçıq vulkanlarının birinin ərazisində böyük kompleksin yaradılması nəzərdə tutulub. Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bildirib ki, kompleks Azərbaycana səfər edən turistlər üçün palçıq vulkanları ilə bağlı ətraflı informasiya əldə etmək imkanı verəcək: "Kompleksdə müxtəlif cür xidmətlər təşkil ediləcək. Həmin xidmətlərdən gələn turistlər istifadə edəcəklər".
Aparat rəhbəri qeyd edib ki, bu gün palçıq vulkanlarının ərazisində xoş olmayan mənzərə var: "Turistlərin əraziyə səfəri kortəbii şəkildə koordinasiya edilir. Problemlərin aradan qaldırılması üçün belə bir kompleksin inşasına ehtiyac olduğu bəlli idi və bununla bağlı layihələndirmə işləri yekunlaşdırılıb".
Məcburi deyil, tövsiyə olunur - Amma gördüyünüz işi bilsəniz, sizə tələbat da artacaq>>
Sputnik Azərbaycan bu işlərin hansı mərhələdə olduğunu araşdırmaq məqsədilə Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə ilə əlaqə saxlayıb. K.Quluzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ötən il palçıq vulkanlarında turizm infrastrukturunun yaradılması üçün konsepsiya hazırlanıb. Bu il isə bu istiqamətdə işlərə başlanılacaq. Onun sözlərinə görə, hazırda razılaşdırılma işləri aparılıb, tikintiyə başlanılacaq:
"Turistlərin palçıq vulkanlarına marağı böyükdür. Hazırda Dövlət Turizm Agentliyi və Turizm Bürosu palçıq vulkanlarının geniş təbliğatını aparır. Bu marağın arxasında müvafiq infrastruktur olmalı idi. Amma yoxdur. Ona görə bu istiqamətdə işlər aparılacaq".
K.Quluzadə deyir ki, Qobustan şəhərindən 22 kilometr aralıda Turizm Mərkəzi yaradılacaq: "Burada Turizm Təcrübə Mərkəzi olacaq. Restoran, muzey yaradılacaq, gəzinti ərazisi fəaliyyət göstərəcək. Həmçinin baxış qülləsi yaradılacaq. Buraya yol da çəkiləcək. Bir sözlə, müasir kompleks yaradılacaq. Kompleksin tikintisinə bu il başlanılacaq".
Agentlik rəsmisinin dediyinə görə, ərazinin adı Arzani olacaq.