BAKI, 14 oktyabr — Sputnik. Yaxın zamanlarda yollarda şütüyən köhnə avtomobillər yığışdırılacaq. Bu barədə Sputnik Azərbaycan-a nəqliyyat eksperti Elməddin Muradlı məlumat verib.
O qeyd edib ki, bu ilin yanvar-avqust aylarında idxalın iki dəfə artması da bununla bağlıdır. Köhnə avtomobillərin utilizasiyası ilə bağlı Prezident İlham Əliyev tərəfindən 5 illik dövlət proqramının təsdiqlədiyini dilə gətirən E. Muradlı bildirib ki, buna əsasən, yaxın vaxtlarda proqram həyata keçiriləcək.
"İnsanlar da başa düşürlər ki, köhnə maşınlardan yaxa qurtarmaq lazımdır. Onu da əlavə edim ki, taksi fəaliyyəti ilə məşğul olan avtomobillərin sayı artıb. Çünki bəzi taksi şirkətləri öz fəaliyyətini genişləndirir. Turistlər çox gəldikcə artan tələbatı qarşılamaq üçün sərnişindaşıma şirkətləri mikroavtobusların sayını artırır. Bu səbəbdən də taksi şirkətləri üçün nisbətən ucuz və təzə maşınların alınmasına üstünlük verilir".
E. Muradlı həmçinin bildirib ki, avtomobil idxalındakı artımlara hibrid və elektromobillərin idxalının da təsir edəcəyi gözlənilir.
"Bunun üçün gömrük rüsumlarına baxmaq lazımdır ki, o tipli avtomobillərin sayı artırılsın. Əhalinin də hibrid və elektromobillərə meyli var, ancaq rüsumlar digərlərindən fərqlənmədiyi üçün o avtomobillər az gətirilir", - deyə qeyd edilib.