BAKI, 13 avqust — Sputnik. Hirkan Milli Parkı adı gündəmdə tez-tez hallanan məkanlardandır. Ya kiminsə şikayəti xəbərini alırıq, ya da UNESCO-nun Mədəni İrs Siyahısına düşə bilmək imkanlarını müzakirə edirik.
Sputnik Azərbaycan-ın əməkdaşı Hirkan Milli Parkında olub, parkın direktoru ilə danışıb, cəmiyyətdə narahatlıq doğuran bəzi məsələlərə aydınlıq gətirib.
Hirkan Milli Parkının direktoru Azər Mirzəyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, parkın nəzarət-buraxılış məntəqələri var. Bu məntəqələrin tikilməsində əsas məqsəd gələn turistlərə təlimat vermək, bilet satışını təşkil etmək və eyni zamanda meşələrdən qeyri-qanuni yolla əldə olunan meşə məhsullarının çıxarılmasının qarşısını ala bilməkdir.
Həmçinin, Hirkan Milli Parkının Lənkəran rayonu “Xanbulan” giriş qapısında, Osakücə meşəbəyliyi ərazisində və Astara rayonu üzrə “Alaşa” kəndində yerləşən nəzarət-buraxılış məntəqələri yenidən tam təmir olunub və 24 saatlıq iş fəaliyyəti bərpa edilib: "Hirkan Milli Parkının inzibati ərazisi, məsələn, Lənkəran ərazisindəki yer meşə ilə əhatə olunub və 30 hektardır. Əgər biz bu 30 hektarı ikimərtəbəli çəpərə ala bilsək, burada turistlərə meşənin dərinliyində gəzintilər təşkil etsək, işlərini qurtarandan sonra dincəlmələri üçün kotteclər tikə bilsək, kotteclərin ətrafına marallar və başqa heyvanat növlərini buraxa bilsək, şübhəsiz ki, bu, bizim işimizin gələcəkdə yaxşı mənada irəli getməsinə səbəb olacaq. Bundan əlavə, gördüyünüz kimi, bizim “Sağlam həyat” devizi altında bir marşrutumuz var, o marşrut 1500 km-dir. Həmin bu marşrutun istifadə etdiyi yolu biz tam asfaltlaya bilsək, velosipedlərin sürülməsini, turistlərin faytonla, at arabası ilə gəzintilərini təşkil edə bilsək, bunlar da işimizə daha əhəmiyyətli töhfələr verə bilər. Şübhəsiz ki, görüləcək işlərimiz çoxdur, amma bir sıra işləri də görmüşük”.
A.Mirzəyevin sözlərinə görə, Hirkan Milli Parkının inzibati ərazisi 64 kəndin ərazisində yerləşir. İnsanlarla səmimi münasibət qurmaq üçün onlarla yaxın olmaq, şad və kədərli günlərində yanlarında olmaq lazımdır: Hirkan Milli Parkının rəhbərliyi olaraq mən bunu dəfələrlə müsahibələrimdə demişəm ki, 64 kəndin toylarına gedə bilməsəm də, hüzr mərasimlərinin hamısına getmişəm. Əlbəttə ki, orada Azər Mirzəyev yazılmır hüzr dəftərində, Hirkan Milli Parkının rəhbərliyi yazılır. Yəni bizim işimizin ana xəttini təbliğat təşkil edir. Bu təbliğatımızla, yəni hüzrlərə getməklə Hirkan Milli Parkının nüfuzunu artırmışıq, Hirkan Milli Parkının imicini yüksəltmişik və hər bir ailəyə, ailələrin hər bir üzvünə Hirkan Milli Parkının sevgisini aparmışıq. Şübhəsiz ki, oraya getdikdə kollektivlə gedirəm, Hirkan Milli Parkının rəhbərliyi kimi gedirəm. Bu təbliğatların nəticəsində bu gün Hirkan Milli Parkı, mən deyərdim ki, nəinki Azərbaycanda, bəlkə də Avropada nümunəvi bir parkdır”.
