CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zəhranın oğurlandığı qəsəbədə həyəcan - REPORTAJ

© Sputnik / Zulfiyya QuluyevaZəhranın yaşadığı məhəllə
Zəhranın yaşadığı məhəllə - Sputnik Azərbaycan
Abunə olmaq
Sabunçu sakini: Zəhra oğurlananda qaraçılar da narahat idi, uşağı axtarırdılar ki, polis onları incitməsin

Sputnik Azərbaycan, Zülfiyyə Quluyeva

BAKI, 7 iyun — Sputnik. Bakının Sabunçu rayonunda itən 4 yaşlı Zəhranın hüquq-mühafizə orqanları tərəfindən tapılması geniş rezonansa səbəb olub. Bu səbəbdən də Sputnik Azərbaycan-ın əməkdaşı Zəhranın yaşadığı evə gedərək ailəsi ilə görüşüb.

Zəhranın adını soraqlaya-soraqlaya Sabunçu qəsəbəsi, Natavan küçəsi 72-dəki mənzilə gedib çıxdıq. Zəhranın valideynləri qızlarının tapılması münasibətilə nəzir vermək üçün ziyarətgaha getməyə hazırlaşasalar da, müsahibə verməkdən imtina etmədilər.

© Sputnik / Zulfiyya QuluyevaZəhranın yaşadığı ev
Zəhranın oğurlandığı qəsəbədə həyəcan - REPORTAJ - Sputnik Azərbaycan
Zəhranın yaşadığı ev

Zəhranın anası Cəmilə Hüseynova söhbətə qızının itməsinə görə onu qınayanlara cavab verməklə başladı: "Heç kəsə zarafat gəlməsin, uşağımın üzünü bir də görməyəcəyimi fikirləşdikcə, az qala dəli olurdum. İndi yazırlar ki, ailəsi məsuliyyətsiz olub, uşaq oğurlanıb. Mən balamı evdə tək qoyub getməmişdim axı, 11 yaşlı qızımla birgə qalımışdı".

Hüseynovanın sözlərinə görə, hadisə iyunun 4-ü saat 14:00 radələrində baş verib: "Mən Keşləyə işə getmişdim Zəhranı isə həmişə olduğu kimi 11 yaşlı qızımın yanında qoymuşdum. Bacısı qonşuya, babasıgilə gedəndə uşaq evdə tək qalıb. Çox güman ki, o, bacısının arxasınca evdən çıxıb. Bacısı Nərmin evə gələndə Zəhranı görməyib və yaxındakı mağazaya qaçıb. Mağazada satıcı deyib ki, Zəhra mağazaya gəlsə də, onu evə göndərib. Bundan sonra evdəkilər əl-ayağa düşüblər. Əvvəlcə qəsəbədə axtarıblar. Tapa bilməyəndə, mənə xəbər verdilər. Başıalovlu evə gəldim. Polisə dərhal məlumat verdik. Polis qızımı "Neftçilər" metrostansiyası tərəfdən tapıb. Onu oğurlayan qadın uşağımın əlindən tutub diləndirirmiş".

© Sputnik / Zulfiyya QuluyevaZəhra anası Cəmilə Hüseynovanın qucağında
Zəhranın oğurlandığı qəsəbədə həyəcan - REPORTAJ - Sputnik Azərbaycan
Zəhra anası Cəmilə Hüseynovanın qucağında

Zəhranın atası Rəsul Bağırov isə bildirir ki, uşağının itməsindən axşam işdən evə gələndə xəbər tutub: "Bir anlıq qızımı bir də görməyəcəyimi düşündüm. Amma sağ olsun polislərimiz ki, bizi tək qoymadılar. Qızımın tapılması üçün tanımadığımız insanlar belə səfərbər oldular. Hər birinə körpə qızımın taleyinə biganə yanaşmadıqlarına görə minnətdaram".

Bağırovla söhbət zamanı öyrənirik ki, Zəhra polislər tərəfindən tapılarkən səhhəti normal olub: "Qızımın səhhətində heç bir dəyişiklik hiss etmədim. Zəhra bunu gəzinti kimi qəbul edib, anlayıb. Bəlkə də, oğurlandığını heç hiss etməyib. Onu oğurlayan qadının bu işi təkbaşına gördüyünə inanmırıq. Çünki, Zəhra deyir onu avtomobilə mindirib aparıblar. Amma avtomobil heç yerdə kameraya düşməyib. Deməli, bu qadını kimsə öyrədib göndərib. Hər halda o tərəflərini polis araşdıracaq. Bizə isə Zəhranı sanki, Allah ikinci dəfə verdi. Qızımı həkimə müayinəyə aparmağı düşünürük. Özünün səhhətindən hələ ki bir şikayəti yoxdur. Qızım xəstələndə, nitq qüsuru olduğundan dərdini anlada bilmir".

