CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müharibəni ürəyində daşıyan veteran: “Satqını gözümün önündə güllələdilər”

© Sputnik / Taleh Mahmudov Damət Nəbiyev
Damət Nəbiyev - Sputnik Azərbaycan
Abunə olmaq
Uçuş heyəti tərkibində Berlin alınmasında iştirak etmək, müharibənin sonuna qədər zədə ilə vuruşmaq, dəfələrlə təyyarə qəzalarına düşmək... II Dünya Müharibəsi iştirakçısı, uçuş heyətində yer almış hərbi atıcı radist mayor Nəbiyev Damət hələ də müharibənin bütün təfərrüatlarını xatırlayır.

Leyla Orucova, Sputnik Azərbaycan

BAKI, 9 may – Sputnik. Onların sayı hər ötən il daha da azalır... Onların sırası hər ötən il daha da seyrəlir... Ötən il müharibə xatirələrindən danışanların bəziləri bu il artıq həyatda yoxdur. Təəssüf ki, bu il müharibə xatirələrini danışanların bəzilərini də gələn il görməyəcəyik...

Onları itiririk! Bizə qələbə sevincini yaşadan, bizə qələbə bəxş edənləri itiririk. Və nə qədər acınacaqlı olsa da, onların ildə ancaq bir dəfə - 9 May bayramında xatırlayırıq.

Haqqında danışacağımız müharibə veteranı Damət dayı da o illərin xatirəsini ürəyində daşıyanlardan biridir.

Nəbiyev Damət Məcid oğlu 1925-ci ildə Yevlax rayonunun Varvara kəndində doğulub. Müharibədə iştirak etmək üçün ilk dəfə könüllü olaraq hərbi komissarlığa müraciət edəndə hələ 10-cu sinifdə oxuyurmuş. Ancaq 18 yaşı olmadığından, cəbhəyə getmək arzusuna yalnız yarım il sonra çatıb.

Tale elə gətirib ki, onu Gürcüstanın Kaxetiya vilayətindəki Qombori qəsəbəsində yerləşən aviasiya məktəbində oxumağa göndəriblər. Məktəbdə daha çox texniki qrupların olmasına baxmayaraq, Damət Nəbiyev məhz uçuq qrupunda yer alıb və hava atıcı radisti olmağa hazırlaşıb.

© Sputnik / Taleh Mahmudov Damət Nəbiyevin əsgər yoldaşları
Müharibəni ürəyində daşıyan veteran: “Satqını gözümün önündə güllələdilər” - Sputnik Azərbaycan
Damət Nəbiyevin əsgər yoldaşları

İlk günlərin çətinlikləri

Damət dayı etiraf edir ki, aviasiya məktəbinə qəbul olanda ilk dövrlər çətinlik çəkib. Onun boya-başa çatdığı Varvara kəndində yuxarı siniflər olmadığından, təhsilini Yevlaxda rus dilində davam etdirib. Dayısının evində qalıb, qonşuluqda yaşayan rus uşaqlarla ünsiyyət qura-qura yavaş-yavaş rus dilini öyrənib. Amma buna baxmayaraq, onun rus dili bilikləri aviasiya məktəbində oxumaq üçün kifayət etmirmiş. Buna görə də, hərbi hissədə əsgərlərə “otboy” (yatmaq-red.) komandası veriləndə, o, konspektlərini götürüb, oxu zalına gedirmiş və gecənin yarısına qədər işləməyə davam edirmiş. Dərs ilinin sonunda isə çalışqanlığı öz bəhrəsini verib və qiymətləri rusdilli əsgərlərdən belə, yaxşı olub.

Hərbi hazırlığı bitirdikdən sonra Damət Nəbiyevin ilk hərbi uçuşu Birinci Belarus Cəbhəsinin 221-ci aviabombardmançı diviziyasının 8-ci qvardiya bombardmançı polkunun tərkibində Varşava şəhərinə olub. O vaxtlar Polşanın paytaxtı hələ də almanların əlində imiş. Sovet təyyarələrinin Varşava üzərində uçuşunun qarşısını almaq üçün faşistlər şəhəri zenit artilleriyaları və qırıcı təyyarələrlə müdafiə edirmişlər. Amma uzun müddət davam edən döyüşlərdən və iki həftəlik hava hücumlarından sonra nəhayət ki, düşmən ordusu Varşavanı tərk etməyə məcbur olur.

