İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 17 oktyabr — Sputnik. Tərkibində zülal, yağ, mineral maddələr, vitaminlər və digər bioloji fəal maddələr olan balıq və balıq məhsullarının insanların qidalanmasında böyük əhəmiyyəti var. Fizioloji normaya əsasən, orta yaşlı insan ildə azı 18 kq balıq istehlak etməlidir. Amma təəssüf ki, Azərbaycanda balıq ehtiyatları az olduğu üçün vətəndaşlarımız illik normada balıq istehlak edə bilmirlər.
Xəzər dənizində balıq niyə azalır? Sputnik Azərbaycan bu məsələyə aydınlıq gətirməyə çalışıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Hikmət Əlizadə Sputnik Azərbaycan-a bildirib ki, balıq ehtiyatlarının azalmasının əsas səbəblərindən biri brakonyerlərin qadağan olunmuş vaxtlarda və qadağan olunmuş alətlərlə ov etməsidir.
"İcazəsiz balıq tutanları, xüsusilə də sintetik torlardan, elektrik cərəyanından istifadə edənləri brakonyer deyil, təbiət düşmənləri adlandırmaq lazımdır. Çünki balıqları bu cür vəhşicəsinə ovlayanları ancaq belə adlandırmaq olar. Əsl ovçular müəyyən dövrlərdə heyvanlara, quşlara güllə atmırlar. Yəni heyvanların balalama vaxtlarında ov etmirlər. Amma balıqçılar bütün fəsillərdə balıq tuturlar.
Körpə balıqları məhv etmək cinayət olmaqla yanaşı, həm də günahdır. Bu məsələ o qədər aktualdır ki, burada təkcə qanunlardan, cəza tədbirlərindən deyil, dini inanclardan da istifadə olunmalıdır. Ovçu bunu günah sayırsa, balıqçı da bilməlidir ki, körpə balıqları ovlamaq günahdır. Burada ictimai qınaq da olmalıdır ki, onlar tutduqları əməllərindən utansınlar.
Gəlin bu sualı verək. Nə üçün bu gün balıqları vəhşicəsinə ovlayan təbiət düşmənləri utanmamalıdırlar? Qohumları, qonşuları və cəmiyyət tərəfindən qınaq olunmamalıdırlar?
Bu gün hər birimiz hamılıqla, əl-ələ verib bu vəhşiliyə qarşı mübarizə aparmalıyıq ki, təbiət düşmənləri necə biabırçı və günah bir işlə məşğul olduqlarından utansınlar. Cərəyanla körpə balıqları, balaca canlıları məhv etməklə necə ayıb bir iş gördüklərini anlasınlar", - deyə H.Əlizadə vurğulayıb.
"Hesab edirəm ki, bununla bağlı daha geniş maarifləndirmə və təbliğat işlərinə ehtiyac var. Biz öz səlahiyyətlərimiz daxilində işləməyə, əməkdaşlıq etməyə hazırıq. Bu işdə dəstək lazımdır. Qadağan olunmuş vasitələrdən istifadə edənlərə qarşı gəlin siz, biz, ictimaiyyət nümayəndələri, mətbuat bir yerdə mübarizə aparaq, onları qınaq obyektinə çevirək. Bəlkə, onda bir nəticə əldə edərik.
Qadağan olunmuş vasitələrdən istifadə edənlər cinayətkardırlar, bu işlə polis məşğul olmalıdır, onlar cinayət məsuliyyətinə cəlb edilməlidirlər", - deyə departament rəhbəri vurğulayıb.
Onun sözlərinə görə, balıqların qadağan olunmuş sintetik torlarla ovlanmasının aradan qaldırılması və bu torların yığışdırılması üçün dənizdə, ümumiyyətlə bütün su hövzələrində və sahillərdə aksiya keçiriləcək:
"Çünki bu torların flora və faunaya, ətraf mühitə mənfi təsirləri hesaba gəlməyəcək dərəcədə böyükdür və balıqların kütləvi məhvinə səbəb olmaqla yanaşı, eləcə də təbiəti çirkləndirir. Qadağan olunmuş bu torlar təbii yolla çürüyüb parçalanmır, torpağa qarışmır və uzun müddət tullantı kimi qalaraq sututarları və ətraf mühiti çirkləndirir. Ona görə də onların istifadəsinə son qoyulmalıdır".
Yeri gəlmişkən, xatırladaq ki, ekoloji cinayətkarlığa, brakonyerliyə qarşı mübarizə sahəsində Xəzər dənizində və respublikanın digər sututarlarında keçirilən tədbirlər nəticəsində bu ilin 9 ayı ərzində Su Nəqliyyatında Polis İdarəsinin İstintaq bölməsində 96 cinayət işinin araşdırılması aparılıb.
Ekoloji hüquqpozmalar sahəsində 84 inzibati xəta faktı aşkar edilib. Cinayət və inzibati xəta törətdiklərinə görə 182 nəfər məsuliyyətə cəlb olunub, onlardan qanunsuz balıqovlamada istifadə olunan 45 ədəd qayıq, 241 tor, 9 mühərrik və başqa ov vasitələri, 9 ton 444 kq müxtəlif növ balıq, 4011 ədəd krevetka və digər su bioresursları götürülüb. Cinayət hadisələri nəticəsində təbiətə 42 min manat ziyan vurulub, bundan istintaq zamanı 20 min manatı ödənilib. İnzibati xəta faktları törədənlər isə 6780 manat cərimə ediliblər.