23:10 20 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8823
Abşeron Milli Parkda vəhşi heyvanlar və ceyranlar məskunlaşdığı üçün, diqqətli və ehtiyatlı olmaq tövsiyə edilir.

Qartalın dimdiyi, dəniz, macəra: sağa getsən... - FOTO

© Sputnik / Irade JELIL
CƏMİYYƏT
Qısa URL
68920

Qumluqla nəhəng, narıncı günəşə doğru irəlilədikcə sərin külək qulağına sakit nəğmə pıçıldayır. Torpağın bitdiyi, mavi ənginliyin başladığı yerə çatanda anlayırsan ki, oxuyan külək deyildi...

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 10 noyabr — Sputnik. Hazırda ölkəmizdə ümumi sahəsi 893 min hektara yaxın olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park fəaliyyət göstərir. Onlardan biri Abşeron Milli Parkıdır.

Milli Park Xəzər rayonu ərazisində yerləşir və 783 hektar ərazini əhatə edir.

Sputnik Azərbaycan sizi Abşeron Milli Parkına virtual səyahətə dəvət edir.

Abşeron Milli Parkının ərazisi
© Sputnik / Irade JELIL
Abşeron Milli Parkının ərazisi

Milli Park Bakıdan 65 kilometr uzaqlıqda yerləşir. Oraya getmək üçün Dübəndi, Zirə qəsəbələrindən keçib gedirsən. Yol uzundur, irəlilədikcə heç bitməyəcəyini düşünürsən.

Nəhayət yol bitir, Abşeron Milli Parkına çatırıq. Parkda ziyarətçilər üçün iki marşrut nəzərdə tutulub. Birinci marşrut "Şahdili" adlanır. Şahdili Azərbaycan Respublikasının xəritəsində "qartalın dimdiyi"nə bənzəyən ərazidir.

Parkda irəlilədikcə qapalı piyada dayanacağı, avtomobillərin saxlanılması üçün dayanacaq, seyr qülləsi qarşımıza çıxır.

SSRİ dövrünə aid olan hərbi hissənin qalıqları-bunker
© Sputnik / Irade JELIL
SSRİ dövrünə aid olan hərbi hissənin qalıqları-bunker

Qeyd edək ki, marşrut boyu dəniz kənarında ayrılmış iki piknik yerində dayanmaq mümkündür. Burada hər fəsildə istirahət etmək olar. Ancaq turistlər daha çox bahara üstünlük verirlər.

Şahdili burnu. Rəvayətə görə, qədim zamanlarda buraya şahlar, əyanlar ova gələrmişlər. Məhz bu səbəbdən də ərazi Şahdili adlandırılıb.

Giriş qapısının yaxınlığında turistlərin müəyyən müddətə oturub dincəlməsi üçün üstüörtülü, kənarları açıq köşk var. İçəriyə doğru təxminən 200 metrlik məsafədə isə parkın flora və faunasını əks etdirən 14 ədəd şəkilli məlumat lövhələri yerləşdirilib. Bu marşrut parkın girişindən başlanan yol boyu nəzərdə tutulub və Şahdili burnuna qədər davam edir. Avtomobillə getmək istəyənlər üçün də eyni şərait mövcuddur. 6 km avtomobil yolu var, Şahdili burnuna qədər qalan 2 km yolu yalnız piyada getmək mümkündür.

Abşeron Milli Parkın velosiped sürməyi sevənlər də nəzərə alınıb.
© Sputnik / Irade JELIL
Abşeron Milli Parkında velosiped sürməyi sevənlər də nəzərə alınıblar

Parkın bələdçiləri ziyarətçilərə özləri ilə içməli su, binokl, gəzinti üçün rahat ayaqqabı götürməyi məsləhət görürlər.