Parkın direktoru bildirib ki, burada çoxlu flora və fauna növləri var. Son iki ildə bəbirlərin sayı ikidən altıya kimi artıb.
“Parkda güclü nizam-intizam və mühafizə rejimi yaradılıb. Ərazidə, demək olar ki, ağackəsmə və brakonyerlik halları baş verməyib. Əvvəllər ərazidə 3 fototələ yerləşdirildiyi halda, hal-hazırda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İDEA və WWF təşkilatlarının dəstəyi ilə Parka 20 ədəd fototələ gətirilib və müvafiq yerlərdə quraşdırılıb. Nizam-intizam və mühafizənin tam gücləndirilməsinin nəticəsi olaraq Parkın fauna aləmində müsbət dəyişikliklər özünü büruzə verib. Nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan bəbirin (balaları ilə birgə) ərazidə yerləşdirdiyimiz fototələlərə düşən görüntüləri gördüyümüz işin və mühafizənin yüksək səviyyədə qurulmasının bariz nümunəsidir. Bu gün Gürcüstanda, İranda, Türkiyədə olan milli parklar 300-400 fototələ ilə öz flora və fauna növünü nümayiş etdirə bilirsə, amma Hirkan Milli Parkında bu gün 20 fototələ ilə biz də onlarla rəqabətə girmişik. Yəni bizim komanda bu gün 20 fototələ ilə bəbirlərin döl artımını göstərə bilir. Məsələn, “Zəngəzur”u misal göstərə bilərəm ki, Naxçıvanda olan Milli Parkımızda, məndə olan məlumata görə, 200-ə yaxın fototələ vardır. Şübhəsiz, gələcəkdə bizdəki fototələlərin sayı artsa, biz qaban növlərini, cüyür növlərini, Suriya marallarının bir çox növlərini göstərə bilərik”.
A.Mirzəyev qeyd edir ki, narahatedici problemlərdən biri də Hirkan Milli Parkının inzibati ərazisində qazlaşdırılmayan kəndlərin olmasıdır. Bu səbəbdən də istər-istəməz bu kəndlərin sakinləri Hirkan Milli Parkının yıxılmış ağaclarından odun kimi istifadə etməlidir. Milli parkların sərt qayda-qanunları olduğu kimi Hirkan Milli Parkının “Giriş qadağandır!”, “Ovlamaq olmaz!”, “Səs-küy salmaq olmaz!”, “Ağac kəsmək olmaz!” kimi və ümumiyyətlə, bir çox qadağaları vardır. Və bu qadağalar vətəndaşlarla konfliktə gətirib çıxarır.
“Amma buna baxmayaraq, biz vətəndaşlar arasında təbliğat aparırıq, həqiqətən də, bu milli parkın onlar və onların gələcək nəsilləri üçün yaradıldığını bildiririk. Və ən əsası da, biz turist gətirəndə onları kəndlərə yönəldirik, gələn avropalı, əcnəbi turistlər kəndlərdən nələrsə - həsirdən, papaqdan, oradakı əl işlərindən və yaxud yığılmış meşə məhsullarından: armud, alma, yeralması və s. alsınlar ki, kəndlərin camaatı Hirkan Milli Parkına aqressiv mövqedə olmasın. Görüləsi işlərimiz də, çətinliklərimiz də çoxdur. Bu gün Xanbulan gölünun ətrafında balıqtutma məntəqəsi yaratsaq və yaxud kanatlarla bağlı layihələr həyata keçirsək, yəni nəzərə alsaq ki, dənizlə meşə arasında 10 km var, şübhəsiz ki, turist sayında rekord göstərici əldə edə bilərik", - deyə Mirzəyev əlavə edib.
