CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı məktəblərinin sıxlıq dərdi: Əlli körpə bir sinifdə necə oxusun?!

© Sputnik / Ilham AhmadovMirzə Fətəli Axundov adına 1 saylı tam orta məktəb, arxiv şəkli
Mirzə Fətəli Axundov adına 1 saylı tam orta məktəb, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sabunçu, Xəzər və Binəqədi rayonlarında yeni salınmış yaşayış massivlərində yerləşən məktəblərdə müəllimlər hər şagirdə heç bir dəqiqə vaxt ayıra bilmirlər.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 5 sentyabr — Sputnik. Yeni tədris ili yaxınlaşdıqca aktuallaşan problemlərdən biri də, Bakının bəzi məktəblərində sıxlığın normadan artıq olmasıdır. Məsələn, Bakının Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 256 saylı məktəbdə bu il birinci sinfə 46 şagird gedəcək. Valideyn Arzu Balıyeva Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, 2006-cı ilin dekabrında Heydər Əliyev Fondu tərəfindən tikilən yeni binanın açılışı olub: "Məktəbdə 17 sinif otağı, 1 kitabxana, 1 akt zalı, 2 kompüter otağı, idman meydançası var. Məktəb 300 nəfərlikdir. Bu il 1-ci sinfə 46 uşaq qəbul edilib. Qanuna görə, 41 uşaq olanda sinif iki yerə bölünməlidir. Amma direktor bölməkdən imtina edir, deyir ki, əlavə sinif otağımız yoxdur".

Sakin bildirir ki, Türkan Üzümçülük Sovxozu adlanan ərazidə son illərdə Sahil Mühafizə Xidmətinə aid hərbi şəhərciklər salınıb. İndi həmin şəhərciklərdə yaşayan uşaqlar da bu məktəbə gəlir:

"Odur ki, uşaqların sayı artıb. Məktəbdə təhsil birnövbəlidir. Bizim də tələbimiz odur ki, 1-ci sinfi iki yerə bölsünlər. Çünki 46 nəfər 6 yaşlı 1-ci sinif şagirdinin bir sinifdə normal təhsil alması mümkün deyil. Təsəvvür edin ki, dərslər 45 dəqiqədir, amma sinifdə 46 uşaq var. Bu isə o deməkdir ki, müəllim dərsdə hər uşağa heç bir dəqiqə vaxt ayıra bilməyəcək".

Первоклассник в День знаний в одной из школ Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Təhsil Nazirliyindən inqilaba bərabər sınaq - birincilərdən başlayırlar

Valideyn hesab edir ki, əgər yetərincə sinif otağı yoxdursa, şagird sıxlığını nəzərə alaraq məktəb rəhbərliyi təhsili ikinövbəli edə bilər. Belə olan halda siniflərdə şagird sıxlığı da ifrat həddə olmaz. Balıyevanın sözlərinə görə, sıxlıq və bu səbəbdən də təhsilin keyfiyyətinin aşağı olağı ehtimalını göz önünə alan bəzi valideynlər uşaqları kənddən xeyli aralıda yerləşən Hövsan qəsəbəsindəki məktəblərə yazdırıb. Qışda ictimai nəqliyyat problemi olduğundan, kəndə gediş-gəliş də çətin olur. Odur ki, kənardakı məktəblərə gedib-gələn uşaqlar da, valideynlər də xeyli əziyyət çəkir.     

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda paytaxtın bəzi ümumtəhsil müəssisələrində müşahidə olunan sıxlığın əsas səbəbi, əhalinin paytaxtda sıx məskunlaşmasıdır. B. Məmmədov deyir ki, bəzən "yaxşı məktəb" sorağı ilə Bakının mərkəzi məktəblərinə də axın müşahidə olunur: " Odur ki, bu ildən Bakı şəhəri üzrə Təhsil İdarəsi birinci siniflərə şagird qəbulunda ərazi prinsipini əsas götürüb. Bu il sıxlıq olan məktəblərdə ilk öncə o məktəbin əhatə etdiyi ərazidə yaşayan uşaqları qəbul elədik. Yer qaldığı halda kənar ərazilərdə yaşayan uşaqlar müsahibə yolu ilə məktəbə qəbul olundular. Bu prinsip Bakıdakı məktəblərin 15 faizini əhatə etdi. Təbii ki, söhbət şəhər mərkəzində yerləşən məktəblərdən gedir. Digər məktəblərdə isə uşaq qəbulu sərbəst aparıldı. Bakı şəhərinin bəzi ümumi təhsil məktəblərində şagird sıxlığı müşahidə olunur. Bu da təbii ki, əhalinin demoqrafik vəziyyətindəki müsbət dinamika ilə bağlıdır. Məktəblərlə bağlı şagird sıxlığı Bakının mərkəzi hissəsindəki və Bakıətrafı qəsəbələrdəki bəzi məktəblərdə özünü göstərir. Qeyd edək ki, bu tendensiya əsasən Sabunçu, Xəzər və Binəqədi rayonlarında yeni salınmış yaşayış ərazilərində yerləşən məktəblərdə müşahidə olunur".