Daha sonra isə Damət Nəbiyev Avropanın digər şəhərlərinin azad edilməsində iştirak edib. Ən son iştirak etdiyi döyüş isə 1945-ci ilin 2 may tarixində Berlin uğrunda gedən döyüş olub.

Zədə ilə döyüşlərə davam

Polşa üzərində uçuşlardan birində Nəbiyevin təyyarəsi vurulub. Amma təyyarə qəza enişi edə bilib. Damət dayı da həmin qəzada çiynindən və başından ağır zədələnib. Amma bütün ağrılarına baxmayaraq, bunu hamıdan gizlədib və uçuşlara davam edib.

“Heç hospitalda da yatmadım. Kim uçuş heyətindən çıxarılırdısa, onu birbaşa piyada qoşunlarının tərkibində cəbhəyə göndərirdilər. Heç kim də piyada qoşunlarına getmək istəmirdi. Mən heç kimə demirdim ki, ağrıyıram. Paraşütü geyəndə də, əsgər yoldaşlarım mənə kömək edirdilər. O vaxt cavan idim, ağrını elə bil hiss etmirdim” – deyə veteran xatırlayır.

Ruhları birləşdirən musiqi

Damət Nəbiyevin eskadrilyasında özündən başqa ikinci azərbaycanlı da xidmət edirmiş. Amma o, uzun müddət bunu bilməyib. Bir dəfə uçuşlardan öncə “Bir nömrəli hazırlıq” zamanı Damət dayı özü üçün Azərbaycan mahnılarını zümzümə edirmiş. Birdən təyyarənin yanında “Eloğlu, haralısan” sualını eşidib. Amma cavab verə bilməyib. Elə həmin dəqiqə mühərrik işə düşüb və az sonra təyyarə yerdən qalxıb. Bombardman bitib yenicə yerə enəndə isə Nəbiyevi qarşılayan ilk sual da “Eloğlu, nətərsən” olub. Bütün hərbi hissədə ikicə azərbaycanlı qulluq edirmiş – Damət Nəbiyev və Ağababa Rzayev. Tanış olduqdan az sonra isə Ağababa Rzayev mayor Nəbiyevə bir kağız parçası uzadıb. Bu kağız parçası anasının yazdığı məktub olub. Rzayev deyirmiş ki, müharibənin od-alovundan onu məhz anasının göndərdiyi o kağız parçası qoruyub.

Damət Nəbiyev danışır ki, müharibə vaxtı çox şeyin şahidi olub – uçduğu təyyarə də vurulub, gözünün önündə 3 ton bomba ilə dolu təyyarə də alışıb-yanıb, əsgər yoldaşlarının da satqınlığını görüb... Bir dəfə operatorlardan biri uçuş heyətini almanların toplaşdığı hədəfə yönləndirib. Amma sonradan məlum olub ki, təyyarə almanları bombardman etmək əvəzinə, sovet qoşunlarını vurub. Düşmənə satılan operator əvvəldən alman tərəfini məlumatlandırıb, faşistlər mövqeni tərk edib, onların yerini isə sovet əsgərləri tutub. Nəticədə təyyarələr öz əsgərlərini bombalayıblar. Veteran danışır ki, həmin operatoru onun gözü önündə güllələyiblər. Damət dayı etiraf edir ki, müharibə zamanı belə şeylər çox olub və kəşfiyyatçılar nə qədər ciddi işləsələr də, bəzən bu cür halların qarşısını ala bilmirlərmiş.