Hirkan Milli parkına giriş 2 manatdır. Ancaq turistlərin sayı 3 nəfərdən çox olursa, bu zaman adambaşına 1,5 manat pul alınır.
Uşaqlara, məktəblilərə, imtiyazlı təbəqəyə isə giriş ödənişsizdir. Məqsəd odur ki, turist getsin, turist gətirsin. Yəni bu gün məqsəd Hirkan Milli Parkının büdcəsini çoxaltmaq deyil, parkın təbliğatıdır: “Yerli gənclərimiz, universitet və kolleclərdən gələn tələbələrimiz üçün də parka girişi və xidməti pulsuz həyata keçiririk. Sevindirici haldır ki, Azərbaycan üzrə “Ölkəmizi tanıdaq” layihəsi var, hər il 2000-3000 şagirdimizi Hirkan Milli Parkı haqqında məlumatlandırırıq. Hər bir turistə Hirkan Milli Parkının broşürlarını, bukletlərini veririk, məlumatlar Azərbaycan, rus, ingilis dilində yazılır ki, onlar Hirkan Milli Parkı haqqında doğru-dürüst məlumat alsınlar”.
Parkın digər problemlərindən biri isə bələdçi sayının az olmasıdır. Amma buna baxmayaraq, park rəhbərliyi buna da çarə tapıb. Belə ki, kəndlərdən könüllü bələdçilər yığılıb: “Bizim iki bələdçimiz var, amma çox yaxşı olardı ki, bələdçilərimizin sayı çoxalsın. Kənd ətrafında könüllü bələdçilər yığmışıq. Turistlər gələndə həmin könüllü bələdçilər onlara özəl olaraq xidmət göstərirlər, turistlər də xidmət müqabilində onlara ödəniş edirlər. Özəl işçilərin fəaliyyəti nizamnamə qayda-qanununda qeyd edilib”.
Zaman-zaman KİV-də Hirkan Milli Parkı haqqında müxtəlif xoşagəlməz məlumatlar yayılır. Parkın direktoru deyir ki, bu, Milli Parkın ağrılı tərəfidir.
“Bu gün ağrılı yerlərimizdən biri də odur ki, mətbuat araşdırmadan məlumatlar yayır. Məsələn, bir vətəndaşı biz cərimə edirik, o da məsələn, Xəzər TV-yə zəng vurub deyir ki, meşələr qırılır. Biz həmin vətəndaşı tapdıq, Xəzər televiziyasının da əməkdaşlarını çağırdıq və vətəndaşın qabağa düşüb nəyisə göstərməsini təkidlə tələb etdik ki, bundan sonra yayımlansın. Amma vətəndaş meşənin dərinliyinə 200 metr getdikdən sonra fikrindən qaçdı. Yəni belə hallar çox tez-tez baş verir. Biz vətəndaşları cərimə edirik, onlar da bizim haqqımızda şər və böhtan xarakterli məlumat yayırlar. Bu da Hirkan Milli Parkının iş prinsipinə çox mənfi təsir göstərir. Yersiz yoxlamalara vaxt gedir, işçilərimizin əsəbləri korlanır, görülən işlərə qarşı işçilərimizdə ruh düşkünlüyü yaranır, bu qədər əmək sərf edirik, təbiətə can yandırırıq, hər hansı bir vətəndaşın yalan məlumatı nəticəsində bizi yoxlayırlar, dəfələrlə incidirlər. Hər bir fakt araşdırılmalıdır, sonra sosial şəbəkələrdə yayımlanmalıdır”, - deyə direktor vurğulayıb.