Zəhranın atası onları məsuliyyətsizlikdə günahlandıranlara cavab olaraq deyib: "Siz bizim yaşayışımızı, şəraitimizi görürsüz. Bizim hər ikimiz işləməyə məcburuq. Uşağı da evdə tək qoymamışıq. Ortancıl bacısının yanında olub. Hadisə adamın başına qəfil gəlir. Bu da yəqin ki, bizə Allahın bir imtahanı idi. Bundan sonra gözümüzü Zəhranın üstündən çəkmərik".

© Sputnik / Zulfiyya QuluyevaZəhranın valideyinləri Rəsul Bağırov və Cəmilə Hüseynova
Zəhranın oğurlandığı qəsəbədə həyəcan - REPORTAJ - Sputnik Azərbaycan
Zəhranın valideyinləri Rəsul Bağırov və Cəmilə Hüseynova

Zəhranın tapılmasından ən çox sevinən isə onun ortancıl bacısı Nərmindir: "Bacımı evdə görməyəndə əvvəlcə elə zənn etdim ki, həyətdə oynayır. Sonra heç yerdə tapmayanda tez bibimgilə xəbər verdim. Hamı qəsəbədə Zəhranı axtarırdı. Əgər Zəhranı aldadıb aparmasaydılar, o evə geri qayıdacaqdı. Bacım tapılanda sevincimdən ağlayırdım".

Zəhranın itməsi qəsəbə sakinləri arasında da əməlli-başlı təşviş yaradıb. Sakinlər Bakıda qaraçıların məskunlaşdığı ən böyük ərazilərdən birinin də elə bu qəsəbə olduğunu söyləyirlər. Sakin Elnarə Kərimova deyir ki, qəsəbə Sabuncu Dəmiryol Vağzalına yaxın olduğundan, qaraçılar burada əməlli-başlı köç salıb: "Qəsəbə vağzala yaxın olduğundan, qatardan düşən qaraçılar bura üz tutur. Burada ev kirayələyib yaşayırlar. Amma Zəhradan sonra hamımızın canına vəlvələ düşüb. Zəhranı oğurlayanın qaraçı olmadığını desələr də, yenə narahatıq".

Digər qəsəbə sakini Mirvari Orucova isə qaraçıların qəsəbə camaatı ilə işləri olmadığını deyir: "Zəhra oğurlanandan qaraçılar da narahat olub. Onlar da uşağı axtarırdılar ki, tapılsın, polis onları incitməsin. Yoxsa bilirlər ki, günləri qara olacaq. Polis onlara deyib ki, qız tapılmasa, sizin hamınızı buradan köçürdəcəyik. Ona görə də, onlar da uşağın tapılması üçün dua edirdilər".

Həmsöhbətimiz deyir ki, qaraçılar qəsəbədə yaşasalar da, ərazidə yaşayan insanlara ziyanlıq vermirlər: "Darvazamız açıq qalsa da, içəri girmirlər. Baxmayaraq ki, iki addımlığımızda yaşayırlar, sakinlərin onlardan şikayət etməsini istəmirlər".

© Sputnik / Zulfiyya Quluyeva6-cı sinif şagirdi Əhməd
Zəhranın oğurlandığı qəsəbədə həyəcan - REPORTAJ - Sputnik Azərbaycan
6-cı sinif şagirdi Əhməd

Qəsəbənin balaca sakinləri Zəhranın oğurlanması olayından sonra qorxduqlarını deyirlər. 6-cı sinif şagirdi Əhmədin sözlərinə görə, əvvəl məktəbdən evə tək gəlsə də, bu hadisədən sonra sinif yoldaşları, qonşuluqdakı uşaqlardan ayrılmır.

Ərazidə baş verən hadisə qəsəbədə sükutu əməlli-başlı pozub. Post-patrul xidmətinin əməkdaşları da qəsəbədə növbəli şəkildə keşik çəkirlər.

Xəbər lenti
0