Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 5 avqust — Sputnik. Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar dənizdən 700-ə yaxın işçi təxliyə edilib.
Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında SOCAR-ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Əhmədov məlumat verib. O bildirib ki, güclü külək səbəbindən dənizdə çalışan neftçilər təxliyə ediliblər. İ. Əhmədov bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən dənizdə küləyin sürətinin saniyədə 30-35 metrədək yüksələcəyi barədə xəbərdarlıq edilib. Bu səbəbdən də dənizdə bütün işlər dayandırılıb. 700-ə yaxın işçi quruya təxliyə olunub.
Amma İ. Əhmədov dənizdə hələ neftçilərin qaldığını söyləyib. O, bildirib ki, bütün neftçiləri təxliyə etmək mümkün deyil. Çünki hər-hansı qəza baş verərsə, bunu aradan qaldırmaq üçün dənizdə mütəxəssis olmalıdır.