07:44 03 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
Sözlə deyə bilmədiklərimizin izharı - sənət (23)
112420

İçərişəhərdə, qaranlıq bir otaqda, dərin meşə qoxusu qarışmış bir xəzinə var. Oranın sahibi gələndən-gələnə kiçik lampa yanır, divar boyu düzülən fantastik, məzəli varlıqlar canlanır...

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 2 fevral  — Sputnik. Həyatda ən əsası - düşdüyün pis vəziyyətdən dərs çıxarmaq, yıxılarkən dura bilməkdir. Düzdür, həbsxana həyatı yaşayanların bir qismi həyata bəzən elə qaldıqları yerdən davam edir, yəni ya narkotacirliklə, qumarbazlıqla, ya da oğurluqla məşğul olduqları üçün yenidən səmanı dəmir barmaqlıq arasından izləyirlər. Amma yıxıldığı yerdən qalxa bilənlər də var. Elə Sputnik Azərbaycan-ın budəfəki qəhrəmanı Adəm Zindani kimi. Ağac üzərində heykəltəraşlıq nümunələri yaradan 42 yaşlı həmsöhbətimizin 3,5 ili həbsxanada keçib.

© Courtesy of Adem Zindani
Heykəltəraş Adəm Zindani

1978-ci ildə Ağdam şəhərində doğulan A.Zindani təxminən 20 ilə yaxın fotoqraf kimi çalışıb. Lakin sonradan həyat onun yolunu həbsxanadan salıb. O isə bu illərin ömründən itki olmaması üçün orada oymaçılıq sənətini öyrənib. Bununla özündə yeni bir istedad kəşf edib: ağac üzərində heykəltəraşlıqla məşğul olaraq müxtəlif insan obrazları yaratmaq.

Bir tərəfi İrandan olan sənətkar orta məktəbi də yarımçıq qoyub: "14 yaşından işləyərək özümü dolandırıram. O zamanlar peraşki, dondurma sataraq pul qazanırdım. Sonralar isə fotoqraf kimi çalışdım. Təxminən 20 ilə yaxın bu işlə məşğul oldum. Sonra da məlum hadisələr baş verdi".

"Fotoqraf kimi çalışanda pis dolanmırdım, qazancım yaxşı idi. Amma iş elə gətirdi və bir gün ayıldım ki, artıq Kürdəxanıdayam, həbsxanada", - deyə o əlavə edir.

© Courtesy of Adem Zindani
Adəm Zindaninin ağacdan düzəltdiyi heykəlciklər

Emalatxanası çox da böyük olmayan işıqsız bir otaqdır. Lampa işığında işləyən usta bundan yorulmur, əksinə, çox böyük zövq alır. Adəm bəy bizə həbsxanada keçirdiyi günlərdən danışır: "Kimin əvvəli, kimin axırı... Mən 2012-2016-cı illərdə məhbus həyatı yaşamışam. Burada iki gün iki ilə bərabər idi. Ona görə də həbsxanada keçirdiyim 4 illik müddət mənim üçün çox gec keçdi. Amma məhbus həyatı mənim üçün eyib deyil, həyatdır, bəzən pis günlər də insana nəsə öyrədir. Mən nümunəvi dustaq oldum, təsəvvür edin, oranı tərk edəndə artıq 4 təşəkkürnaməm var idi".

"Orada olduğum ilk 8 ayda kamerada qaldım, sonra artıq məni açıq sahəyə çıxartdılar. Amma bu "azadlıq" o azadlıq deyildi. 120 metr uzunluğu, 32 metr də eni olan bir yer idi. Burada nəsə bir işlə məşğul olmalı idim. Həm də vaxtın daha tez və mənalı keçməsi üçün gərək ki, bir məşğuliyyətin ola. Şərait elə idi ki, bir iş görmək üçün istənilən əşya əlçatan deyildi. Məsələn, bizə kəsici alət, bıçaq verilmirdi. Bir sözlə, azadlıqlarım məhdudlaşmışdı. Düzü, orada çox əziyyət çəkdim. Orada olarkən ilk dəfə olaraq oymaçılıqla məşğul olmağa başladım. Mən də müəyyən tələbatlarımı ödəmək, evdən pul istəməmək üçün canımı bu işə vermişdim. Rəssam olduğum üçün özümə güvənim var idi. Lakin orada yalnız il yarım bu işlə məşğul oldum. Çünki bir işə görə "dolya" verməli idin. Bundan başqa, xam materialın gəlməsinə görə də xərc var idi. Təsəvvür edin ki, orada günə 3 manat qazanırdım", - deyə o əlavə edir.

