01:49 28 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
139340

Azərbaycanlılar daha çox yağlarla masaj olunmağı sevirlər. Amma əsl tay masajının elə növləri var ki...

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 12 yanvar — Sputnik. Tay masajı bir neçə gün öncə UNESCO-nun Milli Mədəni İrs Siyahısına daxil edilib.

Nöqtəvi təsirə üstünlüyün verildiyi bu qədim terapiya növündən bir çox müasirimiz bəh-bəhlə yararlanır. Özünüz fikirləşin - heç nəyə vaxtın çatmadığı, gərginlik, streslə dolu texnologiyalar zəmanəsində yuxun da pozulur, əsəblərin də, immunitetin də. Bu cür problemlərdən, xüsusilə müxtəlif ağrılardan qurtulmaqda tay masajı əvəzsizdir.

Adından bəlli olduğu kimi, masaj növü Hindistanda yaransa da, Tailandda məşhurlanıb. Onu bu ölkənin çarlarından birinin şəxsi həkimi olan, təxminən 2 min il əvvəl yaşamış Jivak Kumar Bxaşinin adı ilə bağlayırlar. Əvvəllər bu terapiya növündən ancaq seçilmişlər istifadə edərdilər. İndi isə hətta Azərbaycanda da tay masajı var.

Əslində, bu masajla məşğul olan azsaylı peşəkarlar arasında yerli mütəxəssislər üstünlük təşkil etsə də, ölkəmizdə sırf tailandlı xanımlar da masaj xidməti göstərirlər. Tapdığımız yeganə belə ev "28 May" metro stansiyasının yaxınlığında yerləşir və beş ildir ki, fəaliyyət göstərir.

© Sputnik / Nigar Iskanderova
Ninauvarat xanım

Mərkəzin rəhbəri Emin Babayev Sputnik Azərbaycan-a qurduğu kiçik biznes haqda məlumat verir: "Bir gün işdən çıxmaq qərarına gəldim. Düşündüm ki, artıq biznesimi qurmağın zamanı gəlib. Amma nə edim ki, fərqli və cəlbedici olsun, deyə fikirləşdim. Sankt-Peterburqda olarkən tay masaj evlərinin birində olmuşdum, oranı çox bəyənmişdim. Düşündüm ki, elə Azərbaycanda da tay masaj evini açım. Artıq bu iş bizim kiçik ailə biznesimizə çevrilib".

"Hazırda burada dörd tailandlı xanım işləyir. Daha iki tailandlı mütəxəssis üçün rəsmi icazə almaqda isə bir çox problemlə qarşılaşırıq. Dövlət Miqrasiya Xidmətindən bildirilir ki, yerli əmək ehtiyatları hesabına bu boşluğu doldurmaq mümkündür. Amma ötən il bənzər problem yarandıqda mən DMX-nın rəisi Vüsal Hüseynovun qəbulunda oldum, fikirlərimi bölüşdüm və bildirdim ki, spesifik masaj növü olduğu üçün burada tay xanımların çalışması şərtdir. Bundan sonra mənim üçün maneələr aradan qalxdı. Hazırda bəzilərinin müqavilə müddəti başa çatdığı üçün yenidən eyni problemi yaşayırıq".

© Sputnik / Nigar Iskanderova
Tay masajı UNESCO-nun Milli Mədəni İrs Siyahısına daxil edilib

Masajçı xanımlarla tanış oluruq.

Adətən, masaj salonu dedikdə ağla başqa yerlər gəlsə də, bura tamamilə fərqli məkandır. Tailanda məxsus rahatladıcı, həzin musiqi sədası, xüsusi matun çayı və ruhunu unutduracaq toxunuşlar...

Biznes qurmaqda Emin Babayevə kömək edən xanımın adı Ninauvaratdır. Tailand dilində ləqəbi Rat, buradakı ləqəbi isə Nabatdır. 47 yaşı olan həmsöhbətimiz 18 yaşından tay masajı ilə məşğuldur: "Mən Tailandda ikən bu masajı öyrənmişəm. Tay masajı üçün orada xüsusi məktəblər olur və bu məktəbi bitirdikdə sertifikatlar verilir".

