07:07 24 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9126
Birinci sinfin rus bölməsinə qəbul olmaq üçün müsahibə

Təhsil sahəsindəki mühüm yenilik necə tətbiq edilir - REPORTAJ

© Sputnik / Tarana Khudabakhshiyeva
CƏMİYYƏT
Qısa URL
3009 0 0

Sputnik Azərbaycan-ın müxbiri birinci sinfə qəbul olmaq istəyən uşaqların müsahibə prosesi ilə canlı tanış olub

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 5 aprel — Sputnik. Təhsil Nazirliyi bu il birinci sinfə başlayacaq şagirdlərin məktəbə qəbulu ilə bağlı yenilik tətbiq edib. Belə ki, aprel ayının 1-dən başlayaraq digər dildə tədris aparılan bölmə üzrə oxumaq istəyən uşaqlar xüsusi komissiya qarşısında müsahibədən keçirilir. Müsahibədən uğurla keçmiş uşaqların rus dili bölməsində oxumasına icazə verilir. Bir neçə gündür ki, rus dili təmayüllü siniflərdə təhsil alacaq uşaqların müsahibəsi başlayıb.

Komissiyanın iş prosesini, müsahibənin gedişatını canlı izləmək məqsədilə 189-190 nömrəli məktəbə yollandım. Məktəbin həyətinə daxil olar-olmaz, öz məktəb illərimə qayıtdım. İlk dərs günüm - 1995-ci ilin 1 sentyabr tarixi gözümün önündə canlandı. O vaxt da qorxmadan, ağlamadan, məktəbli formasını geyinib, bugünkü kimi həvəslə dərsə getmişdim. Doqquz illik fasilədən sonra yenidən məktəb qapısından içəri daxil olanda keçirdiyim hissləri isə sözlə ifadə etmək mümkün deyil.

Birinci sinfin rus bölməsinə qəbul olmaq üçün müsahibə
© Sputnik / Tarana Khudabakhshiyeva
Birinci sinfin rus bölməsinə qəbul olmaq üçün müsahibə

Etiraf edim ki, imtahan prosesi mənim üçün ən böyük problem olub, hər imtahan öncəsi çox həyəcanlı olmuşam. Məktəbin uzun dəhlizində imtahana gəlmiş balacaları və valideynlərini görüncə həmin imtahan həyəcanı məni yenidən bürüdü. Valideynlərin də həyəcanlı olduqları hərəkətlərindən, üz ifadələrindən aydın bəlli olurdu. Bir-birilərindən müsahibə haqqında məlumat öyrənməyə çalışırdılar. Onlarla söhbət əsnasında bəlli oldu ki, əksər valideynlər müsahibə prosesini dəstəkləyirlər: "Ötən illərdə müsahibə olmadığı üçün rus dili bilən də, bilməyən də uşağını rus bölməsinə qoymağa çalışırdı. Bu gün isə müsahibədən qorxan bəzi valideynlər rus dilini zəif bilən uşaqlarını Azərbaycan bölməsinə yazdırırlar".

Valideynlərlə ayaqüstü söhbətdən sonra nəzarətçinin müşayiəti ilə müsahibə aparılan sinfə daxil oldum. Müsahibə 3 komissiya üzvü tərəfindən aparılırdı. Müsahibə prosesini izləmək üçün partalardan birində əyləşmək istədim. Ancaq istəyim ürəyimdə qaldı, vaxtilə lövhəyə çətinliklə boylandığım partalara sığmayacaq qədər böyüdüyümün fərqinə vardım. Beləliklə, komissiya üzvlərinin yaxınlığında əyləşdim və müsahibə başladı.

Birinci sinfin rus bölməsinə qəbul olmaq üçün müsahibə
© Sputnik / Tarana Khudabakhshiyeva
Birinci sinfin rus bölməsinə qəbul olmaq üçün müsahibə

Sinfə ilk olaraq bir balaca qızcığaz anası ilə birlikdə daxil oldu. Uşaq stulda əyləşdi və 3 komissiya üzvünün ayrı-ayrılıqda verdiyi sualları bir-bir cavablandırdı. Lalə adlı utancaq qızcığaz suallara sarı saçlarını sığallaya-sığallaya, düşünərək cavab verirdi. Müəllimlərdən birinin verdiyi, "nənən, yoxsa anan daha dadlı bişirir" sualı eşidəndə isə qızcığaz əvvəlcə arxaya çönüb anasına baxdı, daha sonra isə "nənəm daha dadlı bişirir" deyə cavab verdi. Qızın cəsarətli cavabı həm mənim, həm də komissiya üzvlərinin çöhrəsində təbəssüm yaratdı.

