Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 18 sentyabr - Sputnik. Qubada ayı növbəti dəfə insanlara hüçum edib.
Hadisə bu gün Qubanın dağlıq kəndi olan Cimidə başverib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, Cimi kəndi yaxınlığında yerləşən yaylaqda kənd sakini heyvan sürüsünü otararkən ayının hücumuna rast gəlib. Belə ki, 1981-ci il təvəllüdlü Akif Nərimanov itlərin hürməsini eşidərək sürüyə yaxın gedib və bu zaman ayı arxadan ona hücum edərək xəsarət yetirib.
A.Nərimanov bədən nahiyəsinin çoxlu deşilmiş yaraları ilə Quba rayon mərkəzi xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.
Zərərçəkənin sözlərinə görə, ayı hücum edən zaman yanında 2 balası da olub. Onun ehtimalına əsasən, ayı çobanın onun balalarına zərər verəcəyindən ehtiyat edib hücum edib.
Onu da qeyd edək ki, bu son günlərdə Qubada baş vermiş üçüncü ayı hücumudur.
Bu gün Qax sakinləri də yırtıcının hücumuna məruz qalıb. Orada çaqqal kənd sakininə hücum çəkib.