11:57 18 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9097
Abşeron çimərliklərindən biri

Bakı sakinləri dənizdən deyil, insanlardan narazıdır

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
1511 0 0

Özəl və təmiz çimərliklər çox bahadır, pulsuz çimərliklər isə çirklidir

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 19 may — Sputnik. Çimərlik mövsümünün başlamasına, demək olar ki, sayılı günlər qalıb. Hətta havanın tam isinməsini gözləməyib, istirahət üçün məhz dənizə üz tutan insanlar da var. Ancaq hələ ki, çimməyə yararlı və ya yararsız olan çimərliklərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) məlumatı açıqlanmayıb.

Maraqlıdır, vətəndaşlarımız dəniz mövsümünü harada açmağı planlaşdırırlar, bu mövsümdə hansı çimərliyi seçəcəklər? Çimərliklərdəki vəziyyət insanları qane edirmi? Ümumiyyətlə, vətəndaşlar ETSN-nin çimərliklərlə bağlı siyahısına önəm verirlərmi?

Sputnik Azərbaycan-ın əməkdaşı bu və mövzu ilə bağlı digər suallara aydınlıq gətirmək məqsədilə sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib. Sorğumuzda iştirak edənlərin cavablarını olduğu kimi təqdim edirik:

Elgün Məsimov: "Mən hər il Novxanı və Pirşağı çimərliklərinə gedirəm. Çimərliklərin nəyindən narazı olacağıq? Daha çox insanlardan narazıyıq. Mədəni səviyyə, etik davranış aşağıdır. Çalışmaq lazımdır ki, bu mənəvi tərəfi sağlamlaşdıraq, ondan sonra çimərliklər də tərtəmiz və səliqəli olar. Bir də çimərliklərə giriş pullu olmamalıdır. Dəniz xalqındırsa, onun sahilindən də xalq pulsuz istifadə etməlidir. Hər hansı bir iaşə obyektinin dəniz sahilinə avtomobillərin girişi üçün pul yığmağa haqqı yoxdur. Amma təəssüf ki, sahibkarların sözü keçir. Hövsan və Şıxov çimərliklərinə getmirəm. Birinci səbəb odur ki, hər il Ekologiya və Təbii Sərvətlər Nazirliyi bəyan edir ki, bu ərazilərdə suyun çirkliliyi normadan dəfələrlə artıqdır. İkinci səbəb isə yaşadığım yerdən uzaq olmasıdır".

Nərgiz Paşayeva: "Buzovnada bağımız olduğu üçün ora gedirik. Amma dəniz çirkli olduğuna görə mən suya girmirəm".

Sənubər Əliyeva: "Xəzər dənizində çimmək olar? Sahilində yosunlar və kiçik qurdlar aydın görünür. Görün, dərinliyinin vəziyyəti nə gündədir. Biz dənizə getmirik".

Vilayət Muxtar: "Çimərlik mövsümünün başlaması yenidən çirkli dəniz məsələsini gündəmə gətirəcək. Bu gün Bakının əksər çimərlikləri çirklidir. Təmiz olanlar isə pullu, özəlləşdirilmiş çimərliklərdir ki, orada da qiymətlər bahadır. "Dəniz xalqındır" deyilsə də, bunu əyani şəkildə görmək mümkün deyil. Təmiz yerlər özəlləşdirilib, xalqa isə çirkli ərazilər qalıb".

Sahib Babayev: "Mən, ümumiyyətlə Bakıda dənizə getmirəm. Ən yaxşısı Türkiyədir".

Arzu Ümid: "Novxanıya gedirəm. Ora bir az normaldır. Sadəcə, millətimiz bir az həssas olsa, təmizliyə diqqət etsə, lap yaxşı olacaq".

Amin Nəzərli: "Çimərliklərimiz bol olsa da, təəssüf ki, çoxu sahibkarlar tərəfindən hasarlanıb və girmək mümkün deyil. Normal xalq çimərlikləri şəhərdən çox kənardadır. Məsələn, Nardaran tərəf əladır. Həm gələn insanlar mədəni olur, həm zibilləri götürürlər, həm də suyu təmizdir".

Şahin Xəlilov: "Şəxsi özəlləşdirilmiş və çərçivəyə alınmış bir neçə çimərlik təmizlik baxımdan pis deyil. Hansı ki, diqqətdən kənar və özəlləşdirilməmiş yerlərdir, oralara getməyə dəyməz. Mütəmadi təmizlənmir deyə, dəniz suyu çirkli olur. Bu da şəxsi maraqdan irəli gəlir. İnanın ki, narazı olanlar da, razı olanlar da havalar isinən kimi dənizə gedir".

Elçin Telmanoğlu: "Bəzi çimərliklər özəlləşdirilib və pullu xidmət göstərilir. Bu çimərliklərdə yerləşən restoranlarda yeməklər və spirtsiz içkilər çox baha qiymətə satılır. Bu halda kasıb ailələr istirahət üçün çimmək qadağan olan ərazilərə üz tuturlar, bu isə insan sağlamlığı üçün təhlükəlidir. Çimərliklərə diqqət və nəzarət artırılsa, çox yaxşı olar".

Əlaqədar

Çimərlikdə siqaret çəkmək qadağan edilir – Bir ilk
Çimərlikdən qadın meyiti tapıldı
Çimərlik güləşçilərimiz Azərbaycanı yeni turnirdə təmsil edəcəklər
Çimərlik güləşi üzrə baş məşqçimiz: "100 qram da böyük rol oynayır"

Əsas mövzular