06:07 17 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0614
  • RUB0.0236
CƏMİYYƏT
Qısa URL
1212

"Əhalisi çox istiqanlı olduğu üçün burada heç vaxt özümü yalnız deyil, vətənimdəki kimi rahat hiss etmişəm"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr — Sputnik. Azərbaycan incəsənəti, ədəbiyyatı, eləcə də təbiəti ilə əcnəbilərin diqqət mərkəzindədir. Artıq 10 ildən artıqdır ki, ölkəmizlə bağlı müəyyən layihələrdə çalışan, hazırda isə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) ilk dəfə olaraq Gürcüstanla yanaşı, Azərbaycanda həyata keçirdiyi "KÜR II H2OTEL Su İsrafının Qarşısının Alınması Mükafatı" layihəsinin (Kür çayı hövzəsi boyunca İnteqrasiya olmuş Su Resursları İdarəçiliyinin İnkişafına dair layihə) maraqlı tərəflərin iştirakı üzrə eksperti Cenene Mitçell Cömərtoğlu da Azərbaycana aşiq olanlardandır. Bu sevgi hətta onu bizim dilimizi öyrənməyə vadar edib. Onunla müsahibəmiz də elə Azərbaycan dilində baş tutdu.

Cenene Mitçell Cömərtoğlu
© Sputnik / Nigar Iskanderova
Cenene Mitçell Cömərtoğlu

- Sizdən danışaq...

- 1980-ci ildə ABŞ-ın Vaşinqton ştatında dünyaya gəlmişəm. İxtisasım beynəlxalq əlaqələr və ətraf mühit siyasətidir. Universitet təhsilim bitdikdən sonra, 2002-ci ildə Amerika hökumətinin Türkiyədə təhsil almaq üçün təqaüd proqramını qazandım. Bundan sonra Türkiyəyə köçməyə qərar verdim.

- Bu qərarınız ixtisasınız üzrə biliklərinizi artırmaqda nə qədər yardımçı oldu?

- Böyüdüyüm şəhər dəniz kənarında yerləşdiyi üçün hər zaman ətraf mühit məsələsi mənim üçün çox həssas bir mövzu olub. Elə Türkiyədə təhsil alarkən də dənizlərin, suların qorunması və bu məsələnin hüquqi tərəflərini öyrənirdim. İstanbul İnformasiya Universitetinin Dəniz Hüququ Mərkəzində işlədiyim müddətdə Qara dənizin gəmilərlə çirkləndirilməsinin qarşısını almaq üçün müəyyən metodlar düşünüb hazırlayırdıq. Beləcə, üç il İstanbulda yaşadım, daha sonra isə ABŞ-a qayıdaraq enerji və ətraf mühit üzrə beynəlxalq əlaqələrlə bağlı magistr təhsili aldım. İki il mütəxəssis kimi çalışdıqdan sonra 2009-cu ildə Azərbaycana gəldim. Artıq 10 ildir ki, marşrutum Azərbaycan-ABŞ, ABŞ-Azərbaycan istiqamətindədir.

- Ölkəmizə ilk gəlişiniz necə oldu?

- Azərbaycana ilk dəfə gələndə Prezident yanında Strateji Araşdırmalar Mərkəzində qonaq tədqiqatçı kimi çalışmışdım. Çünki o zamanlar Kolumbiya Universiteti ilə Strateji Araşdırmalar Mərkəzi arasında əlaqələr qurulmasını istəyirdik. Azərbaycanda qaldığım müddətdə bu ölkənin və regionun enerji gələcəyi ilə bağlı araşdırmalar apardım. Daha sonra Vaşinqton Universitetində Azərbaycan, Türkiyə və Orta Asiya üzrə mütəxəssis kimi yetişmək üçün doktorantura təhsili aldım. Dissertasiya işim isə Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı Kür çayı haqda idi.

- Necə oldu ki, Azərbaycan dilini öyrənməyə başladınız?

