Zarina Orucəliyeva, Sputnik Azərbaycan
BAKI, 18 avqust — Sputnik. Azərbaycan yetkinlik yaşına çatmayan cinayətkarların dindirilməsi üçün şəraiti yaxşılaşdırmalı və zorakılıq qurbanı olan uşaqlarla işləməlidir. Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan Uşaqlar Birliyinin və Uşaq Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə belə hesab edir.
Hüquq müdafiəçisi qeyd edib ki, polis məntəqələrində və məhkəmələrdə xüsusi otaqların olmasına baxmayaraq, bəzən uşaqlar uyğun olmayan şəraitdə dindirilir və bu da onlara daha bir psixoloji travma yaşadır.
Qeyd edək ki, Rusiyanın bir çox regionlarında uşaqların dindirilməsi üçün xüsusi "yaşıl otaqlar" fəaliyyət göstərir. Bu yaxınlarda Novqorod vilayətinin sosial müəssisələrində də analoji otaqlar fəaliyyətə başlayacaq.
"Yaşıl otaq" Gezell güzgüsü quraşdırılmış bir otaqdır. Bu, müstəntiqlərə və təmsilçilərə uşaqla ünsiyyətin necə baş verdiyini müşahidə etməyə imkan verir. Eyni zamanda, kabinet səsyazma avadanlığı ilə təchiz olunur ki, bu zaman qeydə alınmış videoyazı zərərçəkmişi təkrar dindirmədən məhkəmədə istifadə edilə bilər.
Ağazadə hesab edir ki, uzun illərdir hüquq-mühafizə orqanlarının yetkinlik yaşına çatmayanlarla işləməsi üçün analoji şərtlərə ehtiyacı var.
"Məhkəmələrdə uşaqdan məlumat almaq üçün nəzərdə tutulan otaqlar var, amma hər dəfə mən məhkəmələrdə uşaqları müdafiə etdiyim vaxt həmin otaqların boş olduğunu görürəm. Əslində, əgər uşaq bir dəfə ifadə veribsə, bu, kifayətdir, onu məhkəmədə yenidən sorğu-sual etmək lazım deyil. Uşaqlar bundan hər dəfə böyük travma alırlar", - deyə Ağazadə bildirib.
O, bir dəfə məhkəmədə doğma dayısı tərəfindən zorakılığa məruz qalmış bir qızı müdafiə etməsi ilə bağlı xatirəsini də bölüşüb. Məhkəmə zamanı uşaq məhkəmədə ifadə verməli imiş. Ancaq qızı ayrıca dindirmək əvəzinə, ümumi otağa gətiriblər. Qız, təcavüzkarla üz-üzə dayanaraq həyatının ən çətin günləri barədə danışmaq məcburiyyətində qalıb. Hüquq müdafiəçisi qeyd edib ki, bu, qız üçün hər şeydən ağır idi. O, hələ də bu "zərbə"dən xilas olmayıb.
"Onda məhkəməyə etiraz elədim, amma mənə dedilər ki, uşaqlar üçün otaqda kamera və mikrofon işləmir", - deyə hüquq müdafiəçisi bildirib.
Bununla yanaşı, o qeyd edib ki, asayiş keşikçiləri yetkinlik yaşına çatmayanlarla işləyərkən mülki geyim geyinmək kimi sadə bir qaydaya riayət etməlidirlər. Daha yaxşı olardı ki, həmin uşaqlarla xüsusi təlim keçmiş qadınlar ünsiyyət qursunlar. Çünki onlar özlərinə qarşı kişilərdən daha çox inam yaradırlar.
Sputnik Azərbaycan-ın redaksiyası bu məsələyə öz növbəsində polisin də münasibətini öyrənmək üçün Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyevə müraciət edib. O, yetkinlik yaşına çatmayanlarla sorğu-sualların və söhbətlərin necə aparıldığı barədə məlumatları bizimlə bölüşüb.
Hacıyevin sözlərinə görə, daxili işlər orqanlarında kimsəsiz uşaqlarla işləmək və uşaq cinayətkarlığının qarşısını almaq üçün xüsusi xidmət var. Hal-hazırda bütün polis idarələrində, bölmə və şöbələrində yetkinlik yaşına çatmayan uşaqlarla işləyən polis zabitləri fəaliyyət göstərir. İnzibati və cinayət xarakterli hərəkətlər edən yetkinlik yaşına çatmayanlar, habelə şübhəli şəxs qismində olan uşaqlı və hamilə qadınlar xüsusi şəraitdə saxlanılırlar.
"Onların dindirilməsi müvafiq binalarda qanuni nümayəndəsinin və ya qəyyumunun iştirakı ilə aparılır", - deyə polis əməkdaşı bildirib.
Bütün bunlarla yanaşı, uzun illər təcrübəsi olan vəkil Cavanşir Süleymanov hesab edir ki, yetkinlik yaşına çatmayanlarla danışıqlar üçün xüsusi otaqlara ehtiyac yoxdur.
Uşaqlarla vəkil və uşağın qanuni nümayəndələrinin icazə verdiyi yerlərdə əlaqə qurmaq olar. Yetkinlik yaşına çatmayanların dindirilməsi qaydaları var. Hüquq-mühafizə orqanlarının əməkdaşları özləri də bu məsələyə çox həssas yanaşırlar. Söhbətlər nəinki təkcə uşağın nümayəndələri, eləcə də yetkinlik yaşına çatmayanların işi üzrə müfəttişin iştirakı ilə aparılır. Müstəntiq və psixoloqun hər hansı bir səhvi stresə səbəb ola və azyaşlı uşağın həyatı bahasına başa gələ bilər.
Uşaqlarla birbaşa ünsiyyət qurmaq üçün Azərbaycanda "yaşıl otaq"ların açılması təcrübəsinin tətbiqinə gəlincə, vəkil hesab edir ki, bu təcrübə ölkəmiz üçün uyğun deyil. Fakt budur ki, yerli qanunlara görə, adamın razılığı olmadan onun gizli səs və video yazısını hazırlamaq qadağandır. İstintaq tədbirləri çərçivəsində bu yolla səsyazmanın aparılması, xüsusilə də uşağın səsinin yazılması, qanunun tələblərinə tamamilə ziddir.