03:19 17 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8825
Çıraqqala tarixi və memarlıq qoruğu

Çıraqqala - Sıldırımlar arasında məhv olan tarixdən REPORTAJ

© Sputnik / Irade JELIL
CƏMİYYƏT
Qısa URL
1094 0 0

Qala həqiqətən də əlçatmaz yüksəklikdə yerləşir. Ayağın büdrəsə, müvazinətini saxlaya bilməsən, sağ qalmaq ehtimalın çox azdır

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 18 iyul — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir müddət əvvəl Şabran rayonunun ərazisində yerləşən, V–VI əsrlərə aid Çıraqqala abidəsində möhkəmləndirmə və bərpa-konservasiya işlərinin görülməsi ilə bağlı Sərəncam verib və bərpa işlərinin görülməsi üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 2 milyon manat vəsait ayırıb.

Çıraqqala tarixi və memarlıq qoruğu
© Sputnik / Irade JELIL
Çıraqqala tarixi və memarlıq qoruğu

Tarixi abidələrə xüsusi diqqət yetirən Sputnik Azərbaycan Sərəncamın izi ilə Çıraqqalaya gedib.

Öncə qeyd edək ki, Çıraqqala abidəsi Azərbaycanın Şabran rayonunun 20-25 kilometrliyində, Bakı şəhərindən 150 km aralı Çaraq kəndi ərazisində yerləşən Çaraqqaya adlı sıldırım qayanın zirvəsində, 1232 metr hündürlükdə yerləşir. Qala V-VI əsrlərdə Sasani hökmdarları tərəfindən müdafiə məqsədilə tikilib.

Deyilənə görə, Çaraqqaya qayası çox yüksəkdə olduğu üçün buradan hər yer görünürmüş və təhlükə baş verdiyi zaman qalada tonqal yandırılaraq, xəbərdarlıq edilirmiş.

Çıraqqala adının yaranması ilə bağlı bir neçə versiya var. Şabran sakinlərinin sözlərinə görə, əvvəl burada Çaraq adlı şəhər olduğu üçün qala da Çaraqqala adlandırılıb. Amma nədənsə Abbasqulu Ağa Bakıxanov özünün "Gülüstani İrəm" əsərində buranı Çıraqqala kimi adlandırıb. Elə o vaxtdan bura Çıraqqala kimi qalıb.

Çıraqqala tarixi və memarlıq qoruğu
© Sputnik / Irade JELIL
Çıraqqala tarixi və memarlıq qoruğu

Qala tikildiyi zaman 17 bürcdən ibarət olsa da, zamanla deformasiyaya uğrayıb. Sakinlər deyir ki, qalanın bürclərinin bir hissəsi 1950-ci illərə qədər qalıbmış. Sonradan sanatoriyaların tikilməsi, qalanın mühafizə olunmaması onun dağılmasına səbəb olub.

Şabran sakini Əli Əhmədovun sözlərinə görə, ilk dəfə bu qalaya 21 il öncə çıxıb. Həmin dövrdə qalaya çıxmaq indi ilə müqayisədə o qədər də çətin deyilmiş: "Aşağıda sanatoriya var idi. Biz tələbə yoldaşlarımızla o sanatoriyaya gəlmişdik. Sözü bir yerə qoyduq ki, nə olursa olsun, qalaya çıxacağıq. Sanatoriyadan qalaya 3 saata çıxdıq. Qayaları cırmaqlaya –cırmaqlaya çıxmışdıq".

Biz də Əli Əhmədovun izi ilə qalaya çıxmağa qərar verdik. Qalaya gedən yol meşəliyin içindən keçir. Əvvəlcə geniş olan yol, irəlilədikcə dar cığıra çevrilir. Bələdçilər deyir ki, turistlərin yolu itirməməsi üçün ağaclara işarələr qoyulub. Qalaya çıxmaq üçün haradasa 2 kilometr yol qət etməlisən. İrəlilədikcə yol bitmir. Adama elə gəlir ki, yol heç bitməyəcək.

Çıraqqala tarixi və memarlıq qoruğu
© Sputnik / Irade JELIL
Çıraqqala tarixi və memarlıq qoruğu

Amma yol bitir və daha sonra qayalara çıxırsan. Yuxarıdan baxanda yarğanı və orada bitən ağacları görürsən. Qala həqiqətən də əlçatmaz yüksəklikdə yerləşir. Ayağın büdrəsə, müvazinətini saxlaya bilməsən, sağ qalmaq ehtimalın çox azdır. Sözün əsl mənasında qayalara cırmaqlaya-cırmaqlaya çıxmaq olur. Amma yol nə qədər təhlükəli olsa da, zirvəni fəth etmək qəribə bir duyğu yaradır. Qaladan ətraf ovcunun içindəymiş kimi görünür.

Bələdçimiz hava küləkli olduğu üçün uçuruma yaxın dayanmağın təhlükəli olduğunu bildirir və aşağı düşməyi təklif edir.

Qaladan qayıtmaq o qədər də çətin deyil. Ən azından, dırmaşmaqdan qat-qat asandır. Qala tam bərpa edilsə, həqiqətən bura daha çox turist cəlb etmək olar. Çünki Şabranın təbiəti gözəl, insanları qonaqpərvərdir. Çıraqqala isə nadir tarixi abidədir.

Çıraqqala tarixi və memarlıq qoruğu
© Sputnik / Irade JELIL
Çıraqqala tarixi və memarlıq qoruğu

Xatırladaq ki, 2003-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Sərəncamı ilə "Çıraqqala" tarixi kompleksi tarixi qoruq elan edilib və onun qorunması və bərpası üçün mühüm tapşırıqlar verilmişdi.

Bu gün isə xəbər verildi ki, artıq Çıraqqala abidəsində bərpa işlərinə başlanılıb. Bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov bildirib.

O, qeyd edib ki, ötən müddət ərzində bərpa-konservasiya işlərinin aparılması üçün zəruri tədbirlər həyata keçirilib, layihə-smeta sənədləri hazırlanıb. İyul ayının əvvəlindən isə bərpa işlərinə start verilib.

Çıraqqala tarixi və memarlıq qoruğu
© Sputnik / Irade JELIL
Çıraqqala tarixi və memarlıq qoruğu

Fariz Hüseynov bildirib ki, Çıraqqala mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarət düzbucaqlı formada olub. İndi həmin bürclərin ancaq üçü salamat qalıb. Ümumilikdə isə qalanın izləri məlum olan 8 bürcündə bərpa-konservasiya işləri həyata keçiriləcək. Görüləcək işlər zamanı bürclərarası qala divarları da bərpa-konservasiya olunacaq, ərazidə arxeoloji tədqiqatlar da aparılacaq. Tarixi abidəni ziyarət edənlərin rahatlığını təmin etmək məqsədi ilə ərazidə yerləşən meşənin içindən qalaya qalxacaq piyadalar üçün yol, eləcə də qala divarları boyu yol salınacaq.

Çıraqqalanın bərpası üzrə işlərin bir il ərzində yekunlaşdırılması nəzərdə tutulub. Lakin ərazinin mürəkkəb relyefi və hava şəraiti bu müddətin uzanmasına təsir edə bilər.

Əsas mövzular