© Sputnik / Nigar Maharram.
Adəm Zindaninin düzəltdiyi suvenirlərin alıcılarının böyük əksəriyyəti əcnəbilərdir

O, dörd il yaşadığı həbsxanadan heç bir dost qazanmayıb: "Mən oradan nə dost, nə də düşmən qazandım. Düzü, həbsxanadan dost-tanış qazanmaq belə istəməzdim. Amma hərdən-bir həbsxana yoldaşlarımı buralarda görürəm, onlar narkomandırlar. Adəm, bir manat ver, Adəm, pula ehtiyacım var, deyirlər. Onların əvvəli də belə idi, axırları da belə olacaq".

Azadlığa qovuşduqdan sonra cəmiyyətə adaptasiya olmaq onun üçün o qədər də asan başa gəlməyib: "Azadlığa çıxandan sonra mənə doğru nə qədər pis baxışların yönəldiyini sezirdim. Heç kəs üçün mənim oraya hansı maddə və məcəllə ilə düşməyim maraqlı deyildi. Onlar üçün bir reallıq var idi ki, sən həbsxanadan çıxmısan. Lakin mənə birtəhər baxanlar artıq bu gün yanımda deyillər".

"Həbsxanadan çıxandan sonra təxminən 5-6 ay kiminləsə əlaqə qura bilmədim. Bilirsiniz necə, yenidən cəmiyyətə adaptasiya olunmaq çox çətin idi. Çünki həbsxanadan çıxandan sonra gördüm ki, hər şey dəyişib. İnsanların imici ilə danışıqları bir-birini tamamlamırdı", - deyə o əlavə edir.

Sonradan valideynlərinin köməkliyi ilə kənd Binəqədidə kiçik bir sex açan Adəm Zindani bahalı dəzgahlar alaraq gecə-gündüz işləsə, taxtadan əl işləri düzəltsə də, nəyəsə nail ola bilməyib: "Həbsxanadan çıxandan sonra Allahdan mənə özümü təmin edə bilmək üçün kömək etməyini istəyirdim. İstəyirdim ki, işimə görə fərqlənim. Beləcə ağac üzərində heykəltəraşlıq nümunələri yaratmağa başladım".

© Sputnik / Nigar Maharram.
Lampa işığında işləyən usta bundan yorulmur, əksinə, çox böyük zövq aldığını deyir

Müxtəlif növ ağac qırıntılarını yığdığı otağı göstərir. Ağacların qoxusu bir-birinə qarışıb, bir-birinin bənzəri olmayan müxtəlif obrazlar bu qoxuların ahəngində fərqli aura yaradır. Canlı bir dovşanla tutuquşunu da nəzərə alanda tam bir sehrli meşədəsən sanki.

Ağacları çay, dəniz kənarından yığır. Bakıda yabanı ağac növlərinə az rast gəlindiyi üçün o, motosikleti ilə xeyli yol qət edərək rayonlara gedir: "Əvvəllər ağacı saxlamaq üçün onu tamamilə suyun içində basdırırdılar. Suda, suyun qırağında olan ağaclar daha bərkdir, nəinki quru yerdə olan ağaclar. Bu nəm ağacları gətirdikdən sonra isə onları bu otaqda özüm quruduram. Bilirsiniz, rayonlara getməyimin səbəbi odur ki, orada ağacların çeşidi çoxdur, məsələn, burada palıd, vələs, fıstıq və başqa növlərə də rast gəlmək mümkündür. Amma sizə deyim ki, bunun üçün xərc çəkərək rayonlara getməyə dəyər. Çünki hər dəfəsində iki kisə yığıb gətirərəm. Hər kisə mənim üçün təxminən 1000-1500 manat pul deməkdir. Demək olar ki, burada heç bir iş qalmır, bütün işlərim satılır. Ay ərzində 200-dək iş satıram".

"Amma ağacları, onların budaqlarını kəsmirəm. Bu, qanunla qadağandır, həm də təbiəti incitmək düzgün deyil", - deyə o əlavə edir.