Lalənin "hansı ev heyvanlarını saxlamaq istərdin" sualına cavabı isə "dağ siçanı" oldu. Müəllimə daha sonra sual verdi ki, "tutuquşun olsa, ona nə öyrədərsən?" Balaca qız utana-utana "yemək verərəm"- dedi. Suallara təmkinlə cavab verən balaca Lalə müsahibənin sonunda ayağa qalxdı, müəllimlərlə sağollaşıb otaqdan çıxdı.

Sonra otağa atası ilə Əlixan daxil oldu. Atasının əlindən bərk-bərk yapışan ağbəniz oğlan komissiyanın qarşısında əyləşmək istəmədi. Atası onunla "sən suallara cavab ver, mən sənə dükandan nə istəsən, alacam" şərtini kəsəndən sonra isə Əlixan "maşın alacaqsan" deyərək razılıq verdi. Əlixan dəqiqliyi və hazırcavablığı ilə seçilirdi. Müəllim ondan qəhrəmanın kim olduğunu soruşanda düşünmədən, "Atamdır" dedi. Əlixan cizgi filmlərinə baxmadığını, mahnı dinlədiyini deyərkən isə həm komissiya üzvlərini, həm də məni təəccübləndirdi. Onun "dişlərini necə dəfə yuyursan sualına" cavabı isə hər kəsdə, elə özündə də gülüş doğurdu: "Atam olanda dişlərimi fırçalayıram, anam olanda isə fırçalamıram".

Birinci sinfin rus bölməsinə qəbul olmaq üçün müsahibə
© Sputnik / Tarana Khudabakhshiyeva
Birinci sinfin rus bölməsinə qəbul olmaq üçün müsahibə

Otağa növbəti daxil olan oğlan - Aleksandr isə suallara konkret cavab verərək rusdilli olduğunu sübut etdi və onun müsahibəsi daha qısa oldu.

Müsahibəyə gəlmiş Nərgizin cavblarından isə anlaşılırdı ki, o, rus dilini anlasa da, qrammatik səhvləri çox yol verir. Bu da digər uşaqlardan fərqli olaraq rusdilli ailədən olmadığını açıq-aydın hiss etdirirdi. Komissiya üzvlərinin suallarını cavablandıran uşağın həyəcanı dil bilgisinin çox zəif olmasını daha çox hiss etdirirdi.

Komissiya üzvü olan 3 müəllim uşaqlardan rus dilində öz adlarını, rəngləri, ictimai nəqliyyat növlərini, güllərin adlarını, fəsilləri, böyüyəndə hansı peşəyə sahib olmaq istədiklərini soruşdular. Uşaqların cavablarını eşitdikcə anladım ki, zaman dəyişsə də, uşaqlıq arzuları dəyişmir. Çünki bizim dövrdə olduğu kimi, indi də qızlar müəllim, oğlanlar polis olmaq istəyir.

Birinci sinfin rus bölməsinə qəbul olmaq üçün müsahibə
© Sputnik / Tarana Khudabakhshiyeva
Birinci sinfin rus bölməsinə qəbul olmaq üçün müsahibə

Artıq reportajı bitirmək zamanı idi. Hər kəsə uğurlar arzulayaraq sinfi tərk etdim. Dəhlizdə dayanmış valideynlər müsahibənin keçirilmə prosesindən razılıq etdilər.

Qeyd edim ki, müsahibə komissiyaları paytaxtın 12 inzibati rayonu üzrə 9 mərkəzdə fəaliyyət göstərir. 1 saylı mərkəz 3, 2 saylı mərkəz 12, 3 saylı mərkəz 168, 4 saylı mərkəz 139, 5 saylı mərkəz 72, 6 saylı mərkəz 189-190, 7 saylı mərkəz 95, 8 saylı mərkəz 117, 9 saylı mərkəz 53 nömrəli tam orta məktəblərdə, saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.

Əsas mövzular