14:34 20 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Enerji içkiləri

Bəzi içkilərin idxalına icazə verilməyəcək - Rəsmi açıqlama

© Sputnik / Aleksey Malgavko
CƏMİYYƏT
Qısa URL
151 0 0

Satışda olan belə energetik içkilər dövriyyədən çıxarılacaq

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 18 iyun — Sputnik. Energetik içkilərin ziyanı barədə çox danışılsa da, ondan istifadə edənlərin sayı günü-gündən artır. Bu cür içkilərin bir sıra xəstəlikləri olan insanlar, eləcə də yetkinlik yaşına çatmayan uşaqların səhhəti üçün ciddi təhlükə yaratdığı barədə dəfələrlə edilən xəbərdarlıqlar da effekt vermir. Bu səbəbdən Azərbaycan da bir sıra ölkələr kimi energetik içkilərin ölkəyə idxalı ilə bağlı yeni qaydalar müəyyənləşdirib. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən enerji içkilərinin təhlükəsizlik göstəricilərinin tənzimlənməsi və bununla da bu içkilərin insan orqanizminə mümkün mənfi təsirlərinin qarşısının alınması üçün "Enerji içkilərinə dair sanitariya norma və qaydaları" qəbul edilib. Bəs görəsən, yeni qəbul edilən qaydalar ölkəyə idxal olunan energetik içkilərlə bağlı hansı qanunsuzluqları tənzimləyəcək?

Sputnik Azərbaycan-ın AQTA-ya ünvanlandığı sorğuya cavab verən qurumun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva bildirib ki, yeni qaydalarla bir sıra tənzimləmələr həyata keçiriləcək: "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində dövlət nəzarətini həyata keçirir. Enerji içkilərinin istehsalı və idxalı zamanı AQTA tərəfindən təsdiqlənən "Enerji içkilərinə dair sanitariya norma və qaydaları"nın tələblərinə əməl edilməlidir. Qaydalara əsasən, ölkəyə idxal edilən enerji içkiləri gömrük ərazisinə daxil olunduqdan sonra Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında ekspertizadan keçiriləcək".

A. Fərziyeva bildirib ki, ekspertizanın nəticələri uyğun olduqda sahibkarlar məhsulları yerli bazarda sərbəst ticarət dövriyyəsinə daxil edə biləcəklər: "Əgər məhsul sözügedən qaydaların tələblərinə uyğun deyilsə, onun idxalına icazə verilməyəcək. Eləcə də satışda olan belə məhsullar dövriyyədən çıxarılacaq. Eyni zamanda bu qaydalara əməl etməyən istehsalçı və idxalçılara qarşı inzibati qaydada tədbirlər görüləcək ".

Qurumun sözçüsü qeyd edib ki, Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir: "Bununla yanaşı, konkret faktlara əsaslanan müraciətlər daxil olduqda Agentlik tərəfindən plandankənar yoxlamalar aparılır və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur".

Energetik içkilərlə bağlı yeni qaydalar dərc edildikdən 60 gün sonra qüvvəyə minir. Qaydalar təbii çay, qəhvə, habelə təbii çay və qəhvə ekstraktı əsasında hazırlanan alkoqolsuz içkilərə, eləcə də idmançılar üçün nəzərdə tutulan xüsusi içkilərə şamil edilmir.

Xatırladaq ki, "Enerji içkilərinə dair sanitariya norma və qaydaları" bu məhsulların minimum keyfiyyət göstəricilərinə, təhlükəsizliyinə, qablaşdırılmasına, etiketlənməsinə, daşınmasına və saxlanmasına, habelə həmin məhsulların istehsalında istifadə olunan xammal və materiallara dair məcburi tələbləri əks etdirir. Tələblərə əsasən, kofein, taurin, qlükoronolakton, inozitol, amin turşuları, B qrupu vitaminlər, quarana, maça kökü, yerba mate, jenşen, dəniz yosunu, şizandra, eleuterokokk, ginqko biloba kimi bitkilərin ekstraktlarının ən azı ikisi içkinin tərkibində varsa, həmin içki energetik içki hesab olunur. Tərkibində bu komponentlərdən yalnız kofein istifadə edilərsə, onun miqdarı 15 mq/100 ml-dan artıq olduqda həmin içkilər də energetik içki hesab edilir. "Enerji içkilərinə dair sanitariya norma və qaydaları"na əsasən, bu içkilər sanitariya norma və qaydalarına uyğun istehsal olunmalı, onların tərkibindəki toksiki elementlərin, radionuklidlərin, mikotoksinlərin və pestisid qalıqlarının miqdarı ölkədə qüvvədə olan normativ hüquqi aktlar əsasında müəyyən olunmuş həddi keçməməli, bu içkilərin mikrobioloji göstəriciləri ölkədə qüvvədə olan normativ hüquqi aktlar əsasında müəyyənləşən normaya uyğun olmalıdır. Enerji içkilərinin 100 ml-də kofeinin maksimum miqdarı 32 mq, taurinin maksimum miqdarı 200 mq, inozitol 20 mq, qlükoronolakton 200 mq, kreatinin maksimum miqdarı 1 mq müəyyən edilib. Həmçinin enerji içkilərinin 100 ml-də Vitamin B2-nin maksimum miqdarı 0.34 mq, Vitamin B3 1.4 mq, Vitamin B5 1 mq, Vitamin B6 0.04 mq və Vitamin B12-nin maksimum miqdarı 0.0004 mq-dan çox olmamalıdır. "Enerji içkilərinə dair sanitariya norma və qaydaları"nda göstərilir ki, enerji içkilərinin istehsalında alkoqoldan istifadə qadağandır. Enerji içkilərinin etiketlərində mütləq "Enerji içkisi", "Tərkibində GMO yoxdur", "Alkoqol ilə qarışdırılaraq və ya birlikdə istifadə edilməməlidir", "18 yaşdan aşağı şəxslərə, yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara satışı qadağandır", "Gündəlik olaraq 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir" qeyd edilməlidir.

Əlaqədar

Azərbaycanda enerji içkiləri ilə bağlı yeni qaydalar təsdiqləndi
Enerji içkiləri gəncin səhhətində problem yaradıb
İslam Respublikasında spirtli içkidən kütləvi zəhərlənmə
Ərzaq məhsulları, içki və tütün məmulatlarının qiyməti 2 faiz bahalaşıb

Əsas mövzular