Parkın direktoru həmçinin əlavə edib ki, Hirkan Milli Parkında turizm marşrutlarının tam standarta uyğun fəaliyyət göstərməsi üçün mikroavtobuslara ehtiyac var: “Məsələn, turistlərimiz gələrkən bizim mikroavtobuslarımız olsun ki, onlara xidmət göstərək. İstərdim ki, bu gün Hirkan Milli Parkında görülən işlər sosial şəbəkələrdə, informasiya agentlikləri tərəfindən təbliğ olunsun. Vətən, xalqımız və dövlətimiz qarşısında xidmətlərimiz bizim müqəddəs borcumuzdur. İşlərimizin təbliğ olunmasına bizim daha çox ehtiyacımız var. Bizim yalnız və yalnız haqq və ədalətli araşdırmalara ehtiyacımız var”.
Qeyd edək ki, Hirkan Milli Parkı Azərbaycan Prezidentinin 81 saylı Sərəncamı ilə 2004-cü il fevralın 9-da 21435 ha sahədə, əvvəlki Hirkan dövlət təbiət qoruğuna Astara və Lənkəran meşə təsərrüfatlarının ərazilərinin birləşdirilməsi hesabına yaradılıb. 2008-ci ilin aprelindən başlayaraq Milli Parkın ərazisi Lənkəran Meşə Bərpası İdarəsinin hesabına daha da genişləndirilib. Hazırda ümümi ərazisi 40.358 hektardır.
Hirkan Milli Parkı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan dövlət müəssisəsidir.
Təkcə 7 ay ərzində Parka 3010 nəfər ( 2746 yerli, 264 xarici ) turist gəlib, ekoturizm xidmətindən 2912 manat, ümumilikdə mühafizə nəticəsində Parkın hesabına 10097.40 manat məbləğində vəsait köçürülüb.
Hirkan qoruğu ərazisində üçüncü dövrə xas olan qiymətli ağac və kol cinsləri tədqiqatçılar tərəfindən həmişə öyrənilir və hal-hazırda Milli Parkın ərazisində bu istiqamətdə işlər aparılır. Qeyd edək ki, tədqiq olunmuş 160 növ ağac və kolların 36 növü relikt və endemikdir. Bitkilərdən Lənkəran akasiyası, xəzərlələyi, dəmirağac, şabalıdyarpaq palıd, pirkal, hirkan armudu, hirkan ənciri, hirkan biqəvəri, hirkan şumşadı, budaqlı danaya və s., fauna növlərindən Ön Asiya bəbiri, xallı maral, cüyür, tirəndaz, vaşaq, çöl donuzu və s. göstərmək olar.
Hirkan meşələri endemik və relikt bitki növlərinə, burada məskunlaşan nadir heyvan növlərinə və biomüxtəlifliyin rəngarəngliyinə görə unikal bir ərazidir. Bu unikallığın qorunub-saxlanması, ölkədaxili və xarici turistlərə tanıdılması, turistlərin əraziyə cəlb edilməsi istiqamətində işlər görülüb. Belə ki, 2016-cı ilin II rübündə Milli Parkda ekoturizmin inkişafı məqsədilə mövcud olan ekoturizm marşrutları boyu istiqamətgöstərici löhvələr yerləşdirilib.
”Xanbulan” (I və II), “Moskva” düzən meşə, “Şəlalə”, “İstisu”, “Sım-Şəlalə” və “Siyov-Dilmədi” marşrutlarında yenidən bərpa işləri aparılıb, istiqamətləndirici nişanlar qoyulub, piknik və oturacaq yerləri düzəldilib, rənglənmə və əhənglənmə işləri aparılıb və hazırda davam etdirilir. Hirkan Milli Parkının Lənkəran rayonu Burcəli kəndində yerləşən inzibatı binasının ətrafında “Sağlam həyat tərzi” marşrutu istifadəyə verilib, Lerik rayonu üzrə Zuvand və Rvarud marşrutları üzrə istiqamətverici plakatlar yerləşdirilib.
Bu gün parkda turistlərin istirahəti və ziyarəti üçün tam şərait olmasa da, parka hər gün turist axını var. Və parkın direktoru deyir ki, qurumun problemləri öz həllini taparsa, turist sayı arta bilər.