Продажа учебников в Баку, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şagirdlər üçün son iki gün

B. Məmmədov məktəblərdə şagird sıxlığı ilə bağlı problemin aradan qaldırılması üçün yeni məktəb korpuslarının da inşa olunduğunu deyib. Onun sözlərinə görə, paytaxt məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam edir: "Hazırda 6 məktəbdə təmir-tikinti işləri aparılır, 1 məktəb üçün yeni binanın tikintisi başa çatdırılıb, 6 məktəbdə isə mövcud binaların və köhnə korpusların yenilənməsi, əlavə korpusun tikintisi işləri planlaşdırılır. Belə ki, 39, 113, 129 nömrəli tam orta məktəblərdə əsaslı təmir işləri aparılır, 101 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisi həyata keçirilir. Həmçinin 300 nömrəli tam orta məktəb üçün əlavə korpusun tikintisi davam etdirilir. 208 nömrəli tam orta məktəbin bütövlükdə binasının sökülərək yenidən tikintisi həyata keçirilir. Bundan əlavə, ehtiyac olan ərazidə daha bir yeni məktəb (161 nömrəli tam orta məktəb) binasının tikintisi başa çatdırılıb. 154 və 205 nömrəli məktəblərin sökülərək yenidən tikintisi, 90, 97 və 155 nömrəli tam orta məktəblərin isə köhnə korpuslarının sökülərək yenidən tikintisi nəzərdə tutulur, 251 nömrəli tam orta məktəb üçün əlavə korpusun tikintisi planlaşdırılır".

BŞTİ yetkilisi deyib ki, bu işlər gələcəkdə şagird sıxlığı müşahidə olunan məktəblərdə davam etdiriləcək. Ümumi təhsil məktəblərinin təmir-tikinti işləri son illərdə davamlı olaraq həyata keçirilir və bu işlər ümumilikdə təhsil alanların tədris şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Bütün bunlar nəticə etibarilə əhali artımı səbəbindən yaranan şagird sıxlığının azaldılmasına zəmin yaradır. Eləcə də birinci sinfə şagird qəbulunun elektron qaydada aparılması, süni şagird sıxlığının tənzimlənməsinə imkan verir. Məktəbin şagird tutumu və kadr imkanları nəzərə alınaraq əlavə siniflər açılır.

Məktəblərdə təmir-tikinti işləri gedir - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda üç məktəb tam olaraq sökülüb

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 171 nömrəli, 03.08.2012-ci il tarixli qərarının 2.3.1-ci bəndinə görə, "Ümumi təhsil müəssisələrində siniflər şagirdlərin sayı 20 nəfər və sinif otaqlarının sahəsi 36-42 kvadrat metr olmaqla təşkil edilir. NK–nin 10 nömrəli, 19.01.2012-ci il tarixli digər qərarının 2.6.2-ci bəndinə görə eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otaqlarının ölçüsü imkan vermədikdə həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir.

Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a bildirib ki, Bakıda yaşanan şagird sıxlığı burada yaşayıb qeydiyyatı olmayanların öz uşaqlarını da həmin məktəblərə qoymaları nəticəsində yaşanır: "Hazırda Bakı şəhəri üzrə təkcə birinci sinfə gedən şagirdlərin sayı 50 mindən çoxdur. Bu da kifayət qədər böyük rəqəmdir. Nəzərə alsaq ki, Bakı şəhəri üzrə ümumilikdə 317 orta məktəb var, onu da 50 minlik şagird kontingentinə böləndə, ortaya kifayət qədər böyük həcmdə şagird sıxlığı çıxır. Əslində, beynəlxalq təcrübədə tövsiyə olunur ki, daha yaxşısı bir müəllimə 9 şagirdin düşməsidir. İbtidai siniflərdə, tədris və təhsil prosesinə ilk dəfə qoşulanlarla bağlı bu mənada yaxşı olar ki, auditoriyadakı şagirdlərin sayı 25 nəfəri keçməsin. Amma etiraf edək ki, hazırda Bakıda, xüsusən də paytaxtın mərkəzində yerləşən məktəblərdəki siniflərində 47,50, 54 nəfərə qədər uşaq bir sinifdə oturur. Problemin yaranma səbəbi odur ki, valideynlər Bakıda yaşasalar da, burada qeydiyyata düşməyib, çoxu rayon qeydiyyatındadır. Bu da sosial proqlamlaşdırmaya mənfi təsir göstərir. Aidiyyatı dövlət qurumları əvvəlcədən proqnozlaşdırır ki, Bakıda cari ildə məsələn birinci sinfə gedəcək 40 min uşaq var. Müəllim və siniflərin də sayı ona uyğun olaraq müəyyənləşdirilir. Digər tərəfdən, paytaxtda yaşayanların bir çoxu Bakının bir rayonunda qeydiyyatda olsalar da, şəhərin başqa ərazisində yaşayırlar. Bu da süni şəkildə şagird sıxlığına gətirib çıxarır".

Дошкольная группа - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda məktəbəhazırlıq qruplarına qeydiyyatdan keçən uşaqların sayı açıqlandı

Həmsöhbətimizin fikrincə, mövcud problemi aradan qaldırmağın yolu çox rahatdır: "Bakı məktəbləri yay tətilində sürətlə əlavə korpuslarla təmin edilsin. Habelə, bir-iki mərtəbəli məktəb binalarına müasir standartlara cavab verməklə əlavə mərtəbələr əlavə edilsin. Bundan başqa, məktəblərdə dərslər birnövbəli olmasın. Təəssüf ki, birnövbəli olması ciddi şagird sıxlığına gətirib çıxarır. Ona görə də yaxşı olar ki, ibtidai siniflərin dərsləri ikinci, böyük siniflərinki isə birinci növbəyə keçirilsin. Bu, eyni zamanda, azyaşlı şagirdlərin daha çox istirahət etməsinə imkan yaradacaq".

Ekspertin sözlərinə görə, sıxlıq əsasən ibtidai siniflərdə olur. Çünki sonradan şagirdlər başqa yerlərə gedir, bu və ya digər səbəbdən məktəbdən uzaqlaşırlar. Müvafiq addımlar atılsa, sıxlıq də əhəmiyyətli dərəcədə azalar.

"Bununla bağlı aydiyyatı dövlət qurumlarına dəfələrlə tövsiyə etmişik. Əlavə müəllim qəbulunu da həyata keçirə bilərik. Məsələn, müəyyən bir məktəb hər birində 50 şagird olmaqla 7 sinif qəbul edirsə, onu 10-12 sinifə çatdırmaqla sıxlığı azaltmaq olar. Bu fonda əlavə iş qəbulunun həyata keçməsi dovlətin sosial siyasətinə xidmət edərdi. Yaranmış vəziyyət təhsilin keyfiyyətinə də müsbət təsir edəcək. Ən çox sıxlıq rus bölməsində yaşanır. Ona görə də ora qəbulu da müsahibə və müsabiqə yolu ilə həyata keçirməliyik. Bu da sıxlığın aradan qaldırılmasına kömək edər".

K.Əsədov Bakı məktəblərində yaşanan sıxlığın təhsilin keyfiyyətinə ciddi şəkildə mənfi təsir göstərdiyini vurğulayıb: "45 dəqiqəlik dərs fonunda auditoriyada olan 35-50 şagirdlə müəllimin bir dəqiqə işləməsi belə mümkün deyil. Müəllim dərsin gedişində jurnal yazmalı, yoxlama aparmalıdır. Bunu nəzərə alsaq, aktiv dərs prosesi üçün ortada demək olar ki, az vaxt qalır. Yaranmış vəziyyətdə müəllimin yeni dərsi izah etməyə, şagirdlərdən dərs soruşmağa vaxtı qalmayacaq. Uşaqlarla individual, fərdi qaydada işləyə bilməyəcək. Auditoriyada şagirdin sayı 25 nəfərdən çoxdursa, burada birmənalı şəkildə keyfiyyətdən danışa bilmərik. Ona görə də uşaqların əksəriyyəti elə ilk sinifdən repetitor yanına gedir."

Xəbər lenti
0