02:39 07 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8883
Bakı, arxiv şəkli

Bakını "format edirlər" - həyətlərin siyahısı hazırlanıb

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
15820

Bakı şəhərində məhəllələrarası parklar formatı tətbiq olunur. Bütün yaş kateqoriyaları üçün həm istirahət etmək, həm idmanla məşğul olmaq, həm də asudə vaxtı səmərəli keçirmək üçün şərait yaradılır

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 12 noyabr — Sputnik. Paytaxtda elə yaşayış binaları var ki, dağlıq rayonlarda yerləşən binalarının həyəti onların həyətindən abaddır. Elə bir neçə gün öncə prezident İlham Əliyev də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova şəhərdəki köhnədən tikilən yaşayış binalarının həyətinin abadlaşdırılması barədə tapşırıq verib.

Sputnik Azərbaycan paytaxtın müxtəlif rayonlarının ərazisində həyətlərin real vəziyyətini öyrənib.

Bakıda abadlaşdırılacaq yaşayış binaların siyahısı hazırlanıb
© Sputnik / Zulfiyya Guluyeva.
Bakıda binaların həyətləri abadlaşdırılacaq

Əvvəlcə yolumuzu Yasamal rayonu ərazisindən salırıq. Rayonun Lətif İmanov küçəsi ilə paralel yerləşən köhnə yaşayış binalarının həyətinin acınacaqlı durumda olduğu elə kənardan görünür. Həyətə salınmış asfalt örtüyünün çox hissəsi sıradan çıxdığından burada yerləşən binaların həyətində, demək olar ki, asfalt ancaq gediş-gəliş olan cığırlarda qalıb. Sınıq-salxaq oturacaqlar, uşaqların oynaması üçün nəzərdə tutulan yelləncək və bu tip müxtəlif qurğuların ancaq dəmir dirəkləri gözə dəyir. Elə sakinlər də yaşayış binalarının həyətindəki acınacaqlı durumdan narazıdırlar. Türabə Məmmədova adlı sakin deyir ki, nəvəsini gəzdirmək üçün parka aparmalı olur: "Əvvəllər hər binanın həyəti bir park idi. İndi gördüyünüz kimi, binanın həyətindəki skamyada oturmağa adam qorxur. Çoxunun taxtası yoxdur, olanları da laxlayır. Sovet dövründə bizim bu binanın həyətinə daş döşənmişdi. İndi daş döşəmədən əsər-əlamət qalmayıb. Sonradan Mənzil İstismar Sahəsinin işçiləri gətirib gediş-gəliş olan hissələrə asfalt tökdülər. Amma görürsünüz ki, o asfalt da qırılıb-tökülüb. Bir sözlə, həyətlər baxımsız qalıb".

Bakıda abadlaşdırılacaq yaşayış binaların siyahısı hazırlanıb
© Sputnik / Zulfiyya Guluyeva.
Sakinlər binaların həyətlərini avtomobillərin zəbt etdiyindən narazıdırlar

Bu ünvanda müşahidə apardığımız binaların, demək olar ki, mütləq əksəriyyətinin həyəti uçuq-sökük vəziyyətdədir. Sakinlər binaların həyətlərini avtomobillərin zəbt etməsindən də narazıdırlar. Rakif adlı sakin deyir ki, binaların həyəti nəzarətsiz olduğundan ətrafdakı ofislərdə işləyənlər də gətirib avtomobilini bu binaların həyətində saxlayırlar.

Nərimanov rayonu, Ceyhun Hacıbəyli-30 ünvanında yerləşən köhnə yaşayış binasının da həyəti baxımsız qalıb. Sakinlər deyirlər ki, yağış yağan kimi həyət gölməçəyə dönür. Həyətdə isə oturmağa bir oturacaq belə yoxdur. Uzun illərdir bu binada yaşayan sakin Tahir Abdullayev deyir ki, yaşayış binasının həyəti illərdir ki, baxımsız qalıb:

Bakıda abadlaşdırılacaq yaşayış binaların siyahısı hazırlanıb
© Sputnik / Zulfiyya Guluyeva.
Bəzi binaların həyətlərində oturacaqlar yararsız vəziyyətdədir

"Prezidentin yaşayış binalarının abadlaşdırılması barədə tapşırığı hamımızın ürəyindəndir. Yaşlı insanlarıq, hərdən adam istəyir ki, düşüb həyətdə təmiz hava alsın. Amma oturmağa bir oturacaq belə yoxdur. Yağış yağanda həm kanalizasiya daşır, həm də həyət gölməçə olur".

Paytaxtda apardığımız müşahidələr göstərdi ki, köhnədən qalan yaşayış binalarının əksəriyyətinin həyətində ciddi abadlıq işlərinin görülməsinə ehtiyac var.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi İsrafil Kərimov da Sputnik Azərbaycan-a açıqlamasında bunu təsdiqləyib. O deyib ki, Bakı Şəhər İcra Hakimiyyətinin və rayon icra hakimiyyətlərinin balansında 11 min yaşayış binası var:

Bakıda abadlaşdırılacaq yaşayış binaların siyahısı hazırlanıb
© Sputnik / Zulfiyya Guluyeva.
Bu gün Bakıda həyəti olan binaların sayı 6331-dir

"Onları şərti olaraq həyətləri olan və olmayanlara bölmək olar. Bu gün həyətləri olan binaların sayı 6331-dir. 2018-2019-cu illərdə 273 nümunəvi məhəllə yaradılıb. Leyla xanım Əliyevanın və onun təsisçisi olduğu IDEA İctimai Birliyinin fəaliyyəti bu istiqamətdə danılmazdır. İctimai Birliyin səyləri nəticəsində bu gün Bakı şəhərində məhəllələrarası parklar formatı tətbiq olunur. Bütün yaş kateqoriyaları üçün həm istirahət etmək, həm idmanla məşğul olmaq, həm də asudə vaxtı səmərəli keçirmək üçün şərait yaradılır. Bu proses davam edir. İlin axırınadək daha 15 yeni nümunəvi məhəllə istifadəyə veriləcək. Yaxın illərdə hələ 743 bu cür layihə icra etmək mümkündür".

İ.Kərimov deyir ki, artıq bütün rayonlarda abadlaşdırılmasına ehtiyacı olan binaların siyahısı hazırlanıb.

Əlaqədar

Prezident Bakının icra başçısına: “Bütün rayonlarda vətəndaşlarla görüşülməlidir”
On yeddi bina söküləcək – Sakinlər hələ vəziyyətdən xəbərsizdirlər
Bakıda böyük təmizlik başlandı
Baş qarışıb arayışa, zibil çıxıb boğaza: bu qurumların nə işə yaradığını kim bilir?
Eldar Əzizov icra başçılarına xəbərdarlıq etdi

Əsas mövzular