23:22 20 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Mirzə Fətəli Axundovun doğulduğu, ilk addımlarını atdığı ev

Mirzə Fətəli Axundovun doğulduğu evə səyahət

© Sputnik / Nigar Maharram.
CƏMİYYƏT
Qısa URL
590 0 0

"Müsəlman Molyeri"nin yaradıcılığı ilə təzad təşkil edən evdən qeydlər

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 12 iyul — Sputnik. Azərbaycanın görkəmli yazıçısı, maarifçisi, şairi, materialist filosofu və ictimai xadimi, Azərbaycan dramaturgiyası və Azərbaycan ədəbiyyatında ədəbi tənqidinin banisi, "müsəlman Molyeri" titulunun sahibi Mirzə Fətəli Axundovun doğulduğu, ilk addımlarını atdığı evi görməyi yəqin ki, onu tanıyanların çoxu görmək istəyir. Biz bu yazı vasitəsilə sizi dahi dramaturqun ev muzeyinə aparmaq istəyirik. Qədim Nuxada (indiki Şəkidə) yerə döşənən çay daşları, yaşayış evlərinin gur olduğu cığır bizi o evə doğru aparır. O qədər də böyük olmayan həyətyanı sahədəki ev sonradan Axundovun xatirəsinin əbədiləşdirilməsi üçün ev muzeyinə çevrilib.

Mirzə Fətəli Axundovun doğulduğu, ilk addımlarını atdığı ev
© Sputnik / Nigar Maharram.
Mirzə Fətəli Axundovun doğulduğu, ilk addımlarını atdığı ev

Mirzə Fətəli Axundov 1812-ci ilin 12 iyulunda Nuxada, elə bizim baş çəkdiyimiz, şərq üslubunda tikilən bu qədim evdə dünyaya göz açıb. 1801-ci ildə tikildiyi deyilən bu ev bizi xəyalən 200 ildən xeyli əvvələ aparır. O, müasir tikililər arasında qədimiliyi ilə seçilir. Alçaq qapılardan içəri keçir, qədim xalçaların üzəri ilə addımlayırıq. Burada sanki həyat dayanıb, əşyalar olduğu kimi qalıb.

Bələdçimiz bu ev, onun tikildiyi dövrün üslubu haqqında məlumat verir: "Otaqda rəfin olması, taxçaların çoxluğu, buxarının yuxarı hissədə yerləşməsi onun şərq üslubunda tikildiyini göstərir. Mücrülərə qızıl əşyalar, sandıqçalara isə paltarlar qoyarmışlar. Qapıların alçaq olmasının isə simvolik mənası olub. Yəni insanlar hər dəfə evə girib-çıxanda uca yaradana, evdəkilərə hörmət əlaməti olaraq baş əyiblər. Qapısı alçaq olan evlər qışda isti, yayda isə sərin olur. Bu ev 1940-cı ildə Nazirlər Kabinetinin qərarına əsasən muzey kimi istifadəyə verilib".

Mirzə Fətəli Axundovun doğulduğu, ilk addımlarını atdığı ev
© Sputnik / Nigar Maharram.
Mirzə Fətəli Axundovun doğulduğu, ilk addımlarını atdığı ev

Bu tikilinin bir fərqliliyi də diqqətimizdən yayınmadı: onun bacası yuxarıda deyil, evin aşağı hissəsindədir. Evin mətbəxi də müasir tikililərdə olduğu kimi deyil. Çox kiçik bir sahədə nə stol, nə stul, nə də ki, digər mebellər var. Mətbəx avadanlıqları isə divarların içindəki taxçalara qoyulub. Burada Axundovlar ailəsinin şəxsi əşyalarını - ütü, yun darağı, cəhrə, manqal, sac, mətbəxdə istifadə edilmiş bəzi məişət alətlərini də görmək mümkündür. Burada istifadə olunmuş kəlbətini, yelpiyi də görmək olar. Bələdçi isə evin dizaynı, əşyaların istifadəsi ilə bağlı danışır: "Qədimdə bu yelpiklər ocağı qalayarkən də istifadə edilib. O zamanlar mətbəx mebelləri olmazdı. O səbəbdən də bütün lazım olan əşyalar, avadanlıqlar oyulmuş divarların içinə qoyularmış. Axundovun evini müasir evlərdən fərqləndirən digər əlamət isə onun damının o qədər də hündür olmaması idi".

Ev ümumi sahəsi o qədər də böyük olmayan kiçik mətbəxlə yanaşı bir otaqdan ibarət idi. Bələdçi deyir ki, bu otağı qonaq otağı adlandırmaq olar.

Mirzə Fətəli Axundovun doğulduğu, ilk addımlarını atdığı ev
© Sputnik / Nigar Maharram.
Mirzə Fətəli Axundovun doğulduğu, ilk addımlarını atdığı ev

Daha sonra isə bələdçi bizi Mirzə Fətəli Axundova aid əşya və sənədlərin, fəaliyyətini əks etdirən müxtəlif məlumatların yer aldığı, ekspozisiya zalı kimi 1977-ci ildə açılan ev muzeyi ilə tanış edir. Burada Azərbaycan publisistikasının dühasının əsərlərinin adının həkk olunduğu daş kitabələr, şəxsiyyətini təsdiq edən sənəd, attestat və bu kimi bir neçə əşya ilə tanış olmaq imkanı əldə edirik.

Bələdçi Axundovun həyatı, fəaliyyəti, onun muzeydə saxlanılan şəxsi əşyaları haqda məlumat verir: "Axundov 1812-ci ildə Nuxa şəhərində anadan olsa da, atası Mirzə Məhəmmədtağı və anası Nanə xanım 1814-cü ildə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçüblər. O, 13 yaşınadək ailəsi ilə birlikdə Cənubi Azərbaycanın müxtəlif bölgələrində yaşayıb. 1825-ci ildə anası ilə birlikdə Nuxaya qayıdıb. Fətəlinin ruhani olmasını istəyən anasının əmisi Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə aparır. Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə dahi Azərbaycan şair və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənir".

Mirzə Fətəli Axundovun doğulduğu, ilk addımlarını atdığı ev
© Sputnik / Nigar Maharram.
Mirzə Fətəli Axundovun doğulduğu, ilk addımlarını atdığı ev

Burada Axundovun kəməri, əl ağacı, qılıncı, medalları da qorunub saxlanılır.

Qəribədir ki, ev-muzeyində olduğumuz yarım saatdan artıq müddətdə bura bir nəfər də olsun yerli, yaxud da əcnəbi ziyarətçinin gəldiyini görmədik. Biz Azərbaycanın ən böyük dühalarından birinin xatirəsini yaşadan bu kiçik məkanı tərk etdik. Evi evlərin arasında unudulsa da, onun millətimiz üçün etdikləri və əsərləri yəqin ki, heç zaman unudulmayacaq...

Əsas mövzular