O, bizə tay masajının texnikası haqda da məlumat verir: "Tay masajının icrası üçün bir çox üsullar var. Ümumiyyətlə, onu deyim ki, dünyada tay masajının iki əsas növü məşhurdur: klassik tay masajı və refleksoloji ayaq masajı.

Klassik tay masajında masajçı müştərinin qollarından, çiyinlərindən tutaraq onu müxtəlif istiqamətlərə doğru dartır. Yağlarla tay masajı isə son 20 ildə çox populyarlıq qazanıb. Elə Azərbaycanda da yerli vətəndaşlar daha çox yağlarla olan bu masaj növünə üstünlük verirlər.

Ümumilikdə tay masajlarının bir çox növləri ilə müxtəlif ağrılar aradan qaldırılır. Aromatik yağlarla masaj isə digərləri ilə müqayisədə yalnız rahatladıcı təsirə malikdir".

© Sputnik / Nigar Iskanderova
O, 18 yaşından tay masajı ilə məşğuldur

Ninauvarat xanımın sözlərinə görə, dərin toxumaların masajı digərləri ilə müqayisədə daha sərt masaj növü hesab edilə bilər. Bu masajda toxunuşlar da sərtdir. Tay masajına otlarla edilən masajlar da daxildir: "Masajdan öncə biz hazır kisələrdə olan bu otları isidirik. Bu otlar isindiyi üçün masaj zamanı onun yayılan qoxusu bir rahatlıq bəxş edir. İsti ot kisəsini bədənin lazım olan, daha həssas nahiyələrinə basırıq".

Söhbət əsnasında bəlli olur ki, tay masajının növləri arasında ən maraqlısı elə refleksoloji ayaq masajıdır. Sən demə, ayaq altında olan müxtəlif nöqtələr orqanizmimizin sağlam olub-olmamasından xəbər verir. Belə ki, Tailandda bitən xüsusi ağacdan hazırlanan taxta parçası ilə ayaq altının müxtəlif hissələrinə basılır və bu zaman ağrının hiss olunduğu nöqtəyə uyğun olaraq müştərinin hansı xəstəlikdən əziyyət çəkdiyi, hansı ağrıların müşahidə olunduğu ortaya çıxır.

© Sputnik / Nigar Iskanderova
Ninauvarat xanımın sözlərinə görə, dərin toxumaların masajı digərləri ilə müqayisədə daha sərt masaj növü hesab edilə bilər

Bundan başqa, ovucun içi də masaj edilir. Masajçılar daha çox limfa xətləri ilə işləyirlər. Müəyyən tıxanma olduqda həmin xətləri açaraq ağrıları aradan qaldırırlar.

Həmçinin isti, qara qaya daşları ilə masajdan istifadə edilir. Bu masaj üsulu rahatladıcı təsirə malikdir.  Qeyd edək ki, tay masajı digər masaj növlərindən fərqli olaraq seans şəklində olmur.

© Sputnik / Nigar Iskanderova
Klassik tay masajının qiyməti həftəsonunda bir saat üçün 40 manat, həftəiçi isə 38 manatdır

Bakıda yerlilərlə yanaşı, turistlər arasında da bu masaja böyük maraq var. Gün ərzində azı 6-7 turist buraya müraciət edir. Əcnəbilər arasında isə tailandlılar üstünlük təşkil edirlər.

Klassik tay masajının qiyməti həftəsonunda bir saat üçün 40 manat, həftəiçi isə 38 manatdır. Bunun səbəbi isə iş günlərində də müştəri axınını təmin etməkdir.

Əlaqədar

Sağalmaz xəstəliyə yeni müalicə metodu
Cavanlaşma iynələrinin "əbədiyyət" effekti - həyatla vidalaşmağa razısınız?
Seks treninq keçirənlərə Tailanda gəlmək qadağan edildi

Əsas mövzular