Kamal Almuradlı, Sputnik Azərbaycan
BAKI, 27 iyul — Sputnik. Mədəniyyət Nazirliyi tərəfindən respublikamızın ərazisində yeni mədəni marşrutların yaradılması, mövcud olanların inkişafı, Avropa Şurası Mədəni Marşrutlar şəbəkəsinə qoşulması, habelə həmin təşkilatla daha sıx əlaqələrin formalaşdırılması və ölkəmizin layiqincə təmsil olunması ilə bağlı olan işlər davam etdirilir.
Sputnik Azərbaycan xəbər verir ki, 2018-ci ilin 26-28 sentyabr tarixində Almaniya Federativ Respublikasının Görlitz şəhərində keçirilmiş Avropa Şurası Mədəni Marşrutların İllik Məşvərət Forumunda "Zeytun ağacları" beynəlxalq mədəni marşrutunda Azərbaycanın iştirakı, marşrut boyunca ölkəmizin mədəniyyəti və incəsənətinin, o cümlədən mədəni irsinin üzv ölkələrdə tanıdılması, xarici qonaqların cəlb olunması məqsədilə təqdimat, və "Zeytun ağacları" marşrutunun ekspertləri ilə görüş keçirilib. Görüşdə Avropa Şurasının mədəni marşrutunun ekspertlərinin Azərbaycana səfər etməsi qərara alınıb.
Almaniyanın Görlitz şəhərində keçirilmiş görüşdə alınan qərara əsasən, 2019-cu ilin 20-24 may tarixində sözügedən ekspert qrupu Azərbaycanda səfərdə olub. Səfərin əsas məqsədi Azərbaycanın zeytunçuluq sahəsində mövcud təcrübəsinin və "Zeytun ağacları" mədəni marşrutuna qoşulmasının mümkünlüyünün araşdırılması olub. Səfər çərçivəsində ekspertlərin Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayevlə, eyni zamanda zeytunçuluq sahəsində ixtisaslaşmış bir sıra şirkətlərin rəhbərlikləri ilə görüşləri baş tutub, həmçinin həmin şirkətlərin zeytun bağlarına, zeytun emalı zavodlarına baxışı həyata keçirilib.
Ekspert qrupunun səfərindən sonra onlar tərəfindən hazırlanmış hesabat Avropa Şurasına təqdim olunub və Azərbaycanın bu mədəni marşruta qoşulması yekdilliklə qəbul edilib.
Sözügedən marşrutla bağlı ətraflı məlumat almaq üçün Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq. Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin aparıcı məsləhətçisi Eldəniz Ağayev bildirdi ki, Azərbaycanda zeytunçuluqla məşğul olan bir çox şirkətlər var: “Onlar keyfiyyətli zeytun yağı, eyni zamanda zeytun məhsulları istehsal edirlər. Azərbaycan bura qoşulmaqla yeni mədəni marşruta qoşulmuş olacaq. Azərbaycana gələn qonaqların sayında artım olacaq. Gələn turistlərin gedə biləcəyi yeni təyinat nöqtəsi olacaq. Yəni turistlər İçərişəhər, Atəşgah, Qobustanla yanaşı, zeytun bağlarına da baş çəkə biləcəklər. Həmçinin zeytun zavodlarına gedərək oradakı istehsal prosesi ilə yaxından tanış olacaqlar, məhsullardan həm dada, həm də ala biləcəklər”.
“Azərbaycanda zeytunçuluq ənənələri çox qədimə dayanır. Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsi olaraq yeni marşrutların yaradılması, mövcud olanların inkişafı, beynəlxalq təşkilatlarla əlaqələrin daha da sıxlaşdırılması baxımından mühüm amil hesab edərək, bu marşruta qoşulduq. Həmçinin gələcəkdə ölkəmizdə zeytun festivalının da keçirilməsi nəzərdə tutulur” – deyə Eldəniz Ağayev əlavə edib.
Qeyd edək ki, bu marşruta 12 ölkədən 142 şirkət qoşulub. Adıçəkilən mədəni marşruta qoşulmaq üçün aparılan işlərin məntiqi nəticəsi olaraq Azərbaycan cari ilin 12 iyun tarixində Avropa Şurasının "Zeytun ağacları" beynəlxalq mədəni marşrutuna daxil edilib.