CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın 99 yaşlı döyüşçüsü iki prezident tərəfindən mükafatlandırılıb

© Sputnik / Musa MuradliƏsgər Kərimov
Əsgər Kərimov - Sputnik Azərbaycan
Abunə olmaq
Yaddaşı hər nə qədər zəifləsə də, Leninqrad cəbhəsini, Berlinə qədər getdiyi döyüş yolunu unutmur

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 9 may — Sputnik. 1941-1945-ci illərin həmin dəhşətli hadisələrindən bu günə qədər keçən dövr ərzində bir neçə nəsil dəyişib. O illərin iştirakçılarının sıraları da ildən-ilə seyrəlib. Müharibədən qələbəylə vətənə qayıdan minlərlə azərbaycanlı döyüşçüdən indi sağ qalanların sayı azlıq təşkil edir.

Bərdənin ən böyük kəndi, iki min evdən ibarət olan Ləmbəranın da çoxlu sayda sakini dəhşətli müharibənin od-alovundan keçib. Onlardan yeganə sağ qalanı isə Əsgər Kərimovdur. Sputnik Azərbaycan-ın bölgə müxbiri Əsgər Kərimova baş çəkib, səhhəti, sosial vəziyyəti ilə maraqlanıb.

© Sputnik / Musa MuradliƏsgər Kərimov
Azərbaycanın 99 yaşlı döyüşçüsü iki prezident tərəfindən mükafatlandırılıb - Sputnik Azərbaycan
Əsgər Kərimov

Ə.Kərimov 1920-ci ildə anadan olub. Həmin illər çətin və qayğılı olduğundan orta təhsilini başa vura bilməyib. Dediyinə görə, 6-cı sinfə qədər oxuyub. Qocalıq 99 yaşlı Əsgər Kərimovu, tamamilə, yorub, yaddaşı, eşitmə qabiliyyəti zəifləyib. Övladlarının köməyi ilə hərəkət edir.

Yaddaşını nə qədər qurdalasaq da, müharibə haqqında geniş məlumat verə bilmədi. Ancaq iştirak etdiyi Leninqrad cəbhəsinin adını, bir də Berlinə qədər getdiyini xatırlayır. Bir də müharibədə rus komandirləri ilə anlaşılmazlıqlar olmasın deyə, azərbaycanlılardan ibarət diviziya yaradıldığı yadına gəlir.

Ancaq oğlu Qafar Kərimov atasından eşitdiyi müharibə təəssüratını unutmayıb: "Atam amansız, dəhşətli müharibədən həmişə fəxrlə danışıb. Döyüşlərdə azərbaycanlıların qəhrəmanlıq göstərməsini xüsusilə qeyd edirdi. Sovet ordusunda hamının qardaş, dost olduğunu, bir olduğunu deyirdi atam. Deyirdi ki, Stalinin qələbəyə yaratdığı inam müharibəni udmağın başlıca səbəbi olub".

Əsgər baba müharibədən qalib ordunun əsgəri kimi qayıdıb, mülki həyatını doğma Lənbəran kəndində davam etdirib. Ailə həyatı qurandan sonra altı oğlu, dörd qızı dünyaya gəlib. İki oğlu vəfat edib. Övladları da atalarının vətənpərvərliyindən dərs götürüblər. Ə.Kərimovun oğlu Səfər Kərimov həm Əfqanıstan müharibəsində, həm də Qarabağ döyüşlərində iştirak edib.

© Sputnik / Musa MuradliƏsgər Kərimov
Azərbaycanın 99 yaşlı döyüşçüsü iki prezident tərəfindən mükafatlandırılıb - Sputnik Azərbaycan
Əsgər Kərimov

Qocaman döyüşçü bu gün dövlətin qayğısı ilə əhatə olunduğunu deyir. Oğlu Qafar Kərimov Azərbaycan hökumətindən razılıq edir: "Prezidentimiz bizə hərtərəfli qayğı göstərir. Atama maşın hədiyyə ediblər. Hər il may ayında birdəfəlik yardım verirlər. Aldığı təqaüd də atamın dolanışığına bəs edir. Lazım olanda həkim göndərilir, müayinə, müalicə edirlər".

Döyüşçü Prezident İlham Əliyev tərəfindən müharibə iştirakçısı kimi medalla mükafatlandırılıb. Digər bir medal isə Ukrayna Prezidenti tərəfindən verilib.

Əsgər babanın ömür-gün yoldaşı Güllü nənə 20 il əvvəl dünyasını dəyişib. Bu gün isə onun qulluğunda gəlini dayanır. Qocaman döyüşçü bu qayğıya görə gəlininə minnətdardır.

Gəlini isə qayınatasına göstərdiyi qulluğa görə təşəkkür gözləmir. "Bu, sadəcə mənim övladlıq borcumdur" - deyir.

Hazırda Ə.Kərimovun başına övladları, nəvələri ilə yanaşı, qonum-qonşu da yığışır. Hər kəs faşizm üzərində qələbədə azərbaycanlıların da iştirak etməsini fəxrlə qiymətləndirir.

Xəbər lenti
0