23:17 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
CƏMİYYƏT
Qısa URL
87910

Psixoloq Zeynəb Əyyubova: “Zorakılıq hadisələri daha çox zorakılığa məruz qalan və ya zorakılığa şahid olan şəxslər tərəfindən törədilir”

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 16 oktyabr — Sputnik. Son zamanlar Azərbaycanda qadınlara qarşı zorakılıq hallarının sayı durmadan artır. Elə son bir neçə gün ərzində də ölkədə bir neçə səs-küylü zorakılıq hadisəsi baş verib. Təəssüf ki, onlardan bir neçəsi ölümlə nəticələnib.

Belə ki, Binəqədi rayonunda, “Avtovağzal” metrosu yaxınlığında Nicat Abdullayev küçədə həyat yoldaşı Leyla Abdullayevanı uşaqlarının gözü qarşısında 20 bıçaq zərbəsi ilə qətlə yetirib.

Bakının Nizami rayonunda 39 yaşlı İlham Əkbərov yaşadığı evdə arvadı, 36 yaşlı Əkbərova Cəvahir Telman qızını qısqanclıq zəminində bıçaqlayaraq öldürüb.

Tərtərin Şıxarx qəsəbəsində qayınata əsəbiləşərək avtomobillə gəlininin üstündən keçib. Hadisənin ailə münaqişəsi zəminində və qəsdən törədildiyi bildirilir.

Daşkəsənin Əmirvar kəndində 19 yaşlı, hamilə olan Abdullayeva Ayşə Samir qızı gəlin getdiyi evdə qayınatası və qayınanası tərəfindən ölümcül döyülüb. Səbəb isə gəlin gələndə özü ilə cehiz kimi qoyun gətirməməsidir.

Abşeronun Masazır qəsəbəsində Abdullayeva Aynurə Bəhmən qızı əri Yaqub Qurbanov tərəfindən döyülərək öldürülüb.

Gəncənin Bayan küçəsində, 1977-ci il təvəllüdlü Mustafayeva Natavan Sabir qızının əri Məhərrəm Sirati tərəfindən boğazı kəsilib.

Bakıda məhbus Ramin Bayramov ona baş çəkməyə gələn həyat yoldaşı 33 yaşlı Elmira Bayramovanı döyüb və kəsici alətlə ona ağır xəsarət yetirib.

Xətai rayonunda, NZS qəsəbəsində ailə münaqişəsi zəminində qardaş öz bacısı, 1966-cı il təvəllüdlü Köçərli Bikə Məhəmmədəli qızını döyərək ağır xəsarət yetirib.

Nəsimi rayonunda 44 yaşlı Abbasova Nəzirə Ağagül qızı keçmiş əri tərəfindən döyülüb.

Bu, son günlər qadınlara qarşı edilən zorakılıq hadisələrinin ancaq bir qismidir. Bəs görəsən, qadınlara qarşı zorakılığın birdən birə artması nə ilə bağlıdır? Ümumiyyətlə, qadınlar niyə zorakılığa məruz qalır? Axı Azərbaycanda qadına qarşı həmişə xüsusi münasibət olub.

Avropa Şurasının gender bərabərliyi komissiyanın eksperti Elgün Səfərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bütün dünyada, bütün cəmiyyətlərdə qadınlara qarşı zorakılıq problemləri var və insanlıq olduqca zorakılıq olacaq.

"Azərbaycanda son vaxtlar diqqət mərkəzinə düşən bir neçə zorakılıq faktı baş verib. Çox təəssüf olsun ki, cəmiyyət artıq bunu normal qiymətləndirir və olmasını labüd hesab edir. Bildirməliyəm ki, ümumiyyətlə zorakılıq cinayət hadisəsidir. Zorakılığı törədən şəxslər məsuliyyətə cəlb edilməldir. Bu şəxslər zorakılıq növündən asılı olmayaraq ya inzibati, ya da cinayət məsuliyyətinə cəlb edilmılidirlər", – deyə ekspert əlavə edib.