Emalatxanada olan maraqlı suvenirlərin qiyməti 10 manatdan başlayır. Adəm deyir ki, portret sifarişi alanda aylıq qazancı da yüksəlir. Bir portretin qiyməti təxminən 250 manat civarındadır. Qiymət isə insan üzünün xarakteristikasından asılı olaraq dəyişir. Bu işlər canlı naturaya baxmaqla ərsəyə gəlir.

© Sputnik / Nigar Maharram.
Emalatxanada suvenirlərin qiyməti 10 manatdan başlayır

Damağında siqaret, bir əlində şərab badəsi olan A.Zindani sənətin incəliklərindən danışır: "Oymaçılıqla heykəltəraşlıq başqadır. Hər oymaçı heykəltəraş ola bilməz. Bu çox çətin sənətdir. Heykəltəraşlıq konkret olaraq obrazlılıq tələb edir. İlk dəfə olaraq bu işə başlayanda balaca bıçaqlarımla iş görməyə başladım. Bıçaqla işləmək saatlarla, ən pis halda isə günlərlə zaman tələb edirdi. Sonradan isə pulumu yığaraq özümə lazım olan aparatları aldım".

İşlərini lampa işığında görməsinin səbəbini isə belə izah edir: "Məqsədim iş görərkən pəncərədən boylanan turistlərin mane olmasının qarşısını almaqdır. Bir işi 15 dəqiqədən 3 saatadək başa çatdırıram. Obrazların şəklini taparaq bəzən öz təxəyyülümlə həmin obraza yeni rəng qatmağa çalışıram. Satışı da özüm etdiyim üçün alıcıların daha çox nəyə marağının olduğunu bilirəm".

O, bizə kaprizli alıcıları haqda da danışır: "Bəzən alıcılar qiymətin yüksək olmasından şikayətlənirlər. Mən də onlara başa salıram ki, axı siz 30-50 ildə birinci dəfədir, belə bir şey alırsınız, hər gün almırsınız. Yəni 50 ildə bir dəfə belə bir şey üçün pul xərcləməyə dəyər".

  • Heykəltəraş Adəm Zindani
    © Sputnik / Nigar Maharram.
  • Adəm Zindaninin ağacdan düzəltdiyi heykəlciklər
    Adəm Zindaninin ağacdan düzəltdiyi heykəlciklər
    © Sputnik / Nigar Maharram.
  • Heykəltəraş Adəm Zindani
    Heykəltəraş Adəm Zindani
    © Sputnik / Nigar Maharram.
  • Heykəltəraş Adəm Zindani
    © Sputnik / Nigar Maharram.
1 / 4
© Sputnik / Nigar Maharram.
Heykəltəraş Adəm Zindani

Alıcılarının böyük əksəriyyəti isə əcnəbilərdir. Heykəltəraş deyir ki, elə işi ilə bağlı daha çox onlardan xoş söz eşidir.

Qiymətlər ağacın növündən asılı olaraq da dəyişilir. Məsələn, fıstıq ağacından hazırladığı əl işlərinin qiyməti daha yüksəkdir: "Bundan başqa, bu obrazların gözü, qaşı, burnu qadınları daha çox cəlb edir. Biri o birinə deyir ki, ağəz, bax gör, filankəsin burnuna necə də oxşayır, gəl, bunu onun üçün alaq".

Bəzən olur ki, sənətkar nadir görüntülü ağac qırıntıları tapır. Bu zaman da qiymət yüksək olur: "Məsələn, buynuz formalı ağac qırıntısı var. Onun üzərində hansı obrazın yaradılmasından asılı olmayaraq ən azı qiyməti 130 manat olacaq".

Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət (23)

Əlaqədar

Dəyərsiz "Yelizaveta", varlı "Məmmədəmin" - Tarixi ölməyə qoymayan adamla söhbət
Romantikadan pul qazanan bərbər: "Arağı boşaldıb, şüşənin içində iş görürəm" - FOTO
Yararsız ağac parçalarından xarüqələr – Muzeyə bənzər oymaçı emalatxanası
"Tambur can üstündədir, can verir" - Tariximizin on min yaşlı şahidini ölməyə qoymayaq
Zibillikdəki tullantılar sənət əsərinə necə çevrilir - Qeyri-adi muzeydən reportaj

Əsas mövzular