İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 20 avqust — Sputnik. Rusiyanın Müstəqil Həmkarlar İttifaqları Federasiyası ölkənin Əmək və Sosial Müdafiəsi Nazirliyinə dörd günlük iş həftəsinə keçidlə bağlı təklif göndərib. Bu barədə Federasiyanın saytında bildirilir.
Dörd günlük iş həftəsinə keçid Avropa Birliyinə daxil olan ölkələrlə yanaşı, digər ölkələrdə də mütəmadi olaraq olaraq müzakirə olunur. Qeyd edək ki, artıq dördgünlük iş həftəsinə keçid bir sıra ölkələrdə baş tutub. Bəs Azərbaycanda 4 günlük iş rejiminə keçid mümkündürmü?
Sputnik Azərbaycan bu məsələni aydınlaşdırmağa çalışıb.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 4 günlük iş rejiminə keçmək nəinki Azərbaycan, heç region üçün də praktik cəhətdən mümkün olmayacaq: "Bu, sadəcə eksperimental şəkildə hansısa şəhərdə ola bilər. Amma bütünlükdə tətbiq etmək mümkün deyil".
S. Məmmədov qeyd edib ki, söhbət təkcə iş həftəsinin qısaldılmasından deyil, eyni zamanda iş saatlarının azaldılmasından gedir.
"Beynəlxalq təşkilatlarda iş saatlarının azaldılması da müzakirə edilir. Məsələn, 8 saatlıq iş gününün 5-6 saata salınması müzakirə edilir. İnsan əməyindən rasional istifadə etmək şərti ilə bu sistemə keçmək mümkündür. O yerdə ki texnoloji imkanlar, iş şəraiti 4 günlük iş həftəsinə uyğun deyil, həmin yerdə bu sistemin tətbiqi real görünmür. Bunu insanın 5-6 gündə gördüyü işi 4 gündə bitirməsi mümkün olan sahələrdə həyata keçirmək olar. Məsələn, ölkəmizdə bəzi iş sahələrində insanların 8, 9, hətta 10, 12 saat işlədiyi yerlər var. Bu məsələyə ciddi yanaşmağa dəyməz. Bu məsələ bizim region və hətta Şərqi Avropa üçün müzakirə mərhələsindən başqa bir şey deyil", - deyə S.Məmmədov əlavə edib.
O, həmçinin əlavə edib ki, Azərbaycanda işçi 8 saat işləyib, Avropa işçisinin 4 saat ərzində verdiyi məhsuldarlığı verə bilmir. Çünki ilk növbədə buna əməyin təşkili məsələsi və texnoloji məsələlər mane olur. Ona görə də nə Rusiya, nə də Azərbaycanın əmək bazarı bu keçidə hazırdır.
S. Məmmədov vurğulayıb ki, Azərbaycanda işləyən insanların yalnız 1/3-nin əmək müqaviləsi var. Bu səbəbdən də Azərbaycan üçün ümumiyyətlə bu mövzu haqda danışmağa dəyməz.
İqtisadçı Vüqar Bayramovun sözlərinə görə, Avropa Birliyinə daxil olan ölkələrlə yanaşı, bir çox ölkələrdə 4 günlük iş rejiminə keçmək müzakirə edilir. Amma hələlik Avropa Birliyinə üzv olan ölkələr belə bununla bağlı qərar veməyib. Çünki bunun iqtisadi cəhətdən əsaslandırılması həyata keçirilməyib.
Bayramovun sözlərinə görə, 4 günlük iş rejiminə keçmənin müsbət və mənfi tərəfləri mövcuddur. Belə ki, məsələnin müsbət cəhəti ondan ibarətdir ki, bu, işçilərə daha çox istirahət etmək imkanı verəcək: "Belə hesab edilir ki, işçinin daha çox istirahət etməsi onun növbəti həftədə daha çox məhsuldar olmasına gətirib çıxaracaq. Amma bu məsələ ilə bağlı yanaşmalar da müxtəlifdir. Məsələnin mənfi cəhəti ondan ibarədir ki, iş saatının azalması istehsalata birbaşa təsir göstərəcək. Belə ki, praktik olaraq həftədə işçi daha az işləyəcək və daha az məhsul istehsal edəcək. Digər neqativ tərəfi isə psixoloji məqamlarla izah edilir. Belə ki, bəzi psixoloqlar hesab edirlər ki, iş gününün az olması növbəti həftə işçinin məhsuldarlığını artırmır, əksinə, azaldır. Çünki istirahət günlərinin sayı nə qədər çox olursa, bu, işçinin passivləşməsi ilə nəticələnə bilər".
İqtisadçı hesab edir ki, Azərbaycan üçün əsas məsələ 5 günlük iş rejiminin qorunub saxlanılmasıdır:
"5 günlük iş həftəsi olduğu qeyd edilsə də, əksər dövlət qurumlarında şənbə günü də iş olur. Bəzi özəl şirkətlərdə bazar günü də iş olur. Bu səbəbdən də Azərbaycana 4 günlük iş rejiminə keçilməsindən çox, mövcud 5 günlük iş rejiminin real olaraq tətbiq edilməsi və işçilərin əmək hüquqlarının qorunmasıdır. Nəticə etibarilə bu gün 5 günlük iş rejimi olsa da, işçilərin əmək hüquqları qorunmur".
Xatırladaq ki, Əmək Məcəlləsinə görə, gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Bununla yanaşı, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.
Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Ancaq istehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər.
Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.