Parkda vəhşi heyvanlar və ceyranlar məskunlaşdığı üçün diqqətli və ehtiyatlı olmaq tövsiyə edilir. Parkın işçilərinin sözlərinə görə, gəzinti vaxtı Milli Parkda olan vəhşi heyvanların görünməsi ehtimalı nəzərə alınmalıdır.

Qeyd edək ki, ümumi uzunluğu 8 kilometr olan bu marşrutu piyada 3-5 saata qət etmək mümkündür. Biz bu marşrutla yola düşürük. Bir qədər avtomobillə irəlilədikdən sonra avtomobil yolu bitir və piyada getməyə davam edirik. İki kilometrə yaxın yolu irəlilədikdən sonra Şahdili burnuna çatırıq. Bura Abşeron rayonunun quru sahəsinin su ilə qovuşduğu yerdir. Qarşında böyük bir sonsuzluq açılır. Dəniz səmaya qovuşub. Günəşin şüaları bərq vurur...

Deyilənə görə, əvvəllər dəniz burada təpələrə qədər çatırmış. Amma zaman keçdikcə geri çəkilib. İndi həmin yerlər bataqlıq kimi qalıb.

Abşeron Milli Parkının ərazisi
© Sputnik / Irade JELIL
Abşeron Milli Parkının ərazisi

Hətta parkın əməkdaşları deyirlər ki, hərdən burada vəhşi heyvanlar ilişib qalır və onlar həmin heyvanları çətinliklə də olsa, bataqlıqdan xilas edə bilirlər.

Parkın ikinci marşrutu "Bunker" adlanır. Uzunluğu 800 metrdir. Bu marşrut üzrə gəzinti 1-2 saat davam edir.

Sovet dönəmində burada yerləşən hərbi hissənin qalıqlarını və bunkeri görmək üçün seyr qülləsindən sonra təqribən 400-500 metr irəliləmək kifayətdir. Burada bunkerə aparan yeraltı yolun qalıqlarını, bunkerin qalın beton qapısını və digər maraqlı görüntüləri müşahidə etmək mümkündür. Qeyd edək ki, bunkerə aparan yolun təxminən 500 metri hamar, qalan hissəsi isə qumluqdur. Bu marşrut qısa olduğundan yalnız piyada getmək üçün nəzərdə tutulub.

Abşeron Milli Parkının ərazisi
© Sputnik / Irade JELIL
Abşeron Milli Parkının ərazisi

Hərbi hissənin qalıqları və bunker yaxın tariximizə dair maraqlı yer kimi yaddaqalandır. Bu ərazi daha çox xarici turistlərdə təəssürat yaradır. Bunker hündür təpənin üzərində yerləşir. Buradan bütün ətraf ovuc içi kimi görünür. Bunkerə yaxınlaşsaq da, içəridə çox sayda ilan olduğu üçün içəri daxil ola bilmirik.

Geri qayıdanda velosipedçilər üçün çəkilən xüsusi yola düşürük. Abşeron Milli Parkında iki təkər üstə gəzənlər elə də çox deyil, biz də fürsətdən istifadə edirik. Rahat yolla addımlayarkən dənizi, sonsuzluğu, qumluğu, narıncı payız günəşinin istiliyini üstələməyə çalışan sərin, duzlu küləyi, gözəl əhvalı da əynimizə geyib şəhərə gəlirik. Növbəti dəfə buranın sehri geriyə çağıranadək...

Əlaqədar

Qızıl cütlük: Azərbaycanın payız geyimində olan ən mənzərəli guşəsi
Adi insana giriş yasaqdır: Azərbaycanın xüsusi məkanları necə qorunur?
Mənim könlüm sərxoşdur ulduzların altında: bizi Avropada hiss etdirəcək yenilik gəlir
Hər birimiz ən xəsis milyonerik - iki nəsil sonraya bizdən heç nə qalmayacaq
Azərbaycanda "yunan şəhəri", almanları heyrətləndirən daşlar - tarixə baş vururuq

Əsas mövzular