Onun sözlərinə görə, bu qurbanların reabilitasiyası üçün böyük bir mexanizm olmalıdır. Azərbaycanda 2010-cu ildən qanun qəbul edilib, mexanizm yaradılması istiqamətində fəaliyyət aparılıb. QHT-lər bu sahəyə dəstək göstərir, qaynar xətlər yaradılıb. Bu sistem ildən ilə təkmilləşdirilir. Onlayn məlumat bankı yaradılıb: "Bu gün ümumrespublika qaynar xətti yaradılmalıdır. Çox təəssüf olsun ki, bütün respublikanı əhatə edən dövlət qaynar xətti yoxdur. Bu gün zorakılığa məruz qalmış qadınlar üçün dövlət sığınacağı yoxdur. Yerli icra hakimiyyətlərində monitorinq komissiyaları yaradılıb. Ancaq bəzi hallarda məktəblərdə psixoloqların sayı çatışmadığı kimi, hər regionda da psixoloji dəstəyin göstərilməsi ilə bağlı xidmət hələ də təmin edilməyib. Bu problemləri həll etməliyik".

E.Səfərov əlavə edib ki, 2012-ci ildə nikaha məcbur etmə ilə bağlı qanun qəbul edilsə də, bu günə qədər bir cinayət işi yoxdur: "Bu da zorakılığın bir növüdür. Valideynlər övladlarını erkən nikaha məcbur edirlər. Uşaqlar intihar edirlər. Amma bu sahədə bir cinayət işi yoxdur".

Psixoloq Zeynəb Əyyubova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, zorakılıq hadisələri daha çox zorakılığa məruz qalan və ya zorakılığa şahid olan şəxslər tərəfindən törədilir.

"Biz əvvəlcə zorakılığın nə olduğunu bilməliyik. Adətən Azərbaycanda zorakılıq qadınlar öldürüləndə, qadına qarşı fiziki zorakılıq tətbiq ediləndə və ya insanların gözündən qaçmayan hər hansı bir hadisə baş verəndə zorakılıq adlanır. Amma zorakılıq həm də insanı bezdirmək, yormaq, onu maddi və mənəvi təzyiq altında saxlamaq hesab edilir. Sadəcə Azərbaycanda hansısa hadisə sosial mediaya çıxdıqdan sonra zorakılıq hesab edilir. Ona qədər isə biz bunu ailədaxili problem adlandırıb gözümüzü yumuruq. Azərbaycan qadınları zorakılığa uşaqlıq dövründən immunitet qazanmış kimidirlər. Bu gün atalar uşaqlarını döyür, bu gün atalar övladına qarşı zorakılıq edirlər", – deyə o bildirib.

Psixoloqun sözlərinə görə, istənilən istintaq işi ilə maraqlandıqda görürük ki, hər hansı bir cinayətin, ölüm hadisəsinin kökündə nəsə durur: "Bir qadın zorakılığa məruz qalırsa, bunu özü üçün müəyyən etməlidir ki, niyə ona qarşı zorakılıq var. Cinayət hadisələrinə nəzər salanda müşahidə edirik ki, heç bir cinayət hadisəsi birdən-birə baş vermir. Bunun əvvəli var, döyülmələr, təhqirlər, ayrı yaşamalar var. Deməli məsələyə başqa aspektdən yanaşmalıyıq. Hər bir valideyn övladını başa salmalıdır ki, səni kimsə incidə, sənə heç kim zorakılıq tətbiq edə bilməz. Deməli bu gün problem tərbiyə şəraitidir. Özünə hörmətlə böyüyən uşaqlar sonradan cəmiyyətdə də özlərinə hörmət edə bilirlər. Zorakılıq daha çox düzgün tərbiyə almamış şəxslərdə baş verir".

Psixoloqun fikrincə, bu gün insanların əsəb sistemi pozulmuş haldadır. İnsanlar maddi və mənəvi sıxıntılar içindədirlər. Etirazını dillə ifadə edə bilməyən bir cəmiyyət yaranıb.

"Evində, ailəsində sözünü sivil qaydada deyə bilməyən insanlar yaranıb və sözünü sivil qaydada deyə bilməyən insanlar zorakılığa əl atırlar. Bizə onlarla zəng gəlir. Bildirilir ki, kişilər qadınlara qarşı zorakılıq edir və onlara psixoloqa gedib məsləhətləşməyə belə imkan yaradılmır. İstənilən növ zorakılıqdan sonra vəziyyət hüquq mühafizə orqanlarının məsuliyyətindədir", – psixoloq vurğulayıb.

Z.Əyyubova son günlər baş verən zorakılıq hallarını payız depressiyası deyilən amillə əlaqələndirmir. Onun sözlərinə görə, zorakılığın dini, dili, irqi, fəsli, yazı, qışı olmur. Zorakılıq insanın ruhundan gəlir: "Və zorakılığı edən şəxs ya zorakılığı görüb, ya da zorakılığa şahid olub. Bunun psixoloji adı budur".

Əsas mövzular