20:17 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Turan Ləvəndin arıçılıq təsərrüfatı

Türkiyə türkü Qəbələnin "tərəkəmə" arıları ilə yerlilərə pul qazanmaq öyrədir

© Sputnik / Ilham Ahmadov
CƏMİYYƏT
Qısa URL
56920

Bol məhsul almaq istəyən azərbaycanlı arıçılara məsləhət görürəm ki, hər il ana arıları mütləq dəyişdirsinlər

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 24 avqust — Sputnik. Arıçılıq Azərbaycanda çox qədim tarixə malikdir. Qəbələnin əlverişli iqlimi, zəngin bitki örtüyü iqtisadi cəhətdən gəlirli olan bu sahənin inkişafını şərtləndirən başlıca amillərdəndir.

Sputnik Azərbaycan-ın bölgə muxbiri xəbər verir ki, 27 ildir Azərbaycanda yaşayan, Türkiyə Respublikasının vətəndaşı Turan Ləvəndin də arıçılıq təsərrüfatı var. Arı ailələrini Qəbələ rayonunun ucqar daglıq ərazisində, sıx meşələrlə əhatə olunan Çömçəbulaqda yerləşdirən Turan Ləvənd uzun illərdir dədə-babadan qalan yolu davam etdirir. O, arıların mövsümə daha sağlam və məhsuldar  çıxmasını onlara göstərilən diqqət və qayğının, eləcə də zərərvericilərə qarşı bütün zootexniki tədbirlərin vaxtında aparılmasının nəticəsi olduğunu deyir. Arıçı deyir ki, arı ailələrinin gəzdirilməsi həm məhsuldarlığın yüksək olmasına, həm də onun keyfiyyətinə müsbət təsir edir.

"Hal-hazırda 100-dən çox arı yeşiyim var. Hər il daha da inkişaf edir. Əlli beş ilə yaxındır arıçılıqla məşğulam. 62 yaşım var. Atamın atasının vaxtından arıçılıqla məşğuluq. Arıları təxminən 5 yerdə gəzdirirəm. Birinci Tərtərdən gətirirəm Qəbələnin Tola kəndinə, orada balıqçılığım da var, arı qaratikandan bal yığır. Oradan gətirirəm Zarağana, şabalıddan yığır. Sonra qaldırıram Bumun qəsəbəsinin başına, Qəmərvan kəndinin alt tərəfinə, orada həm cökədən, həm şabalıddan şirə çəkir. Axırda da gətirirəm Çömçəbulaq ətrafına. Ərazidə cökə, dağ çiçəkləri, kəklikotu bitir. Yuxarı dağlara getmişdim, baxdım ki, bütün arılar kəklikotunun üzərindədir. Ona görə də buranın balı çox keyfiyyətli, çox gözəl olur", - deyə Turan Ləvənd sirlərini bölüşür.

  • Turan Ləvəndin arıçılıq təsərrüfatı
    Turan Ləvəndin arıçılıq təsərrüfatı
    © Sputnik / Ilham Ahmadov
  • Turan Ləvəndin arıçılıq təsərrüfatı
    Turan Ləvəndin arıçılıq təsərrüfatı
    © Sputnik / Ilham Ahmadov
  • Turan Ləvəndin arıçılıq təsərrüfatı
    Turan Ləvəndin arıçılıq təsərrüfatı
    © Sputnik / Ilham Ahmadov
  • Turan Ləvəndin arıçılıq təsərrüfatı
    Turan Ləvəndin arıçılıq təsərrüfatı
    © Sputnik / Ilham Ahmadov
  • Turan Ləvəndin arıçılıq təsərrüfatı
    Turan Ləvəndin arıçılıq təsərrüfatı
    © Sputnik / Ilham Ahmadov
1 / 5
© Sputnik / Ilham Ahmadov
Turan Ləvəndin arıçılıq təsərrüfatı

Artıq bir həftədir ki, fermer bal süzümünə başlayıb. Arıçı hər arı ailəsindən orta hesabla 30-35 kiloqram bal süzə biləcəklərini deyir. O, həmçinin uzun illərin təcrübəsini digər arıçılarla da bölüşür.

T.Ləvənd onu da qeyd edir ki, ilk dəfədir ki, Qəbələdə rekord miqdarda bal alacaq. Üstəlik, o, "arıkeçməz" adlanan yeni vasitədən istifadə edib: bal süzülən zaman təknədə arılardan rahatlıqla qorunmaq üçün şəbəkənin köməyilə arıların təması kəsilir və arıçı sərbəst və rahat şəkildə bal götürür. Bu vasitəni o ilk dəfə bu il Türkiyədən gətirərək sınayıb. Uğurlu alınıb. Ləvənd bu əlverişli vasitəni həmkarlarına da tövsiyə edir.

"Bu bölgədə bal çox keyfiyyətli olur. Gün keçdikcə azərbaycanlı qardaşlara da öyrədirik. Ana arı da yetişdirirəm. Burada xüsusi, ana arılar üçün qutular var. Mövsüm bitdikcə hər il anaları dəyişdirmək lazımdır. Bol məhsul almaq istəyən azərbaycanlı arıçılara məsləhət görürəm ki, hər il ana arıları mütləq dəyişdirsinlər. Gənc ana arı dözümlü olur, bol yumurta qoyur. Bol yumurta isə dolu arı pətəyi, bol məhsul deməkdir", - deyə türkiyəli arıçı bildirir.

Min bir dərdin dərmanı sayılan baldan insanlar əsasən müalicə məqsədi ilə istifadə edirlər. Təbiətin möcüzəsi hesab edilən arının adı gələndə hamının yadına təkcə bal düşür. Ancaq bəlkə də çox az insan bilir ki, bal arının istehsal etdiyi məhsullardan yalnız biridir. Bu qeyri-adi varlığın fəailiyyəti nəticəsində 6 növ məhsul alınır. Bunlar arı südü, arı zəhəri, mum, çiçək tozu, bərəmum və baldır. Bal ilə çiçək tozunun qarışığından hazırlanan məhsul isə güləm adlanır. Güləm müxtəlif xəstəliklərin, eləcə də kişi və qadın sonsuzluğunun aradan qaldırılmasında daha çox istifadə olunur.

Turan Ləvənd respublikamızda arıçılığın inkişaf etdirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirildiyini, hər arı ailəsinə subsidiyanın verilməsini həvəslə qeyd edir. Hazırda rayon üzrə arıçıların ümumi sayı 576 nəfərdir. Ümumilikdə isə burada 7769 arı ailəsi var. Balın qiymətinə gəldikdə isə bu il bir kiloqramına görə 25-30 manat arası dəyişir.

Əlaqədar

"Balın qiyməti istehlakçının cibinə uyğun deyil"
Bir az gecikən “May balı” necə yığılır
Arısı olan qazandı: nazirlik pul verəcək
Teqlər:
Azərbaycan, Türkiyә, türk, Qəbələ, bal, arıçılıq məhsulları, arıçılıq, arı

Əsas mövzular