Qələbəni şirin dadı

Damət Nəbiyev qələbə sorağını da Berlində alıb və bu xəbəri əsgər yoldaşları ilə üç gün bayram edib. Müharibədən sonra onun xidmət göstərdiyi hərbi hissə hələ bir il Almaniyanın Falkenberq şəhərində qalıb. 1946-cı ilin payızında Stalinin əmri ilə hərbi hissə Ukraynanın Zaporojye şəhərinə köçürülüb. Üstündən 5 ay keçəndən sonra hərbi hissə ləğv edilib və D. Nəbiyev Leninqrada göndərilib. O, 1949-cu ilə kimi Leninqradda təlim uçuşlarını həyata keçirib. Uçuşlar onu müayinə edən cərrahın zədələrinə görə ona uçmağa qadağan etdiyi günə qədər davam edib. O, sona qədər cərrahı inandırmağa çalışıb ki, əgər müharibəni bu zədələrlə başa çatdıra bilibsə, bundan sonra da bacara biləcək. Amma cərrahın cavabı qəti olub – Nəbiyevə görə öz poqonlarından məhrum olmaq istəmir. Bununla da, D. Nəbiyev aviasiya karyerasına son verməli olub və 1950-ci ildə hərbi nazir marşal Jukovun əmri ilə səhhəti ilə əlaqədar olaraq uçuş tərkibindən çıxarılıb, Bakı hərbi dairəsinə göndərilib.

© Sputnik / Taleh Mahmudov Damət Nəbiyevin medalları
Müharibəni ürəyində daşıyan veteran: “Satqını gözümün önündə güllələdilər” - Sputnik Azərbaycan
Damət Nəbiyevin medalları

Damət dayı daha sonra hərbi qulluğunu Bakıda, Ağdamda və Gəncədə davam etdirib. 1973-cü ildə 30 illik hərbi xidmətdən sonra təqaüdə çıxmaq qərarına gəlib. 2002-ci ilə qədər isə məktəbdə hərbi hazırlıq müəllimi kimi işləyib. Gənclərin hərbi tərbiyəsinə böyük önəm verən mayor, buna görə dəfələrlə təşəkkür məktubu alıb.

Bir dəfə əsgər – sona qədər əsgər

Veteranın oğlu Rəhman Nəbiyev deyir ki, müharibə iştirakçısının, xüsusilə də uçuş hissəsində xidmət etmiş veteranın oğlu olması ilə həmişə fəxr edib. Çünki müharibə vaxtı azərbaycanlıları çox nadir hallarda aviasiya qoşunlarının tərkibinə göndərirlərmiş.

Uşaqlıqdan müharibə xatirələrini eşidə-eşidə böyüyən Rəhman Nəbiyev  deyir ki, 2016-cı ilin aprel döyüşlərində Lələtəpənin alınmasından sonra bir gün evə gələndə atasını evdə tapmayıb. Axşama qədər atasının evə qayıtmadığını görən R. Nəbiyev sonda ona zəng edib və aydın olub ki, Damət Nəbiyev Lələtəpəyə gedərək, orada döyüşən əsgərlərlə birlikdə baraklardadır...

9 may bu günə qədər Nəbiyev ailəsinin ən əziz bayramlarından biridir. Ənənəvi olaraq hər il 9 mayda veteranın bütün ailəsi – uşaqları, nəvələri, nəticələri bir araya gəlir və onu təbrik edirlər. Bəzən isə onlar təbrik üçün babalarını saatlarla gözləməli olurlar. Çünki Damət Nəbiyev 94 yaşı olmasına baxmayaraq bu gün müxtəlif tədbirlərdə iştirak edir.

Damət Nəbiyev “Varşavanın azad olunmasına görə”, “Berlinin alınmasına görə”, “Qələbə” və bir çox digər orden və medallarla təltif olunub. Heç medallarının çoxunu nə zaman və nəyə görə aldığını özü belə, xatırlamır. Stalindən iki dəfə təşəkkür məktubu alıb və həyatının böyük hissəsini gələcək nəslin tərbiyəsinə və təliminə həsr edib.

Biz də ona ürəkdən təşəkkür etmək istədik. Çox sağ olun ki, bizə qələbəni yaşatdınız. Çox sağ olun ki, hər gün həyatınızı təhlükəyə ataraq vətənin keşiyində durdunuz.

SİZİN XATİRƏNİZ ƏBƏDİDİR.

Xəbər lenti
0