- 2010-cu ildə bir təqaüd proqramı qazandım və Azərbaycan Dillər Universitetində Azərbaycan dilini öyrənmək şansı əldə etdim. Əslində, hər il amerikalı tələbələr Azərbaycana gələrək burada dil öyrənirlər. Lakin həmin il dil biliyi məndən üstün olan birini tapmadığımdan müəllimdən təkbətək dərs aldım. Azərbaycan dilini iki aya öyrəndim. 2015-ci ildə Azərbaycana təkrar gəldim və burada Prezident yanında Dövlət İdarəçilik Akademiyasında tədqiqatçı qonaq kimi çalışmağa başladım. Bundan sonra isə maraqlı tərəflərin iştirakı üzrə ekspert kimi "H2OTEL Su İsrafının Qarşısının Alınması Mükafatı" layihəsinə qoşuldum. İki ay burada oluram, sonra ABŞ-a qayıdıram.

- Azərbaycan dilində mütaliə edirsinizmi?

- Vaxtım olanda Azərbaycan dilində kitab, qəzet oxuyuram. Azərbaycan ədəbiyyatının heyranıyam. Nizami Gəncəvi, Füzuli, Nəsimini çox sevirəm.

- Azərbaycanla yaxından tanışlığınız 10 ilə dayanır. Bu illər ərzində nələrin dəyişdiyinin şahidisiniz?

- 10 il öncə buraya gələndə "SOCAR" enerji dəyişikliyi haqda düşünürdü. Bu, mənə görə, qabaqcıl düşüncə, addım idi. Enerji məsələsi Azərbaycan üçün çox vacibdir. Bundan başqa, qeyd edim ki, bu gün Azərbaycan iqtisadi müxtəlifliklə yanaşı, həm də ekoloji sağlamlığı qorumaq istiqamətində də mütərəqqi addımlar atır.

- İlin neçə gününü səyahətdə keçirirsiniz?

- Bir il ərzində səyahətdə olduğum günləri saydım. Bu günədək bir il ərzində iki yüz günümü yolda keçirtmişəm.  Amma Azərbaycanda özümü qərib hiss etmirəm. Əhalisi çox istiqanlı olduğu üçün burada heç vaxt özümü yalnız deyil, vətənimdəki kimi rahat hiss etmişəm.

- Ailənizdən uzaqda qalanda da?

- Ailədə iki nəfərik, yoldaşım və mən. Artıq 10 ildir ki, onunla tanışam. Həyat yoldaşım türkdür, o, Amerikada yaşayır. Ailəmizdə qəribə bir təzad var. Mən amerikalıyam, daha çox vaxtımı Azərbaycan və Türkiyədə keçirirəm. Türkiyədə olarkən həyat yoldaşımın ailə üzvlərinə, qohumlarına da baş çəkirəm. Həyat yoldaşım isə Amerikada yaşadığı üçün o mənim yaxınlarıma, qohumlarıma baş çəkir, onlarla zaman keçirir. Bir neçə ay əvvəl o ilk dəfə Azərbaycana gələndə buranı çox sevib bəyənmişdi.

Cenene Mitçell Cömərtoğlu
© Sputnik / Nigar Iskanderova
Cenene Mitçell Cömərtoğlu

Bizim üç pişiyimiz var. Onlardan birini 2015-ci ildə Azərbaycanda, küçədə sahibsiz, xəstə vəziyyətdə tapmışdım. Ona "Qismət" adını verdim. Artıq onu Amerikaya aparmışam, orada yaşayır. Qismətin ikili vətəndaşlıq vəsiqəsi var. Hələ ki onu Azərbaycana yenidən gətirmək kimi bir şansım olmayıb.

- Azərbaycanda daha nəyi sevirsiniz? 

- Azərbaycanın mətbəxini, xüsusən də dolmasını çox sevirəm. Artıq dolma bişirməyi öyrənmişəm. Ümumiyyətlə, buranın tərəvəz və meyvələri çox dadlıdır. Hər şey təbiidir.

Əlaqədar

"Bakıda Səadətimi tapdım" – Britaniyalı jurnalist futbol və Azərbaycan qaynanaları haqda
Azərbaycanı qarış-qarış gəzən amerikalı – Onu ABŞ-dan gətirən səbəb var
Xaricə gedən azərbaycanlılar ən çox haranı seçirlər - rəqəmlər
Çinlilər bizə qonaq gəlir: Say artıb, yenə də artacaq

Əsas mövzular